Məhkəmə qərarları › İş №2-1(116)-1142/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1142/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1142/2022 02.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mərhum atası X4 Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum aktı qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə, atasının atası adının “Məhəmmədoviç”ə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mərhum atası X4 Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum aktı qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə, atasının atası adının “Məhəmmədoviç”ə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının atası X7 ilə anası X9 19.04.1979-cu ildə Cavabdehndə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. İddiaçının valideynlərinin qarşılıqlı razılığı ilə 05.10.1983-cü ildə nikahları pozulmuşdur. Həmin vaxtdan iddiaçının atası özbəkistan Respublikasına getmiş və orada yaşamışdır. İddiaçının atası 26.06.2021-ci il tarixdə Özbəkistan Respublikasında vəfat etmiş və vəsiyyətnaməyə əsasən özünə məxsus mənzilin 5/8 hissəsini vəsiyyət etmişdir. İddiaçı atasından qalmış miras əmlakla bağlı Özbəkistanda vərəsəlik işi açılması üçün bütün zəruri sənədləri toplamış, yalnız atasının doğumuna dair şəhadətnaməsini almaqda çətinlik yaranmışdır. Belə ki, Balakən rayonu Tülü kənd İcra nümayəndəliyində 07.11.1939-cu ildə tərtib edilmiş 64 nömrəli akt qeydi ziddiyyətli tərtib olunmuşdur. Həmin akt qeydi iddiaçının atasının adına deyil, X1 adına tərtib olunmuşdur. Qeydə əsasən iddiaçının atası X2, anası isə X6r. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 28.04.2022-ci il tarixli 05176-562/13 nömrəli məktubunda nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Bununla bağlı iddiaçıya 20.05.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddia tələbinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 07.11.1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum akt qeydi tamamilə dəyişdirilməlidir. Qanunvericiliklə isə digər şəxslərə məxsus doğum akt qeydində ad, soyad, ata adının dəyişdirilməsi tələbi ilə çıxış etmək imkanı tanınmamışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbində arzuladığı məqsədə nail olmaq üçün Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07.11.1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum akt qeydinin mərhum atası X5 aid olması (məxsus olması) faktının və ya digər hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə aidiyyəti üzrə ümumi məhkəmələrdə (rayon (şəhər) məhkəməsi) iddia qaldırmaq hüququnun olduğu iddiaçıya izah olunmuşdur. Yardım məktubu iddiaçı tərəfindən qəbul edilsə də, məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Nəzərinizə çatdılır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən iddia ərizəsinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, müvafiq iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “mərhum atası X4 Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum aktı qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə, atasının atası adının “Məhəmmədoviç”ə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar