Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-113/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı ünvan 1 ünvanda istifadəsində və sahibliyində olan 0.40 ha torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ şəhəri, Axundov küçəsi ev 52 ünvanda istifadəsində və sahibliyində olan 0.40 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tərəfindən tikilmiş tikiliyyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qəbələ şəhəri, Axundov küçəsi ev 52 ünvanda istifadəsində və sahibliyində olan 0.40 ha torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - ünvan 2 ünvanında yerləşən 0,40 ha torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsində Qəbələ şəhəri ərazisində fəaliyyət göstərmiş “İ.B.Qutqaşınlı” adına kolxoza aparılan Aqrar islahatları zamanı mərhum atası X2 və başqa əmlak payçılarına düşən mişar sexi və işıq transformatoru yerləşmiş, islahat vaxtı payçılar həmin əmlak aldıqlarından bir müddət sonra mərhum atasına satmışlar. Belə ki, əmlak payçıları mişar sexini həmin dövrdə qüvvədə olan manata uyğun olaraq altı milyon manata Maarif Həşimova satmış və bu barədə xx.xx.2000-ci il tarixdə müvafiq akt tərtib etmişlər. Mişar sexinin elektrik enerjisi ilə təmin olunması üçün nəzərdə tutulmuş tranformator da onun tərəfindən əmlak payçılarından satın alınmışdır. Maarif Həşimov vəfat edənə qədər qeyd olunan bu əmlaklardan istifadə etmişdir. Lakin özəlləşdirilən əmlaka və əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyətə dair sənəd ala bilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia olunan torpaq sahəsi Qəbələ bələdiyyəsinin mülkiyyətinə aiddir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,35 ha torpaq sahəsi Qəbələ şəhərinin inzibati sərədləri daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyası şərti yararsız ərazidir. Torpaq sahəsi iddiaçının istifadəsindədir, digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin üzərində tikililər inşa edilmişdir. Həmin tikililərə cavabdeh orqan tərəfindən texniki sənədlər tərtib edilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, zəbtində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı ünvan 1 ünvanda istifadəsində və sahibliyində olan 0.40 ha torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-113/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-113/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver