Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-113/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1977-ci ildə anadan olmuş və İsmayıllı rayonu Hacıhətəmli kəndində yaşayır. O, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 177 nömrəli əmrilə xx.xx.1995-ci ildən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 119 nömrəli əmrilə xx.xx.1998-ci ildən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilən müayinə zamanı ikinci qrup əlil hesab edilmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh2 onun tələbinə münasibət bildirmədən ərizəsini baxılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə çağırılarkən tərtib olunmuş şəxsi (həkim mütəxəssislərin rəyi və ya əlavə tibbi müayinələr barədə sənədlər) saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir. Bu səbəbdən həqiqi hərbi xidmətə çağırılarkən səhhəti ilə bağlı şikayətinin olub-olmamasına aydınlıq gətirmək imkan xaricindədir. Eyni zamanda, maddi və mənəvi zərərin ödənilməsinə baxılması Xidmətin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı dəymiş maddi və mənəvi zərərin ödənilməsi məsələsi müvafiq sənədlərlə təsdiq edilmədiyi, iddia xarakterli olduğu və bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığı üçün məsələyə məhkəmə qaydasında baxılmalıdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində işə cəlb edilməsini, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılarkən böyrəyindən əziyyət çəksə də, buna əhəmiyyət verən olmamışdır. Hərbi xidmətdən sonra 2015-ci ildə İran İslam Respublikasında müayinədən keçərkən sol böyrəyinin anadangəlmə olmadığı müəyyən edilmişdir. Lakin hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası vəzifələrini layiqincə yerinə yetirməmiş və onun təkböyrək olması nəzərə alınmamışdır. Həm hərbi xidmətdə olarkən, həm də hərbi xidmətdən sonrakı dövrdə heç bir fiziki işdə çalışmamışdır. Hərbi xidmətdən buraxıldığı vaxtdan əlilliyinin müəyyən edildiyi xx.xx.2018-ci ilədək 283 ay səhhəti ilə əlaqədar işləyə bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə (283 ay x 180 manat) cəmi 50940 manat gəlirdən məhrum olmuş, eyni zamanda keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı hərbi xidmətə çağırıldığı zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsinin nəzərdə tutulmadığı qeyd edilmişdir. Bundan əlavə, iddiaçı ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsirinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 177 nömrəli əmrilə xx.xx.1995-ci ildən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 50 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 186 nömrəli əmri ilə xx.xx.1997-ci ildən bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 202 nömrəli əmri ilə xx.xx.1997-ci ildən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli əmrinə əsasən, Silahlı Qüvvələr sıralarından tərxis edildiyi üçün iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 119 nömrəli əmrilə xx.xx.1998-ci ildən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar xx.xx.1998-ci ildən briqada tibb məntəqəsinin ərzaq təminatına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 73 nömrəli əmrilə tibb məntəqəsindən çıxarılaraq 14-cü bölüyün ərzaq təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun 1995-ci ildən fevral 1996-cı ilədək olan əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart 1996-cı ildən iyul 1997-ci ilədək olan əmrlərində iddiaçının müayinə və müalicə olunması barədə məlumat aşkar edilməmişdir. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçı hərbi xidmətə çağırıldığı zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayət olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsinin nəzərdə tutulmadığını edilmişdir. Bundan əlavə, iddiaçı ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsirinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarın 3-cü bəndində deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. İddiaçı öz tələbini belə əsaslandırır ki, o, həqiqi hərbi xədmətə çağırıldığı zaman tibbi müayinədən keçirilərkən yalnız bir ədəd böyrəyinin olması aşkar edilməmişdir. İddiaçının həqiqi hərbi xidmətə çağırıldığı zaman qüvvədə olmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsində deyilir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Həmin maddənin ikinci hissəsində deyilir ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; - hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. Həmin maddənin üçüncü hissəsində deyilir ki, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Müəyyən edildi ki, iddiaçı xx.xx.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu. Məhkəmə tərəfindən "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə sorğu edilərək İddiaçı 1977-ci ildən xx.xx.2018-ci ilədək olan müddətdə hansı tarixlərdə hansı diaqnozla müalicə alması barədə məlumat tələb olundu. "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsindən alınmış xx.xx.2020-ci il tarixli cavab məktubundan məlum oldu ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar xx.xx.1998-ci ildən briqada tibb məntəqəsinin ərzaq təminatına daxil edildiyi və xx.xx.1998-ci il tarixli 73 nömrəli əmrilə tibb məntəqəsindən çıxarıldığı göstərildiyinə görə məhkəmə tərəfindən N nömrəli hərbi hissəyə sorğu edilərək iddiaçının 1998-ci ilin mart ayında tibb məntəqəsində müalicə olunması barədə sənədlərin surətləri tələb edildi. Həmin hərbi hissədən alınmış xx.xx.2020-ci il tarixli 2156 nömrəli cavab məktubunda 1998-ci ilə məxsus tibbi uçot sənədlərinin mərkəzi arxivə təhvil verildiyi bildirilmişdir. Bundan sonra məhkəmə tərəfindən həmin sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edildi, lakin Mərkəzi Arxiv xx.xx.2020-ci il tarixli cavab məktubunda N nömrəli hərbi hissənin 1998-ci il tarixli tibbi uçot sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş, nə də hərbi xidmətə çağırıldığı zaman müayinə olunarkən hər hansı xəstəliyi ilə bağlı şikayəti olmamışdır. Onun öz iddia ərizəsində bildirdiyinə görə, yalnız bir böyrəyinin olmasını hərbi xidmətdən xeyli sonra müayinə olunarkən bilmişdir. O, Silahlı Qüvvələr sıralarından xx.xx.1998-ci ildə tərxis edilsə də, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə müalicə üçün 19 ildən də artıq müddətdən sonra xx.xx.2017-ci ildə müraciət etmişdir. Onun həqiqi hərbi xidmət dövründə hansı xəstəlikdən müalicə alması barədə isə məlumat əldə etmək mümkün olmadı. Beləliklə, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilmədi. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-113/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-113/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver