Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1131/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11740/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəi üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, işsiz kimi qeydiyyata alınması və COVİD19 pandemiyası ilə əlaqədar 190 manat maddi yardımın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqa, iddiaçının istifadəsində nəqliyyat vasitəsi olduğuna görə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsi ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edildiyindən ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh tərəfindən iddiaçıya göndərilmiş SMS-in mətnindən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, əsas olaraq “istifadəsində nəqliyyat vasitəsinin olması” qeyd edilmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 962 nömrəli məktubunda aşağıdakı məlumatlar qeyd edilmişdir: X9 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Zərdab şəhəri Ç.Qasımov küçəsi ev 11-də qeydiyyatda olan İddiaçı adına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. X1 adında və istifadəsində avtomotonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Bakı şəhəri Xətai rayonu Babək pr. Ev 92 mənzil 107-də qeydiyyatda olan X3 məxsus 10MS590 dövlət qeydiyyat nişanlı, Mercedes Benz 190 markalı minik avtomobilini idarə etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küşəsi ev 33 mənzil 1-də qeydiyyatda olan X2 məxsus 99DM920 dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220 markalı minik avtomobilini idarə etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən 17.07,2028-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Zərdab rayonu Dəliquşçu kəndində qeydiyyatda olan X5 məxsus 99EG830 dövlət qeydiyyat nişanlı, Nissan Sanny markalı minik avtomobilini idarə edir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Cəbrayıl rayonu Xubyarlı kəndində qeydiyyatda olan X4 məxsus 10SM186 dövlət qeydiyyat nişanlı, Nissan Altima markalı minik avtomobilini idarə edir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2028-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi evl5 mənzil 159-da qeydiyyatda olan X6 məxsus 90UX525 dövlət qeydiyyat nişanlı, Mercedes Benz 270 markalı minik avtomobilini idarə edir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Zərdab rayonu Dəliquşçu kəndində qeydiyyatda olan X5 məxsus 99NU420 dövlət qeydiyyat nişanlı, Volkswagen Passat markalı minik avtomobilini idarə edir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) ilə Bakı şəhəri Nərimanov rayonu A.Alı küçəsi ev 5 mənzil 43-də qeydiyyatda olan X7 məxsus 77BL718 dövlət qeydiyyat nişanlı, Toyota Prius (Hibrid) markalı minik avtomobilini idarə edir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara (2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi dövrdə onun istifadəsində nəqliyyat vasitəsi olmuşdur. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin 962 saylı xx.xx.2022-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqanın da birdəfəlik ödəmənin imtinasının əsasını məhz iddiaçının istifadəsində müraciət etdiyi dövrdə nəqliyyat vasitəsinin olması təşkil etmişdir. İstinad olunan Qərarın 23-cü bəndində göstərilən normaların məzmunundan aydın olur ki, sözügedən qərarda özünün və ya arvadının (ərinin) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödəmənin verilməməsi ilə bağlı birbaşa göstəriş vardır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən həmin zaman müvafiq qərara edilmiş dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.12-ci bəndi rəhbər tutularaq iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olması əsas götürülmüşdür. Birdəfəlik ödəmənin verilməsi tələb olunan dövrdə iddiaçının istifadəsində (etibarnamə ilə idarə etdiyi) 10MS590 dövlət qeydiyyat nişanlı, Mersedes Benz 190 markalı, 99DM920 d.,q.,n.-lı Mersedes Benz E220 markalı və 99EG830 d.,q.,n.-lı, Nissan Sunny markalı minik avtomobiləri olduğundan, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia olduğundan həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.