Məhkəmə qərarları › İş №2-1(116)-1131/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1131/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1131/2025 27.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7rşı “xx.xx.2024-cü il tarixindən X2 əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “övladı X2 əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2024-cü il tarixdən X2 əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının övladı X4 Mingəçevir şəhər X9 Dispanseri tərəfindən “uşaq autizmi” diaqnozu qoyulmuşdur. Onun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət müraciət etmişdir. Xəstəliyi təsdiq edən Mingəçevir şəhər X9 Dispanseri tərəfindən verilmiş sənədi təqdim etməsinə baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş hüquqi əsas olmadan qanunsuz inzibati akt qəbul edərək, ərizənin icrasından imtina olunmuşdur. TSEK Respublika Baş Psixiatrının rəyinin olmamasını, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə övladını müalicə etdirdikdən sonra müraciət etməli olduğumu əsas kimi qeyd edərək imtina etmişdir. X2 xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-365/2022 saylı qərarı ilə iddia tələbİ təmin edilirək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə X2 xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-365/2022 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-162/2022 saylı qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2- 1(116)-365/2022 saylı qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (107)-162/2022 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-2135/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(107)-162/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il tarixə təyin olunduğu üçün övladı yenidən aidiyyəti üzrə Mingəçevir şəhər X9 Dispanserində həkim psixiatr komissiyasından keçmiş, ona həkim psixiatr komissiyası tərəfindən psixoloji inkişafın ümumi pozğunluğu, Uşaq autizmi (F-84) və yüngül əqli gerilik (F-70) diaqnozu qoyulmuşdur. Əlillik təyin edilməsi üçün Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş sistemə vurulmuşdur. Bu dəfə də, əsassız olaraq, əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Səbəb kimi qeyd olunmuşdur ki: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi üçün müayinə və müşahidəyə ehtiyac var.” Bu səbəbdən də, iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Çünki, əvvəlki məhkəmə proseslərində də, eynilə heç bir əsas olmadan sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina olunmuş və uzun müddət məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddia ərizəsi ilə bağlı münasibətində bildirmişdir ki, iddiaçının övladı X2 əlillik vəziyyətinə Mingəçevir PND xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Uşaq autizmi, kanner sindromu. İQ 58. Psixoloji inkişafın ümumi pozuntusu.. və Mərkəzə göndərilmənin və İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Göyçay rayon sakini X1 rayon Atatürk küçəsi 104 ünvanında evində müayinə olundu. Müəyyən olundu ki, X2 əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00222333VHF saylı göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində D:Z Uşaq autizmi, kanner sindromu. İQ 68. Psixoloji inkişafın ümumi pozuntusu. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri: Şikayəti yoxdur. - Dəri və görünən selikli qişaları: Bir qədər avazımışdır. - Dərialtı piy qatı: Zəif. - Periferik limfa düyünləri: Böyüməyib. - Sümükəzələ sistemi sistemi: Patologiya yoxdur. - Tənəffüs sistemi: Ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. - Ürək-qan damar sistemi: Ürək tonları aydındır. Ps ritmik, 74/dəq. - Həzm sistemi: Qarnı yumşaq, ağrısızdır. Stul-N. - Sidik- cinsiyyət sistemi: Pasternatski simptomu hər iki tərəfdə mənfidir, diurez sərbəst. - Sinir sistemi (psixi status): Bəbəklər oval formada olub, D=S, işığa reaksiyası saxlanılıb. Burun-dodaq büküşü simmetrikdir. - Status localis (status praesens): Zahirən səliqəlidir. Heç bir suala cavab vermir. Danışmır. Valideynin dediyinə görə yalnız tanıdığı adamlarla ünsiyyətə girir. Xəstə obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında hərəkət məhdudluğundan, keyimədən, ağrıdan şikayətlənmişdir. Hal-hazırda dərmanlarının bitdiyini və heç bir dərman qəbul etmədiyini bildirmişdir. Anamnestik məlumatlarında amnestik hallar yaşadığını bildirsə də, bununla bağlı heç bir instrumental müayinə təqdim edilməmiş, araşdırılmamışdır. Konflikt zamanı emosional-iradi stabilliyini qorumuş, mühakimə və analiz qabiliyyəti tam situasiyaya uyğun, adaptiv izlənilmişdir. İntihar cəhdlərini əsaslandıra bilməmişdir. Ailəli, övladının olmadığını söyləmişdir. Agentliyin həkim-ekspert nevropatoloqun əyani müayinəsi zamanı aşağı ətraflarda reflekslər canlı, hərəkətlər tam həcmdə olmuş, əzələ tonusu və gücü tam saxlanılmış, sağ pəncədə yüngül hipesteziya qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli sərhədyanı tip şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. X2 doğum haqqında şəhadətnaməsinin surəti;

2. X2 şəxsiyyət vəsiqəsinin surəti;

3. TSEK tərəfindən U00212286AGA saylı göndəriş üzrə verilmiş imtina bildirişi;

4. Mingəçevir şəhər X9 Dispanseri tərəfindən verilmiş rəy;

5. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər;

6. 72A94J40006 nömrəli forma 88 göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilməsi barəsində 19 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-9256/2024 nömrəli qərar;

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-2135/2022 saylı qərarı;

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.Müddətin pozulması baş verməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin hallarından müəyyən edilir ki, X2 əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00222333VHF saylı göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir.Bundan sonra iddiaçının müraciəti əsasında övladı X2 əlillik vəziyyətinə Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli göndərişi əsasında yenidən baxılmış və “Uşaq autizmi, kanner sindromu. İQ 58. Psixoloji inkişafın ümumi pozuntusu və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar 3- 17-4/3-3-9256/2024 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçının övladı barəsində cavabdeh tərəfindən sonuncu göndəriş əsasında yenidən qiymətləndirilmə aparılmış,müvafiq qərar qəbul edilmişdir.Məhkəmə əlilliyin təyin edilməsi tarixinə münasibətdə qeyd edir ki,əlilliyin təyin edilməsi tarixi müvafiq göndərişin qiymətləndirilməsi tarixindən,yəni cavabdehin qəbul etdiyi qərardan hesablanmalıdır. X3 təyin edilmiş: “Uşaq autizmi, kanner sindromu. İQ 58. Psixoloji inkişafın ümumi pozuntusu” diaqnoz işin mübahisəsiz halıdır.Eyni diaqnoz əsasında əvvəllər N.Məmmədzadəyə həm cavabdeh inzibati orqanın özü tərəfindən,həm də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası qaydasında əlilik təyin edilmişdir. İşin hallarına,təyin edilmiş diaqnoza qiymət verən məhkəmə hesab edir ki,hazırkı vəziyyətdə ekspertizanın təyin edilməsi zərurəti mövcud olmamışdır.Belə ki,dəfələrlə müəyyən edilmiş diaqnoz hazırda da mövcud olmaqla bərabər onun sağalmasına dəlalət edən əsaslar da aşkar edilməmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.1.1-ci bəndində psixoloji inkişafın ümumi pozuntusu (autizm spektrli pozuntular) F84 əsasında əlilliyin təyin edilməsi müəyyən edilmişdir.Həmin diaqnoza dair qeydə əsasən uşaq autizminin psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi nəticəsində əlilliyin dərəcəsi və müddətini müəyyənləşdirməsi nəzərdə tutulmuşdur. Uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyri-verbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyi, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s.); - mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, оyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s.); - intellektual çatışmazlıq; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi; - psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanları. N.Məmmədzadəyə əliliyin təyin olunmasından imtina edilməsinə dair qiymətləndirmə nəticələrində İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməmişdir. Meyarların 7.1.1.3-cü yarımbəndində “Uşaq autizmi (tipik autizm, Kanner sindromu) – əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyrifunksional davranış, 65-80 faiz dərəcəsi və müddətsiz əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi X2 adına tərtib edilmiş forma88 göndərişinin qiymətləndirilməsində diaqnoz “F84.0 Uşaq autizmi. Kanner sindromu” kimi qeyd edilmişdir ki,həmin diaqnoz da orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz pozulması” kimi qiymətləndirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir : 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-368/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Görünüdüyü kimi iddiaçı barəsində 72A94J40006 nömrəli forma 88 göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş,onun barəsində 19 oktyabr 2024cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə 3-17-4/3-3-9256/2024 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin X2 barəsində xx.xx.2024-cü il tarixli göndəriş əsasında Əlilliyin qiymətləndirməsi barədə gəldiyi nəticə (qərar) əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə X4 xx.xx.2024-cü il tarixli göndəriş əsasında İİ dərəcə əliliyin (orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz pozulmasının müəyyən edilməsi) təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar