Məhkəmə qərarları › İş №2-1(116)-1141/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1141/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1141/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. O, Zaqatala rayon “Azərbaycan” adına kolxozda 1972-ci ildən 1978-ci ilə qədər kolxozçu, 1979-cu ildən 1991-ci ilə qədər sürücü və 1992-ci ildən 1997-ci ilə qədər dispetçer vəzifəsində işləmişdir. Lakin onun əmək kitabçası yoxdur. Onun xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışdan da məlum olduğu kimi 25 il stajı var. xx xxxx 2020-ci il tarixdə 64 yaş yarımı tamam olmuş və pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün o, DSMF-nin Zaqatala rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Zaqatala rayon şöbəsi ona pensiya təyin etməkdən imtina etmişdir. DSMF-nin Zaqatala rayon şöbəsi əmək kitabçasının olmadığını əsas gətirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,iddiaçının yaşa görə əmək pensiyasını alması üçün hüququ xx.xx.2020-ci il tarixində çatmışdır. İddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü (həmin 2 il sığorta stajı 1482 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələdirilən sığorta stajı 23 il 7 ay (həmin 23 il 7 ay sığorta stajı 17475 manat sığorta kapitalına bərabərdir). İddiaçının arxiv arayışına əsasən stajı 23 il 7 ay təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1975, 1977-1997-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Dövlət X5 Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. İşdə olan Dövlət X5 Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1972-1975, 1977-1997-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1972-1975, 1977- 1997-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi dövr Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 97 nömrəli arxiv arayışı və Dövlət X5 Zaqatala rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. (mübahisələndirilməyən sığorta stajı 2 il hərbi xidmət dövrü + mübahisələdirilən sığorta stajı 23 il 7 ay = 25 il 7 ay) İşdə olan Dövlət X5 Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 7 ay təşkil edir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adınakolxozunda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1972-1997-ci illərdə Zaqatala rayon “Azərbaycan” adına kolxozunda işlədiyi 23 il 7 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar