Məhkəmə qərarları › İş №2-1(116)-1130/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1130/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1130/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********04 nömrəli imtinasının əsassız sayılması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ailəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,79 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair hüquqmüəyyənedici sənəddə göstərilən “X5”nın “X6” olmasına dair Dövlət Aktında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********04 nömrəli imtinasının əsassız sayılması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ailəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,79 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair hüquqmüəyyənedici sənəddə göstərilən “X5”nın “X6” olmasına dair Dövlət Aktında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuşdur. İddiaçıya əvvəllər verilmiş hüquq müəyyənedici sənədlərdə soyadı Qafarova, adı Elnarə, ata adı isə Yaşar olmuşdur. xx.xx.2004-cü ildə ailə həyatı qurmağı ilə əlaqədar, həyat yoldaşının “Soltanov” soyadını götürmüşdür. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Yasamal RPŞ tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən sənəddə soyadı “Soltanova”, adı “Elnarə”, ata adı “Yaşar” kimi qeyd olunmuşdur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayon Kürdmaşı kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,79 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünə dair hüquqmüəyyənedici sənəddə “X6” adı “X5” kimi səhvən göstərilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********04 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-561/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubuna əlavə olunmuş: İsmayıllı rayon AİK tərəfindən təsdiq olunmuş subyektlər siyahısından görünür ki, siyahıda 663-cü sırada X2, X7, X11, X8 və X3 adları yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında “0,12” qeyd edilmişdir. Torpaq payı almaq hüququ olan vətəndaşların xx.xx.1997-ci il tarixə olan siyahısından görünür ki, siyahıda 538-ci sırada X2, X7, X11, X5 və X3 adları yazılmış, “təsərrüfat kitabına əsasən torpaq sahəsi” qrafasında “0,12”, “faktiki istifadədə olan torpaq sahəsi” qrafasında “0,21” qeyd olunmuşdur. İş materiallarında olan: JN-709 kod 40718018 nömrəli Dövlət Aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 62 nömrəli qərarı ilə 1,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X7, X11, X5 və X9 ayrılmışdır. 385348 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, atası X2, anası X4r. 916001 nömrəli “Ölüm haqqında “şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci ildə vəfat etmişdir. 660878 nömrəli “Ölüm haqqında “şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci ildə vəfat etmişdir. 111419 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Aqil X1 ilə xx.xx.2004-cü ildə nikah bağlamış, Elnarə Qafarova “Soltanova” soyadını qəbul etmişdir. Əsli 2-1(116)-183/2023 nömrəli iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı JN-709 nömrəli Dövlət Aktı əsasında özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ümumilikdə 1,79 ha torpaq sahəsinin döngə nöqtələrini və sərhədlərini tanımadığına görə işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə araşdırmasının predmetini təşkil edən yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən JN-709 kod 40718018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilən zaman nöqsanlara yol verilməmişdir. Belə ki, İsmayıllı rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahılarında iddiaçının dəyişdirilməsini tələb etdiyi ad “X5” və “X8” kimi qeyd edilmiş, Dövlət aktı subyektlər siyahısına uyğun tərtib olunmuşdur. İddiaçının adının Elnarə olaraq yazılmasını tələb etməsinə baxmayaraq məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ilkin subyektlər siyahısına X5 adı daxil edilmiş və ona uyğun olaraq Dövlət aktında müvafiq qeydlər aparılmışdır. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddia təmin edilməməli, JN-709 nömrəli Dövlət aktının tərtibi zamanı DTXK İsmayıllı rayon şöbəsi tərəfindən səhvə yol verilmədiyindən cavabdehin üzərinə hər-hansı öhdəlik qoyulmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********04 nömrəli imtinasının əsassız sayılması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində ailəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,79 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair hüquq müəyyənedici sənəddə göstərilən “X5” adının “X6” olmasına dair Dövlət Aktında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar