Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1146/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçıoğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilə kimi Qax rayonu Tasmalı kənd Kuybişev adına kolxozda, 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd “Ukrayna” adına kolxozda, 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Qax rayonu Tasmalı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində başlamışdır. xx.xx.1973-cü ildə hərbi xidmətə çağrıldığına görə işdən azad olunmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976-cı ildə Kuybişev kolxozunda zootexnik kimi işə qəbul olunmuş və 1986-cı ilə kimi həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd Ukrayna adına kolxozda, 1993-1997-ci illərdə isə yenə də, Kuybişev adına kolxozda işləmişdir. Qax rayon Dövlət Arxivinin arayışına əsasən Qax Rayonu Tasmalı kənd S.Vurğun adına sovxozda 1992-ci ildə işlədiyi aylar və aldığı əmək haqqı öz əksini tapmışdır. Bundan əlavə Kuybişev və Ukrayna adına kolxozlarda işlədiyi əmək günləri və aldığı əmək haqqı da, arxiv arayışında təsdiq olunmuşdur. Yaşa görə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Qax rayon şöbəsinə müraciət etsə də, pensiya təyinatından imtina haqqında məktubla bildrilmişdir ki, qüvvədə olan “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyası, sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğndən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan, eyni zamanda 25 il sosial sığorta stajı olmadığına görə ona pensiya təyin edilməsində imtina edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx.xx.2018-ci il tarixində qanunvericiliklə müəyyən olunmuş 63 yaş 6 ay pensiya yaşına çatmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il tarixdən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160 manat, xx.xx.2019-cu il tarixdən 200 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Əmək pensiyası hüququnun müəyyən olunması zamanı vətəndaşın sosial sığorta stajı 17 il 02 ay 1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilədək Qax rayonu Tasmalı kənd Kuybışev adına kolxozda və 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd Ukrayna adına kolxozda işlədiyi dövrlərə görə hesablanan, 02 il 04 gün xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olduğu müddət və 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi 08 ay nəzərə alınmaqla ümumilikdə 19 il 10 ay 04 gün müəyyən edilmiş, Nazirlik yanında Dövlət X7 Qax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə əmək pensiyası hüququnun olmadığına görə pensiyanın təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbləri barədə şöbənin xx.xx.2018-ci il tarixli 32/113 nömrəli məktubu ilə X4 müvafiq məlumat verilmişdir. İş materiallarında olan SHXÇDX-nin Qax rayon bölməsinin xx.xx.2020-ci il tarixli 289 nömrəli Arayışından görünür ki, X5 xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 118 nömrəli Arxiv Arayışından görünür ki, X5 1976-1986, 1993-1997-ci illərdə Kuybişev adına kolxozda, 1986-1989-cu il tarixlərdə Ukrayna adına kolxozda işləmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 118-1 nömrəli Arxiv Arayışından görünür ki, X1 rayonu Turaclı kənd S.Vurğun adına sovxozda işləmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, X2 1976-1986, 1993-1997-ci illərdə Kuybişev adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, X2 1986-1989-cu il tarixlərdə Ukrayna adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, X2 Qax rayonu Turaclı kənd S.Vurğun adına sovxozda işləməsi öz təsdiqini tapmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 09066679 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu, xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının cəmi 20 il 02 ay stajı olduğu qeyd edilmiş və həmin stajın 14146.47 manat pensiya kapitalına bərabər olduğu müəyyən olunmuşdur. İddiaçının pensiya hüququ yaranan vaxt isə pensiya təyin olunması üçün minimum kapitalın məbləği 16742.88 manat olmuşdur. (gözlənilən pensuay ödənişi müddəti 144 ay*minimum pensiya=16742.88 manat) Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının hətta cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan stajından az stajı olması müəyyən olunmuşdur ki, (imtinada qeyd olunan 20 il 02 ay əvəzinə 19 il 10 ay 04 gün) bu da iddiaçının imtina məktubunda qeyd olunandan da az kapitalı olmasına dəlalət edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona yaşa görə pensiya təyin edilə bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçıoğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilə kimi Qax rayonu Tasmalı kənd Kuybişev adına kolxozda, 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd “Ukrayna” adına kolxozda, 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1146/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1146/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver