Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1132/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki regional ərazi şöbəsinə qarşı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzardə tutulmuş inzibati xətanın törədilməsinə görə 700 (yeddi yüz) manat məbləğdə inzibati cərimə tətbiq edilməsi barədə tərtib edilmiş MN №0462320 saylı inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 192.4-cü maddəsində nəzardə tutulmuş inzibati xətanın törədilməsinə görə 700 (yeddi yüz) manat məbləğdə inzibati cərimə tətbiq edilməsi barədə tərtib edilmiş MN №0462320 saylı inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya 07.07.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, hazırkı işə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati xətalar haqqında iş üzrə qərardan şikayət verilməsi hüququ və qaydası İXM-in 128 və 129-cu maddələri ilə tənzimlənir. Eyni zamanda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətlər üzrə məhkəmə icraatı İXM-də müəyyən edilmiş qaydada həyata keçirilir. İddia ərizəsindən də göründüyü kimi, tələb inzibati hüquqi deyil, inzibati xəta xarakteri daşımaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmərə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən 29.07.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı 30.07.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iş üzrə iddianın geri götürülmüş sayılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı hazırkı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə 02.02.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki regional ərazi şöbəsinə qarşı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzardə tutulmuş inzibati xətanın törədilməsinə görə 700 (yeddi yüz) manat məbləğdə inzibati cərimə tətbiq edilməsi barədə tərtib edilmiş MN №0462320 saylı inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1132/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1132/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver