Məhkəmə qərarları › İş №2-1(116)-1140/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1140/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1140/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı (yerləşdiyi yer – Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (yerləşdiyi yer – Yevlax şəhəri, Bakı prospekti 4) qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi» iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı MMC hüquqi şəxs kimi 8 yanvar 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 21 fevral 2006-cı il tarixdə isə o, ********** VÖEN-lə vergi orqanında uçota alınmışdır. Qurumun fəaliyyət növlərinə “yeməkxanaların fəaliyyəti”, “milli və yerli yeməklərin istehsalı” və s. daxildir. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Şəki Dastan” Restoranı adlı təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 2 may 2024-cü il tarixli qərarı ilə 3 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinə məxsus təsərrüfat subyektində 21 may 2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının aşkar olunması ilə bağlı 001228 nömrəli, eləcə də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı 031584 nömrəli aktlar tərtib edilmişdir. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vergi ödəyicisi İddiaçı MMC-yə 27 iyun 2024-cü il tarixdə 031584 nömrəli akt əsasında 1.000 manat maliyyə sanksiyasının tətbiqi barədə **********0519 nömrəli, 5 iyul 2024-cü il tarixdə isə 10.000 manat maliyyə sanksiyasının tətbiqi barədə **********2685 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı MMC 13 sentyabr 2024-cü il tarixdə vergi orqanının 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlarının ləğv olunması və ona tətbiq edilmiş 10.000 manat maliyyə sanksiyasının götürülməsi tələbi ilə Şəki İnzibati Məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı MMC məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş 11.000 manat maliyyə sanksiyalarının silinməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, iddiaçıya məxsus “Şəki Dastan” Restoranı təsərrüfat subyekti 20 may 2024-cü il tarixdə fəaliyyətə başlamışdır və quruma işə qəbulla bağlı ərizələr təqdim edilmişdir. Əmək müqavilələri kağız formasında bağlanmışdır. Lakin bəzi işçilərin əmək fəaliyyətinə başlaması yubanır, çünki, tələblərə görə işçilərin müvafiq arayış olmadan işləməsi mümkün deyil. Həmin işçilərə fikirlərini dəqiqləşdirmək məqsədilə bir neçə gün vaxt verilmişdir. 21 may 2024-cü il tarixdə fəaliyyətə hazırlıq aparılırdı və işçilərin bir qismi tibbi müayinəyə getmişlər. Həmin gün səhər çağlarında texniki səbəblərdən müvafiq portala giriş mümkün olmamışdır. Eyni vaxtda X2 əməkdaşları da yoxlama keçirmək məqsədilə gəlmişlər. Vergi orqanı əməkdaşları işçilərin izahatlarını almışlar. Müəssisənin rəhbəri verdiyi izahatında qısa müddətdə işçilərin rəsmiləşdirilməsinin başa çatdırılacağını bildirmişdir. Sonradan MMC-nin rəsmiləri vergi orqanının rəhbərinin qəbulunda əlavə izahat da vermişlər. Hesab olunur ki, izahatlara diqqət yetirilməli idi və yazılmış cərimələr (sanksiyalar) qanunsuzdur. MMC gələcək əməkdaşlarının mənafeyi naminə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya etiraz edir və hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı MMC-nin “Şəki Dastan” Restoranı təsərrüfat subyektində İdarənin 2 may 2024-cü il tarixli qərarı ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə 3 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinin rəhbəri həmin qərarla tanış olmuşdur. 21 may 2024-cü il saat 17:45-də aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilərək, həmin şəxslərin və vergi ödəyicisinin rəhbərinin izahatları alınmış və aşkar edilmiş pozuntu DVX seriyalı 001221 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X1, X8, X17, X10 və X7 izahatlarında 20 may 2024-cü il tarixdən çalışdıqlarını, aylıq əmək haqqının 345 manat olmaqla nağd qaydada ödənilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Qurumun rəhbəri isə verdiyi izahatında obyektin 20 may 2024-cü il tarixdən fəaliyyətə başladığını, yeni işçilərlə kağız daşıyıcıda əmək müqaviləsi bağlansa da, həmin müqavilələr barədə əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmədiyini, yaxın günlərdə daxil ediləcəyini bildirmişdir. Həmçinin, 21 may 2024-cü il tarixdə saat 17:24-də aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində göstərilmiş ictimai iaşə xidməti (1 çaynik çay və paxlava) üçün 5 manat nağd qaydada ödənilmiş, lakin müştəriyə nəzarət-kassa aparatının çeki təqdim edilməmişdir. Nəzarət-kassa aparatı nasaz olduğundan və həmin aparat nasaz olduqda əməliyyatların uçotu kitabı təqdim olunmadığından, uçotdan gizlədilmiş məbləğin nəzarət-kassa aparatına və ya əməliyyatların uçotu kitabına daxil edilməsi mümkün olmamışdır. Vergilər Nazirliyinin 1 aprel 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş «İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası»nın 2.2-ci bəndinə görə NKS-nın istismarı zamanı plombun pozulması da daxil olmaqla istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Mərkəzə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır, imzalanır və möhürlə təsdiq edilir. Bu hal 21 may 2024-cü il tarixli DVX seriyalı 031584 nömrəli aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş sənədlər İddiaçı MMC-nin rəhbərinə tanış olmaq və imza etrmək üçün təqdim edilmiş, lakin həmin şəxs imza etməkdən və sənədlərin nüsxəsini qəbul etməkdən imtina etmişdir. İddiaçı barəsində operativ vergi nəzarəti tədbiri zamanı qanun pozuntularının rəsmiləşdirildiyi aktlardan, vergi ödəyicisinin və onun işçilərinin verdiyi izahatlardan və digər sübutlardan, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının Vergi Məcəlləsinin 58.7.1, 58.10-cu maddələrində nəzərdə tutulmuş qanun pozuntusuna yol verməsi halları tam sübuta yetirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlar qəbul edilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 58.7, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 5-1, 49-cu maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarlarının qəbulu 27 iyun 2024-cü il və 5 iyul 2024-cü il tarixlərə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 13 sentyabr 2024-cü il tarixə təsadüf etsə də, məhkəmə icraatında həmin qərarların 13 avqust 2024-cü il tarixdən əvvəlki tarixə vergi ödəyicisi kimi hazırkı iddiaçıya (rəsmisinə) təqdim edilməsi ilə bağlı xüsusat aşkar edilmədiyindən, cavabdeh tərəf də bu halı mübahisələndirmədiyindən, həmin qərarlara münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidləridir. İş materiallarına əsasən İddiaçı MMC-nin yerləşdiyi yer (hüquqi ünvanı) Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6-dır. Məhkəmə qeyd edir ki inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla həmin orqan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarları qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə görə Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə vergi orqanları aşağıdakı vəzifələri həyata keçirməyə borcludur: (24.1.1) vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; (24.1.2) vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (50.1.7) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: (50.2.1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, (50.2.2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, (50.2.3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, (50.2.4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, (50.2.5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 61-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir (maddə 61.2). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (maddə 61.5). Azərbaycan Respublikası Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 3.4-cü bəndinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: - (3.4.14) yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: (1) fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; (2) hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; (3) dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; (4) media subyektinin adı, məlumatın yayılma tarixi; (5) məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); (6) Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma. İş materiallarında olan məhkəmə iclas protokolundakı iş üzrə məhkəmə iclasında iştirak edən şahidlər X3, X4, Abdullayev Mir-tağı İlyas oğlunun, X11, X9, X5, X12 izahatları və işdə olan digər sənədlər (sübutlar) İddiaçı MMC-nin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yeriinə yetirilməsinə cəlb edilməsi faktlarını təkzib etmir. Lakin bununla belə məhkəmə operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla bağlı bəzi xüsusatları diqqətə çəkir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı MMC barəsində iki operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi qərarına gəlmiş və bununla bağlı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 2 may 2024-cü il tarixli **********9053 nömrəli qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. İşin hallarından görünür ki, cavabdeh inzibati orqanın 2 may 2024-cü il tarixli **********9053 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sadəcə həmin Məcəllənin müvafiq maddələri ümumi şəkildə göstərilmişdir. Operativ vergi nəzarəti haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından cavabdeh inzibati orqanın istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının dairəsinin qanunvericilikdə konkret müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilənin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar – inzibati akt qəbul edildiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Vergi orqanı bu və ya digər yoxlama növünü seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Orqan bu səlahiyyətlərə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə cavabdeh inzibati orqan belə nəzarəti həyata keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada və hansı əsaslara görə istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanın fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda həmin qurum tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 2 may 2024-cü il tarixli **********9053 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməməklə, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal isə, inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Bununla da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi kimi hazırkı İddiaçı MMCnin təsərrüfat subyektində həyata keçirdiyi yoxlamalar (operativ vergi nəzarəti tədbirləri) qanunun tələbləri pozulmaqla qəbul edilmiş 2 may 2024-cü il tarixli qərar əsasında aparıldığından, həmin yoxlamaların nəticəsi olaraq 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlar da qanunsuzdur. Beləliklə məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati aktlar (27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarlar) qanuna zidd sayılmaqla yanaşı, qərarların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə maliyyə sanksiyasını ödəmək öhdəliyi yaradır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarları ləğv edilməli və İddiaçı MMC-yə həmin qərarlarla tətbiq edilmiş 11.000 manat məbləğində maliyyə sanksiyası silinməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli **********0519 nömrəli və 5 iyul 2024-cü il tarixli **********2685 nömrəli qərarları ləğv edilir və İddiaçı MMC-yə həmin qərarlarla tətbiq edilmiş 11.000 manat məbləğində maliyyə sanksiyası silinir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar