Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1134/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “qardaşı X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qardaşı X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının qardaşı Nəriman Mehdiyev xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. N.Mehdiyev hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir, bunun üçün isə ondan doğum haqqında şəhadətnamə tələb olunur. N.Mehdiyevdə olan doğum haqqında şəhadətnamə yararsız halda olduğundan, qardaşı İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-401/69 nömrəli imtina məktubunda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsini, “Vətəndaşlıq vəziyyəti aktlarının döviət qeydiyyatı Qaydası" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,10.2003-cü il tarixli, 145 nömrəli qərarının 1.14-cü bəndini əsas gətirərək qeyd etmişdir ki, iddiaçının qardaşının şəxsiyyətini təsdiq edən sənədi, həmçinin notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etmədiyi üçün X3 doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi Şöbənin imkanı xaricindədir. İmtina məktubunda iddiaçıya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-503/13 nömrəli məktubla iddia tələbinə etiraz edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmış və bildirilmişdir ki, iş üzrə dəfələrlə məhkəmə iclası təyin edilərək, ona bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbindən hüquqi marağının qardaşı X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsindən ibarət olduğu aydın olsa da, iddia tələbi düzgün ifadə edilməmişdir. Hüquqi yardım məktubunda iddiaçıya iddia tələbini “X1 adına şəxsiyyət vəsiqəsi olmadan onun doğum haqqında şəhadətnaməsinin mənə təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş edirəm” kimi qeyd etməklə üç gün müddətində dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsi” sənədindən görünür ki, iddiaçı hüquqi yardım məktubunu xx.xx.2022-ci il tarixdə almış, lakin bu günədək məktubda qeyd olunan nöqsan aradan qaldırılmamış, iddia tələbi dəqiqləşdirilərək məhkəməyə təqdim edilməmiş və ümumiyyətlə iddiaçı tərəfindən məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin xx.xx.2022ci il tarixli, 05/Q-503/13 nömrəli məktubuna əsasən iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunmuşdur ki, iddia ərizəsində iddia tələbi düzgün ifadə edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında İddiaçı iştirak etmədiyindən iddia tələbində yol verilmiş nöqsanın aradan qaldırılması mümkün olmamışdır. Belə ki, ***-***-**-** nömrəsinə zəng olunmaqla iddiaçıya məhkəmə iclasında iştirakının zəruriliyi bildirilmiş, iddiaçı iclasın başqa vaxta təxirə salınacağı təqdirdə iştirak edəcəyinə söz versə də, təyin olunmuş heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bundan əlavə iddiaçı iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında da iştirak etməmişdir. Həmçinin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu iddiaçıya ünvanlanaraq iddia tələbində məktubda qeyd olunan formada dəqiqləşdirmə aparılması təklif olunsa da, iddiaçı məktubu almasına baxmayaraq müvafiq düzəlişlər aparmaqla dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslərdə müraciət edə bilərlər. Lakin işin hallarını araşdıran məhkəmə belə qənaətə gəlir ki, X3 şəxsiyyət vəsiqəsi olmadığından iddiaçı onun doğum haqqında şəhadətnaməsinin təkrarən N.Mehdiyevin özünə verilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbində müvafiq dəqiqləşmə aparması təklif olunsa da, iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “qardaşı X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1134/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1134/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver