Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1139/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı X1, iddiaçının vəkili X7, cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Dövlət Reyestrindən çıxarışın həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0.27 ha torpaq sahəsini təşkil edən hissəsinin ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər DƏDRX-nin 09 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh2 Sedreddinovaya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Dövlət Reyestrindən çıxarışın həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0.27 ha torpaq sahəsini təşkil edən hissəsinin ləğv olunması, özünə məxsus olan 0.27 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Cavabdeh2 Sedreddinovanı üçüncü şəxs qismində qeyd etmiş və tələbini cavabdeh DƏDRX-nin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı yönəltmişdir. Məhkəmə iclasında iddiaçı tələbini yenidən dəqiqləşdirərək ləğv edilməsini tələb etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0.27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1139/2022 nömrəli qərardadı ilə “xx.xx.2019-cu il tarixli Dövlət Reyestrindən çıxarışın həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0.27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Oğuz rayon 28 May X10 istehsalı kooperativindən alacağı əmək haqqının əvəzinə ona 121 ədəd fındıq, qoz və şabalıd ağaclarının yerləşdiyi 0.27 ha torpaq sahəsinin verildiyini və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli çıxarışın tərtib edildiyini bildirərək, həmin çıxarışın ləğv edilməsi və sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını mübahisələndirilən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 27 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Oğuz rayon 28 May X10 istehsalı kooperativində aparılan aqrar islahatla əlaqədar kolxozçuların qazandıqları əmək töhvəsinə görə əmlak paylarının hesablanması 04 cədvəlinə əsasən Oğuz şəhər sakini Əliyeva Aniyətə düşən əmlak paylarının adları və dəyəri aşağıdakı kimi qeyd edilmişdir: əmək töhvəsi – 18, hesablanmış əmlak payı – 3827, əmək haqqı borcu - , cəmi ödənilməlidir – 3827, ödənilib o cümlədən bağların dəyərinə - 600, cəmi ödənilib – 600. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Oğuz rayon 28 May X10 istehsalı kooperativində aparılan aqrar islahatla əlaqədar kolxozçuların qazandıqları əmək töhvəsinə görə əmlak paylarının hesablanması (№04) cədvəlinə əsasən X2 əmlak payı aşağıdakı kimi hesablanmışdır: qazandığı əmək töhvəsi – 3, hesablanmış əmlak payı – 638 min manat, əmlak payına əlavə (sair borc) – 200 min manat, cəmi ödənilməlidir – 838 min manat, bağların dəyəri – 1440 min manat, cəmi ödənilib – 1440 min manat, qalıq borc – 602 min manat. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2-1(84)333/2019 nömrəli qərarından görünür ki, X4 adına verilmiş və xx.xx.2009-cu ildə X17 Kitabında 2277 nömrə ilə uçota alınmış A147608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsündə” göstərilən 5096 kv.m X10 istehsalı təyinatlı torpaq sahəsinə X4, Cavabdeh2 Sədrəddin qızının, X8, X5 və X9 mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçı Cavabdeh2 Sədrəddin qızına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-147608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd X4 adına 5096 kv.m X10 istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X17ı Kitabında xx.xx.2009-cu il tarixdə 2277 nömrə ilə uçota alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Oğuz şəhərində yerləşən 0.5096 ha torpaq sahəsi X6, Cavabdeh2 Sədrəddin qızının, X8, X5 və X9 ümumi birgə mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 1423/2021 nömrəli qərardadının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla bağlı hissəsində qeyd edilmişdir ki, ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin yerləşmə sxemindən görünür ki, Oğuz şəhəri ərazisində yerləşən, iddiaçının ona əmlak payı kimi verildiyini qeyd etdiyi 0.27 ha trpaq sahəsi faktiki olaraq 269 kv.metrdir. Həmin torpaq sahəsinin 2334 kv.metrdən ibarət hissəsi xüsusi mülkiyyət, 356 kv. Metrdən ibarət hissəsi isə bələdiyyə mülkiyyətidir. Oğuz şəhəri ərazisində yerləşən, iddiaçının ona əmlak payı kimi verildiyini qeyd etdiyi ağacların yerləşdiyi 0.27 ha torpaq sahəsi Cavabdeh2 Sedreddinovanın adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda, həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə 2334 kv.metrdə üst-üstə düşür. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “X17ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı hazırlayır. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından görünür ki, iddiaçı, Oğuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli arxiv çıxarışına əsasən Oğuz rayon “28 May” X10 istehsalı kooperativində aparılan aqrar islahatla əlaqədar ona verilmiş 0.27 ha torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını bildirir və çıxarışın həmin hissədə ləğvini cavabdeh orqandan tələb edir. Müvafiq çıxarışın verilməsinə əsas olmuş sənədlər cavabdeh orqandan tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, mübahisələndirilən çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2-1(84)333/2019 nömrəli qərarı və A-147608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında cavabdeh orqan tərəfindən tərtib edilmişdir. İddiaçı, sözügedən çıxarışı 0.27 ha torpaq sahəsinə dair hissədə mübahisələndirsə də, qeyd edilən hissənin ona ayrılmasını təsdiq edən hər hansı sənədi (ayrıc və ya təhkim aktı, sxematik plan, plan-ölçü sənədi və s.) məhkəməyə təqdim etməmişdir. Yəni, iddiaçıya əmlak payı olaraq verilmiş torpaq sahəsinin məhz mübahisələndirilən çıxarışda qeyd edilən torpaq sahəsi olmasını müəyyən etməyə imkan verən, torpaq sahəsinin coğrafi yerləşmə xüsusiyyətlərini özündə əks etdirən hər hansı sənəd mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2-1(84)333/2019 nömrəli qərarı və A-147608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında müvafiq çıxarışın üçüncü şəxslərin adına tərtib edilməsində haqlı olmuşdur və həmin çıxarışın 0.27 ha torpaq sahəsi ilə bağlı hissəsində ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 1.2.bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Dövlət Reyestrindən çıxarışın həmin tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0.27 ha torpaq sahəsini təşkil edən hissəsinin ləğv olunması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.