Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1135/2021 10.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, Ərizəçi İddiaçı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının ləğv edilməsi və 40 manat maliyyə sanksiyasının silinməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının ləğv edilməsi və 40 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya 14.07.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq hazırki ərizənin inzibati məhkəmə icraatının mümkünsüzlüyü izah edilmiş, iddia ərizəsinin İPM-nin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilməsi, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının yuxarı vergi orqanında mübahisələndirilməsi ilə bağlı (04.08.2021-ci il tarixədək) məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi, yuxarı vergi orqanına şikayət vermədən hazırki tələblə iddia ərizəsinə baxılmasını arzu etdiyi halda, buraxılmış 30 günlük iddia müddətinin bərpasına dair ərizənin verilməsi və həmin müddətin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutların təqdim edilməsi üçün 7 (yeddi) gün müddət təyin edilmişdir. Ərizəçi İddiaçı məhkəmənin hüquqi yardımla bağlı məktubunu 26.07.2021-ci il tarixdə poçt vasitəsilə qəbul etməsinə baxmayaraq ötən müddət ərzində ərizədə yol verdiyi nöqsanları aradan qaldırmamış, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmiş, həmçinin inzibati aktın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin üzürlü səbəblərdən buraxılmasına dair sübutlar təqdim etməmişdir. Ərizəçi İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - o, 2010 cu ildən fəaliyyətə başlamış və özünə fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı VÖEN almışdır. Vaxtaşırı işləyir və hər rüb ayın 20-si tarixinə kimi gecikdirmədən vergi hesabatlarını ərazi üzrə fəaliyyət göstərən vergi orqanına təqdim edir. 2021-ci ilin 1-ci rübünün də hesabatını da gecikdirmədən 13.04.2021-ci il tarixdə aidiyyəti vergi orqanına təqdim etmişdir. Lakin, vergi orqanı tərəfindən hesabatların gecikdirilməsi əsas gətirilərək ona qarşı 40 manat dəyərində maliyyə sanksiyası tətbiq edilmişdir. Tərəfindən hesabat gecikdirilmədən 13.04.2021-ci il tarixdə təqdim edilmiş, lakin vergi orqanının sisitemində yaranmış nasazlıqla əlaqədar 22.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Tərəfindən dəfələrlə ərazi vergi idarəsinə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq müraciəti nəzərə alınmamış və vergi idarəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Vergi orqanının 26 may 2021 -ci il tarixli **********040500 saylı məktubunda da hesabatın 13.04.2021-ci il tarixdə verildiyi bildirilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdə qərarın əssasız olduğu tam sübut olunur. Qərarın surətini poçtla 04 may 2021 -ci il tarixdə aldığı üçün ondan şikayət vermə müddətini ötürülməyibdir. Vergi məcəlləsinin 62.3-cü maddəsinə əsasən qərar alındıqdan 3 ay sonra yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilə bilər. Hesab edir ki, qərar tamamilə qanunsuz və əsassızdır. Ona görə də, qərar ləğv edilməli və barəsində qəbul edilmiş 40 manat maliyyə saknsıyası silinməlidir. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi X1 29.04.2021-ci il tarixli **********048700 saylı qərarının ləğv edilməsi və barəsində qəbul edilmiş 40 manat maliyyə saknsıyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə hüquqi qiymət verilərkən məhkəmə araşdırmasının predmetini təşkil edən, aşağıda göstərilən sənədlərin məzmununa istinad olunur: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 №-li “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərarı və həmin qərarın 04.05.2021-ci il tarixdə ərizəçiyə təqdim edilməsi barədə poçt zərfinin surəti, - iddiaçının sahibkarlıq uçotu haqqında Şəhadətnaməsinin surəti, - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 26.05.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi : Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının ləğv edilməsi və 40 manat maliyyə sanksiyasının silinməsi barədə” iddia tələbi - bu növ iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə, yəni, iddianın lazımı qaydada və qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbinə cavab vermir. İddiaçı mübahisə predmeti olan qərara qarşı yönəlmiş tələbi qanunverciliklə müəyyən edilmiş qaydada və 30 gün müddətində irəli sürməmişdir. Bu səbəbdən də, iddia mümkün sayıla bilməz. İş materiallarında olan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 №-li “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərarından və həmin qərarın 04.05.2021-ci il tarixdə ərizəçiyə təqdim edilməsi barədə poçt zərfinin surətindən görünür ki, İddiaçı tərəfindən 1-ci rüb 2021-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesbatı) və arayışı, əsas olmadan, müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərardan VM-nin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilə bilməsi qeyd olunmuşdur. Qərarın surəti poçt vasitəsilə 04.05.2021-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur. İş materiallarında olan, ərizəçinin sahibkarlıq uçotu haqqında Şəhadətnaməsinin surətindən görünür ki, ərizəçi ********** qeydiyyat nömrəsi ilə 09.04.2010-cu il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 26.05.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən cavabdehə ünvanlanmış 21.05.2021-ci il tarixli müraciətə cavab olaraq sonuncu tərəfindən araşdırma aparılması və ərizəçinin “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini” 20.04.2021-ci il tarixədək təqdim etməli olduğu halda gecikdirməklə 22.04.2021-ci il tarixdə təqdim etməsi barədə məlumat verilmişdir. İş materialları ilə müəyyən olunur ki, hazırki ərizə ilə müraciət etməkdə ərizəçinin hüquqi marağı – barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın (Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının) ləğv edilməsinə və 40 manat maliyyə sanksiyasının silinməsinə nail olmaqdır. Mübahisələndirilən qərar 04.05.2021-ci il tarixdə poçt vasitəsilə iddiaçıya təqdim edildiyinə görə həmin qərarın ləğvi ilə bağlı iddia ərizəsi 1 ay müddətində - 04.06.2021-ci il tarixədək ərizəçi tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim edilməli idi. Belə ki, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının “qərara alıram” hissəsində həmin qərardan şikayət verilməsi qaydasının izahında göstərilmişdir ki, qərardan 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilə bilər. Yəni, qeyd olunan həmin 3 ay müddət qərardan 3 ay müddətində məhkəməyə şikayət verilməsini nəzərdə tutmur. Mübahisələndirilən qərardan məhkəməyə şikayət verilməsi müddəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 38.1-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, qeyd olunan normaya əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə sübut olunur ki, hazırda mübahisələndirilən 29.04.2021-ci il tarixdə qəbul edilmiş qərar ərizəçiyə poçt vasitəsilə göndərilmiş və tərəfindən 04.05.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı özü də iddia ərizəsində qərarın surətini 04.05.2021-ci il tarixdə aldığını etiraf edir və bu işin mübahisəsiz halıdır. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1.2. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni, hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1909/2019 02.07.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Göründüyü kimi inzibati orqan qəbul etdiyi inzibati aktın maraqlı şəxsə çatdırılması ilə bağlı qanunvericiliklə üzərinə düşən vəzifəsini icra etmişdir. Ərizəçi özü də mübahisələndirdiyi qərarın surətini aldığını etiraf edir. İddia müddətinin ötürürlməməsi ilə bağlı ərizəçinin yeganə dəlili qərardan 3 ay müddətində yuxarı inzibati orqana şikayət verməsini iddia etməsi və sonuncu cavabı aldıqdan sonra məhkəməyə müraciət etməsi ilə bağlıdır. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 26.05.2021-ci il tarixdə ərizəçiyə ünvanladığı “müraciətə baxılması haqqında” məktub yuxarı vergi orqanına şikayət edilməsi və yuxarı vergi orqanının şikayətlə bağlı qəbul etdiyi qərar kimi qəbul edilə bilməz. Belə ki, hər iki sənəd - Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarı və həmin orqanın 26.05.2021-ci il tarixdə iddiaçıya ünvanladığı məktub - 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Cavid Kəngərli tərəfindən imzalanmış və eyni inzibati orqan tərəfindən qəbul edilmişdir. Yəni, faktiki olaraq yuxarı vergi orqanında şikayətə baxılmamış, ərizəçi barəsində ilkin qəbul edilmiş qərar və daha sonra edilən müraciət eyni qurum - 10 saylı Ərazi Vergilər İdarəsi - daxilində araşdırılmışdır. Buna görə də Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə edilən müraciət şikayət instansiyasına (yuxarı vergi orqanına) edilən şikayət olaraq qəbul edilmədiyindən Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarından inzibati qaydada məhkəməyə şikayət verilməsi üçün müddət buraxılmışdır. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 26.05.2021-ci il tarixdə müraciətin cavablandırılması ilə bağlı təqdim etdiyi məktub, iddiaçıya həmin məktubu aldıqdan sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmaq hüququ qazandırmır. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin qəbul etdiyi qərardan şikayət verilərkən yuxarı vergi orqanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hesab olunduğundan, ərizəçi mübahisələndirdiyi qərardan Dövlət Vergi Xidmətinə şikayət verməli idi. Məhkəmə tərəfindən iddiaçıya göndərilən hüquqi yardımla bağlı məktubu iddiaçı 26.07.2021-ci il tarixdə poçt vasitəsilə qəbul etdiyindən, onun Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarını 04.08.2021-ci il tarixədək Dövlət Vergi Xidmətində mübahisələndirmək imkanı olmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinə edilən şikayət yuxarı vergi orqanına şikayət hesab olunduğundan həmin şikayət üzrə qəbul edilmiş qərardan narazı qaldığı halda ərizəçi 30 gün müddətində Şəki İnzibati Məhkəməsində iddia qaldıra bilərdi və bu zaman o, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini buraxmış hesab olunmayacaqdı. Şəki İnzibati Məhkəməsi tərəfindən 14.07.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım edilərək cavabdeh “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddət ötürüldüyündən müddətin bərpasına dair ərizə ilə müraciət edilməsi və müddətin buraxılmasının üzürlü səbəblərinə dair sübutların təqdim edilməsi təklif edilmişdir. Lakin ötən müddət ərzində iddia müddətinin üzürülü səbəblərdən ötürülməsinə dair əsaslandırılmış hallar və sübutlar ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Ərizəçi tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair heç bir sübut təqdim olunmadığından, Məhkəmə İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin ərizəçinin təqsiri üzündən buraxılması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Ərizənin mümkünsüzlüyünün digər əsası isə ərizənin İPM-nin 46-cı maddəsində qeyd olunan tələblərə uyğun olmaması ilə bağlıdır. İPM 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən ərizəçinin hüquqi marağını müəyyən etmək mümkün olsa da, lazımı qaydada qaldırılmayan iddianın inzibati məhkəmə icraatı mümkün olmadığından və verilmiş müddət ərzində yol verilən nöqsanlar ərizəçi tərəfindən aradan qaldırılmadığından hər bir halda hazırki ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçi İddiaçı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının ləğv edilməsi və 40 manat maliyyə sanksiyasının silinməsi barədə” ərizəsi İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmaqla və İPM-nin 46.1-ci maddəsində iddia ərizəsi üçün nəzərdə tutulmuş tələblərin pozulması ilə verildiyindən mümkün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi İddiaçı “Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 29.04.2021-ci il tarixli **********048700 nömrəli qərarının ləğv edilməsi və 40 manat maliyyə sanksiyasının silinməsi barədə” ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1135/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1135/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver