Məhkəmə qərarları › İş №2-1(116)-1135/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1135/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1135/2023 04.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı Kiçik Müəssisəsi MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsi MMC-yə ayrılmış 0.3 ha torpaq sahəsi və və üzərində inşa edilmiş qeyri-yaşayış binaları üzərində “X8” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Röya” Kiçik Müəssisəsi MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsi MMC-yə ayrılmış 0.3 ha torpaq sahəsində tikilmiş və xx.xx.2005-ci il tarixdə istismara qəbul edilən tikililərin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-88/2023 nömrəli qərardadı ilə iddiaçı “X8” MMC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında “X8” MMCyə ayrılmış 0,3 ha torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binaları üzərində “X8” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən "X8” MMC-yə istehsalat obyektinin tikintisi üçün Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında 0,3 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə tikinti işlərinin aparılması göstərilmişdir. Həmin dövrlərdə tikintinin aparılması üçün heç kimə İcra Hakimiyyəti tərəfindən ayrıca sərəncam verilmirdi. Həmin vaxtdan sözügedən torpaq sahəsi müəssisənin istifadəsində olmuş, hissə-hissə tikinti işləri aparılmış və hər il üçün həmin torpaq sahəsinə torpaq vergisi ödənilmişdir. Həmin ərazidə tikinti işləri başa çatdırıldıqdan sonra "İstismara qəbul Aktı" alınması üçün iyun 2005-ci il tarixdə müvafiq sənədlər Şəki Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin dövlət qəbul komissiyası tərəfindən xx.xx.2005-ci il tarixdə tikintisi başa çatmış "X8” MMC-yə məxsus obyektə "İstismara qəbul aktı" tərtib edilmiş, komissiyanın sədri və bütün aidiyyəti orqanların rəhbərləri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2005-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, baş memar tərəfindən sözügedən "İstismara qəbul Aktı" və digər aidiyyəti sənədlər qeydiyyata alınması üçün RDTİ MHQ və SK idarəsinə göndərilmilşdir. Bu məktubdan az müddət sonra həmin idarənin rəhbəri İlham İsmayılovu dəvət edərək, onların idarəsinin ləğv edildiyini bildirmiş, bir müddətdən sonra yeni yaradılacaq quruma müraciət etməyi məsləhət görmüşdür. İddiaçının nümayəndəsi İlham İsmayılov hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh orqan iddia tələbinə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli münasibətlərində qeyd etmişdir ki, X2 Şəhər icra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 nömrəli sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə ayrılmış Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında yerləşən 0,30 ha torpaq sahəsinin və onun üzərində inşa edilən tikililərin qeydiyyata alınması məqsədilə xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı İddiaçı Kiçik Müəssisəsinə 0,30 ha torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, 28 iyul 2005-ci il tarixli istismara qəbul aktı təqdim edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyindən, istismara qəbul qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə cavab vermədiyindən, həmçinin torpaq sahəsi İddiaçı Kiçik Müəssisəsinə ayrılsa da, istismara qəbul aktında daşınmaz əmlakın X4 adına qəbul edilməsi müəyyən olunmuşdur. Həmçinin sahəsi 105,3 kv.m olan mağaza və sahəsi 112,9 kv.m olan talvar icazəsiz tikilmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən əmlak yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarına əsasən Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra - elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >120 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30 Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62 -ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının müraciətinin təmin olunması mümkün olmamışdır. İddiaçı və vəkili (nümayəndəsi), məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 658 №-li sərəncamından görünür ki, müstəqil İddiaçı kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixli məktubuna, Şəki şəhər Dövlət Damazlıq müəssisəsinin razılıq məktubuna əsasən Salman Mümtaz küçəsinin qərb hissəsində 0.3 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 'X8" MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN verilərək vergi uçotuna alınmışdır. - xx.xx.2005-ci il tarixli “istismara qəbul akt”ından görünür ki, S.Mümtaz küçəsinin qərb hissəsində 25 saylı ünvanda yerləşən istehsalat obyekti X4 adına istismara qəbul edilmiş. Dövlət qəbul komissiyasının sədri H.Həsənov tərəfindən imza ilə təsdiq edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçı X4 iddia etdiyi torpaq sahəsi faktiki olaraq 2864 kv.m olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası tikinti tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Dövlət mülkiyyətində olub iddiaçı X6 tərəfindən istifadə olunur. Heç bir başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə predmeti olan torpaq sahəsinin hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının iddiasında qeyd etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xx-xx/7503 nömrəli məktubundan görünür ki, göstərilən torpaq sahəsi 110 kV-luq “İİ Zaqatala və İİİ Şəki” hava xətti ilə 110/6 kV-luq “İpək Kombinatı” yarımstansiyasını qidalandıran 1982-ci ildə istismara verilmiş 2 dövrəli 110 kV-luq “l-ll Kombinat” hava xəttinin (budaqlanmanın) mühafizə zonasında yerləşir. Həmin ərazidə tikinti aparılan zaman Enerjitəchizatı müəssisəsinin rəsmi razılığı alınmamış və tikililərin mühafizə zonasına düşməsi səbəbi ilə dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi qanunamüvafiq hesab edilmir. - “X8” MMC-nin 11 saylı ƏVBİ-də olan reyestr məlumatlarından və 2-ci redaksiyada olan Nizamnaməsindən görünür ki, qurum xx.xx.2004-cü il tarixdə “X8”-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir, təsisçisi X5r. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında ayrılmış 0.3 ha torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binaları üzərində “X8” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır. İddia olunan 0,03 ha torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, Salman Mümtaz küçəsinin qərb hissəsində yerləşən sözügedən torpaq sahəsi Şəki şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 658 №-li sərəncamı ilə müstəqil İddiaçı kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9.2. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, torpaq sahəsi Dövlət mülkiyyətindədir, faktiki sahəsi 2864 kv.m-dir və sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası tikinti tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. İddia olunan torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi də müəyyən edilmir. Həmçinin nəzərə alınmalıdır ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqısatqı obyekti olduğundan və yerli icra hakimiyyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0.3 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən tikililərin 2004-cü ildə tikintisinin başa çatması (istismara qəbul aktına əsasən) işin mübahisəsiz halıdır. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinə dair Balakən rayon İH-nin torpaq sahəsinin ayrılması barədə sərəncamı və istismara qəbul aktı təqdim edilsə də, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və tikilinin inşa edilməsinə icazə barədə qərar mövcud deyil. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamının başlığında “torpaq sahəsinin ayrılması və həmin ərazidə tikinti işlərinin aparılması” məsələsinin öz həllini tapdığını bildirmişdir. Lakin, məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, sözügedən sərəncamın 2-ci bəndində iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılması, digər bəndlərində isə başqa subyektlərə münasibətdə müvafiq tikintilərin inşa edilməsinə icazə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, istinad olunan sərəncam iddia olunan qeyriyaşayış binalarının inşasına icazə verilməsi barədə inzibati akt kimi qəbul edilə bilməz. Məhkəmə xüsusilə qeyd edir ki, iddia olunan qeyri-yaşayış binasının inşa edildiyi vaxtdan indiyədək müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda həmin qeyri-yaşayış binasının inşasına icazə də verilə bilməzdi. Belə ki, iddia olunan torpaq sahəsi iddiaçının istifadəsinə ayrıldıqdan sonra, ayrılmış torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan qeyri-yaşayış binasının layihəsi tərtib edilərək Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalı idi. Məhz həmin layihə əsasında Şəki şəhər İcra Hakimiyyəti sözügedən qeyri-yaşayış binasının inşa edilməsinə razılığın verilib-verilməməsinə hüquqi qiymət verməli idi. Başqa sözlə, layihəsi mövcud olmayan və hansı tikilinin inşa olunacağı bəlli olmayan qeyri-yaşayış binasının inşasına Şəki şəhər İcra Hakimiyyətinin razılıq verməsi mümkün ola bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iş materiallarında mövcud olan İddiaçı Kiçik Müəssisəsinin yerləşdiyi ərazinin sxematik planına istinad edərək həmin sənədin iddia olunan qeyri yaşayış binasının layihəsi olmasını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi sxematik plana münasibətdə qeyd edir ki, sözügedən sənəd iddia olunan tikilinin yerləşmə vəziyyəti və bəzi hissələrinin sahə göstəricilərindən ibarət olmaqla ümumiyyətlə qeyri-yaşayış binasının layihəsi kimi nəzərdən keçirilə bilməz. Belə ki, tikilinin layihəsi şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur ki, layihədən inşa olunması nəzərdə tutulan tikilinin planı, fasadı, ümumi texniki göstəriciləri, baş plan, bir sözlə qeyri-yaşayış sahəsinin eksplikasiyası aydın görünməli və bu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İddia olunan qeyri-yaşayış sahəsinin layihəsinin mövcud olmaması həm də, xx.xx.2005-ci il tarixli “istismara qəbul aktı”nın da mötəbərliyini də şübhə altına salır. Belə ki, tikilinin istismara qəbul edilməsi tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü deməkdir ki, hazırkı iş üzrə tikilinin layihəsinin olmaması onu deməyə əsas verir ki, sözügedən istismara qəbul aktı formal olaraq tərtib edilmiş, layihəsi olmayan tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu ümumiyyətlə yoxlanılmamışdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi və qeyri-yaşayış sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Kiçik Müəssisəsi MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsi MMC-yə ayrılmış 0.3 ha torpaq sahəsi və və üzərində inşa edilmiş qeyri-yaşayış binaları üzərində “X8” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar