Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1134/2024 18.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X10, X8 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “üçüncü şəxslər X10, X8 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1134/2024 nömrəli qərardadı ilə X10, X8 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanındakı mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus mənzildən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə münasibətini aşağıdakı kimi əsaslandırmışdır: - o mübahisə obyekti olan mənzilə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzildə mənim payının müəyyən edilməsinə dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona qeyd olunan mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyi bildirilmişdir. O inzibati orqanın imtina cavabından Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə müvafiq məhkəmənin icraatına daxil olmuşdur. Hesab edir ki, verdiyi iddia tələbi üzrə yekun məhkəmə aktı çıxanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X9 tərəfindən əldə edilmişdir və atası dünyasını dəyişərkən vərəsəsi olaraq həmin miras əmlakda onun payı müəyyən edilməmişdir. Bundan başqa, ev anasının (iddiaçının) adına keçərkən, özgəninkiləşdirilərkən onun həmin ünvanda qeydiyyatda olmağına baxmayaraq razılığı alınmamışdır. Göründüyü kimi, onun iddia tələbi əsaslıdır və iddiası təmin olunacağı təqdirdə hazırkı iş üzrə mövqe kökündən dəyişə bilər. Bu isə onun və digərlərinin əmlak və konstitusion hüquqlarının qorunması üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır. Verdiyi iddia tələbi üzrə iddia ərizəsinin surətini və ərizənin məhkəməyə göndərilməsinə dair poçt qəbzinin surətini əlavə edir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi üzrə yekun məhkəmə qərarı çıxanadək 2- 1(116)-1134/2024 saylı iş üzrə məhkəmə icraatını dayandırılması xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. - xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X7 və X3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3543/2023 nömrəli qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Reyestrdə 4Ə-106 nömrə ilə qeydə alınmış, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzili iddiaçıya hədiyyə vermişdir. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, üçüncü şəxs X13 xx.xx.2019-cu ildə anadan olmuşlar. X6 anası X8 hazırkı iş üzrə üçüncü şəxslərdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub göndərərək xx.xx.2023cü il tarixli məhkəmə iclası və sonrakı proseslərin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzillərdə pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində hər hansı bir əmlak hüquqlarının olması və qeydiyyatda olduqları ünvanda yaşamaları müəyyən olunmur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin 41-ci bəndində qeyd edilmişdir ki, X4, X2 və azyaşlı Raulun mübahisəli mənzildə istifadə hüququnun olması öz təsdiqini tapmamışdır. İstinad olunan qətnamənin 48-ci bəndində Arzu Əhmədovanın mənzildə istifadə hüququnun itirilməsi, 56-cı bəndində Günay Əhmədova və azyaşlı oğlu Raulun sözügedən mənzildən istifadə hüququnun yaranmasına dair heç bir mötəbər sübutun təqdim edilməməsi, 49-cu bəndində isə Arzu Əhmədovanın 1988-ci ildə ər evinə köçməsindən sonra, Günay Əhmədovanın isə ümumiyyətlə iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamalarının müəyyən edilmədiyi qeyd edilmişdir. Yəni, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-388/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış sahəsində əmlak hüquqlarının mövcud olmamasına və faktiki yaşamamasına hüquqi qiymət verilmişdir. Üçüncü şəxs Arzu Əhmədova xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı vəsatətində özünün və digər üçüncü şəxsin qeydiyyatda olduğu mübahisəli mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması ilə bağlı Mingəçevir şəhər məhkəməsinə müraciət edildiyini bildirmişdir. Göründüyü kimi faktiki olaraq üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamırlar və hazırda sözügedən mənzil üzərində hər hansı əmlak hüquqları yoxdur. İddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan X6 (xx.xx.2019) hazırda 5 yaşı vardır. Odur ki, Raul Həsənlinin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materialları ilə müəyyən edilir ki, X6 anası Günay Əhmədova hazırkı iş üzrə üçüncü şəxsdir və onun özünün də, mübahisəli mənzildə hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin mənzildə yaşamır. Azyaşlının digər valideyni (atası) – X12 iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından və həmin ünvanda əmlak hüquqları olmadığından Raul Həsənlinin sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə ki, özləri həmin yaşayış sahəsində yaşamayan və əmlak hüquqları olmayan valideynlər övladlarının yaşayış ünvanı həmin mənzil olaraq müəyyən edilməsinə razılıq verə bilməzlər, o cümlədən övladlarının yaşayış yeri də həmin ünvan sayıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Üçüncü şəxs tərəfindən məhkəmə icraatının dayandırılması ilə bağlı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş vəsatətə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olan hər hansı hal müəyyən edilmir və verilmiş vəsatət məhkəmə icraatının əsassız yubandırılmasına yönəlmişdir. Belə ki, üçüncü şəxs, iddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarışı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, sözügedən çıxarışla hüquqların dövlət qeydiyyatının aparılmasına əsas xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. Odur ki, ümumiyyətlə həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasına baxılması mümkün deyildir. Həmçinin mübahisəli mənzilə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı Mingəçevir şəhər məhkəməsinə edilmiş müraciətə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçının evində qeydiyyat üçün zəruri olan şərt daimi və ya daha çox yaşamadır. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, üçüncü şəxslərə izah olunur ki, iddiaçıya məxsus yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı qaldırılmış iddia uğurlu olduğu halda, sözügedən ünvanda faktiki yaşayacaqları halda yenidən həmin mənzilə qeydiyyata düşmələri mümkündür. Hazırkı vəziyyətdə isə üçüncü şəxslər faktiki olaraq yaşamadıqları ünvanda qeydiyyatda qalmaqda təkid edirlər. Bundan başqa nəzərə alınmalıdır ki, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanından üçüncü şəxslər X10, X8 və X6 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1134/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1134/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver