Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-114/2021 26.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “1995-2003-cü illərdə Ağdaş rayon Barama Toxum zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 01.05.2019-cu il tarixdən pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1995-2003-cü illərdə Ağdaş rayon Barama Toxum zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 01.05.2019-cu il tarixdən pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 01.06.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixində Ağdaş rayonu, Abad kəndində anadan olmuşdur. 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1974-1976-cı illərdə Ağdaş rayonunda X10 stansiyasında, 1995-2003-cü illərdə isə isə Ağdaş rayon Barama Toxum zavodunda işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 13.05.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, təqdim etdiyi əmək kitabçasına əsasən 05.10.1995-ci ildən 14.11.2003-cü il tarixədək Ağdaş rayon Barama Toxum zavodunda işlədiyi dövrün sosial sığorta stajının yoxlanılması mümkün olmadığı üçün həmin dövrün iş stajını sosial sığorta stajına daxil etmək mümkün deyil. Təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. Fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmənin 30.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi 19.03.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçıya Fondun 13 saylı regional ərazi filialı tərəfindən yaşa görə sosial müavinət təyin edilmiş, yaşa görə əmək pensiyasının təyin olunmasından isə işlədiyini iddia etdiyi illərin arxiv arayışı ilə təsdiq olunmadığı üçün imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən, İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf-nm 4.1-ci bəndinə əsasən İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Sadalanan qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, əmək pensiyasının təyin olunması üçün müraciət etmiş şəxsin iş stajı həm əmək kitabçası üzrə, həm də arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri ilə öz təsdiqini tapmalıdır. İddiaçının əmək kitabçasından da göründüyü kimi əmək kitabçasında işə daxilolma və işdən azadolma tarixləri ilə əmrlərin tarixləri arasında uyğunsuzluğun olması, işdən azadolma səbəblərinin mövcud qanunvericiliyə əsasən qeyd olunmaması qeyrimüəyyənliyə səbəb olur. Məhz bu kimi halların mövcudluğu iddiaçının əmək kitabçası üzrə iddia etdiyi iş stajının digər üsullarla təsdiq olunmasını labüd edir. 12 may 2020-ci il tarixli Ağdaş rayon dövlət arxivi tərəfindən təqdim olunan arayışa əsasən “Ağdaş rayon barama toxum zavodu"nun sənəd və materialları arxivə təhvil verilməmişdir. Göründüyü kimi iddiaçının 05.10.1995-ci il tarixdən 14.12.2003-cü il tarixədək həmin müəssisədə işlədiyini müəyyən etmək mümkün olmadığı üçün 8 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçı Ağdaş rayon Barama Toxum zavodunda neçə il işlədiyi, həmçinin iş yoldaşlarının adının yadında olmadığı bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabşasının təsdiq edilmiş surətində qeyd edilir ki, o, 05.10.1995-ci ildən 14.11.2003-cü ilədək Ağdaş rayon Barama Toxum zavodunda fəhlə işləmişdir. İş materiallarında olan DSMF Ağdaş rayon şöbəsinin 25.06.2020-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçının 1995-2003-cü illərdə X9 zavodunda işlədiyi dövrün əməkhaqqı cədvəlləri və əmr kitabları Ağdaş Dövlət arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalara ziddir. İş materiallarında olan DSMF Ağdaş rayon şöbəsinin 25.06.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiya almaq hüququ 01.05.2019-cu ildə yaranıb. Onun mübahisələndirilməyən sosial sığorta stajı 20 il 7 ay və 2019-cu il üçün 14871.91 manat pensiya kapitalı təşkil edir. Mübahisələndirilən sosial sığorta stajı 05.10.1995-ci il tarixdən 14.11.2003-cü ilədək 8 il 1 ay və 5840.39 manat pensiya kapitalı təşkil edir. İddiaçının tələbdə qeyd etdiyi staj 8 il 1 ay təşkil edir. İddiaçının arxiv arayışı yoxdur. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivinin 12.05.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Ağdaş rayon X5 heç bir sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur. İş materiallarında olan 9 saylı Ərazi Vergilər İdarəsinin 07.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, X7 zavodu 10.02.2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin müraciəti əsasında baza məlumatlarında qurumunun hüquqi və faktiki ünvanı Ağdaş şəhəri, M. İsayev küçəsi, ev 5 olmaqla rəhbəri X1 (yaşayış ünvanı ünvan 2 əsasında zavodun əsəs fəaliyyət növü “Barama qurdunun yetişdirilməsi və barama istehsalı” qeyd olunmaqla, fəaliyyəti 29.05.2014-cü il tarixdən 29.05.2019-cu il tarixədək və yenidən rəsmi müraciətinə əsasən 30.05.2019-cu il tarixdən 30.05.2024-cü il tarixədək dayandırılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 26.04.2021-ci il tarixli müraciətə baxılması barədə” məktubundan görünür ki, Ağdaş Rayon Barama Toxum zavodu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivinin 22.04.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Arxivdə saxlanılan Barama Damazlıq zavodunun 1961-1967-ci illəri əhatə edən 1 ədəd əmr kitabı 90 nömrəli fondda saxlanılır. Digər illərin sənədləri olmadığı üçün iddiaçının Barama Damazlıq zavodunda işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçının tələbində qeyd etdiyi əmək fəaliyyəti müddəti mübahisələndirilir ki, bu da cəmi 8 il 1 ay 9 gün təşkil edir və bu müddət ərzində iddiaçının pensiya kapitalı 5840.39 manat olmuşdur. Məhkəmə araşdırması ilə əldə edilən və iş materiallarına əlavə olunan Ağdaş rayon Dövlət Arxivinin 12.05.2020-ci tarixli 19 nömrəli məktubundan müəyyən edilmişdir ki, iddiaçının tələbində qeyd etdiyi müəssisənin sənədləri arxiv idarəsinə təhvil verilməmiş, bu səbəblə də iddiaçının iş stajı barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən 10.07.1977-ci il tarixdə doldurulan əmək kitabçasının təsdiq edilmiş surətində iddia tələbində qeyd olunan əmək fəaliyyəti dövrü göstərilməsinə baxmayaraq həmin fəaliyyətin arxiv arayışına əsasən təsdiq edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında onun tələbdə qeyd edilən müəssisədə əmək fəaliyyətinə qəbul edilməsi və işdən azad edilməsinə dair əmrlərin nömrəsi və tarixləri qeyd edilsə də, həmin qeydləri təsdiq edən möhür əksində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi İpəkçilik İdarəsi X9 Zavodu” yazılmışdır. Halbuki Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.05.1993-cü il tarixli 611 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yaradılmışdır. 1995-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi mövcud olmamışdır. Hətta hesab olunsa ki, 2 il ərzində müvafiq möhür və ştamplarda qeyd olunan fərmandan sonra dəyişikliklər aparılmamış və iddiaçının işə daxil olma qeydi də köhnə möhürlə təsdiqlənmişdir, bu zaman da məhkəmə qeyd edir ki, 2003-cü ilin qeydinin mövcud olmayan nazirliyin idarəsinin möhürü ilə təsdiqlənməsi mümkün deyil. Qeyd olunan hal əmək kitabçasının sonradan heç bir ilkin sənədlərə uyğun olmadan tərtib olunduğuna və mötəbər olmadığına dəlalət edir. Məhkəmə tərəfindən iddiaçıdan əmək kitabçasının əslinin məhkəməyə təqdim olunması tələb edilsə də, iddiaçı kitabçanın əsli təqdim etməmiş, məhkəmə iclasında kitabçanın Ağdaş rayon şöbəsində olduğunu bildirmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı 8 il işlədiyini iddia etdiyi zavoda iş yoldaşlarından heç kimin adını çəkə bilməmiş, yadında qalmadığını bildirmişdir ki, bu halın özü də iddiaçının həmin zavodda işləməsini istina edən dəlil kimi qəbul olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1995-2003-cü illərdə Ağdaş rayon Barama Toxum zavodunda işlədiyi müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “1995-2003-cü illərdə Ağdaş rayon Barama Toxum zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 01.05.2019-cu il tarixdən pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-114/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-114/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver