Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1146/2025 12.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1146/2025 nömrəli qərardadı ilə Balakən rayonu Xalatala Bələdiyyəsi və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “Bazarov X9 rayonu Şambul kəndi ünvanında qeydiyyatda olmaqla yaşayır. X8 onun nənəsidir. X8 xx.xx.2007-ci ildə ölmüşdür. X5 Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 07 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində İddiaçı fərdi yaşayış evi inşa etmişdir. Onun ölümündən sonra həmin təsərrüfatda İddiaçı yaşayır. X8 xx.xx.1995-ci ildə vəsiyyətnamə tərtib edərək ona məxsus olan torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Hazırda İddiaçı nənəsi X1 miras qalmış ünvan 1ində 0.25 ha həyətyanı torpaq sahəsi ilə bağlı vərəsəlik işi açmaqla rəsmiləşdirilməsini istəyir. Lakin ünvan 1ində 0.25 ha həyətyanı torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə miras əmlakın rəsmiləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda X2 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları bildirmişlər həmin plan ölçü sənədinin koordinatları faktiki istifadə vəziyyətinə uyğun deyildir. Buna görə də ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqişəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə rəsmi müraciət edilməsi tövsiyə olunur. Hazırda iddiaçının hüquqi marağı mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsinə köməklik göstərilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 18 saylı Zaqatala ərazi idarəsində müraciətə baxılmış və idarənin 08 may 2024-cü il tarixli 3-21-3-47/2-B-0009-8/2024 saylı məktubu ilə cavablandırılmışdır. Həmin məktubda qeyd edilmişdir ki, ərizənizdə qeyd olunan ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli əlavə olunmamışdır. Buna görə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. İddiaçı mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş,cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibatiməhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının və çıxarış və plan ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş edir. İddiaçının hüquqi marağı mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsindən ibarətdir. İşin hallarına əsasən müəyyən edilir ki, iddia olunan torpaq sahəsinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinə deyil, başqa şəxsə məxsus torpaq sahəsinə işlənilmişdir. Torpaq islahatı zamanı verilmiş həyətyanı və pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılması və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyicavabdehin üzərinə qoyulmalıdır.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan 2i ünvanında yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli ərizəyə əlavə olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-B-0009-8/2024 (**********86) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 1-ci bəndinin icrası ilə bağlı inzibati icraat materialların və A093031 N-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin arxiv nüsxəsinin təsdiq edilmiş surətləri təqdim olunur. İddia olunan torpaq sahəsinə yerində (naturada) baxış keçirilmədən və mütəxəssis rəyi əldə olunmadan, kamerial qaydada birbaşa qonşuluğunda yerləşən torpaq sahəsinə dair torpaq islahatının nəticəsi olaraq tərtib edilmiş sənədlərin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, qeyd olunan ərazidə - faktiki torpaq sahələrinin yerləşməsi vəziyyəti ilə sənəd üzrə yerləşməsidə ciddi uyğunsuzluqlar vardır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • Balakən rayon İcra Hakimiyyəri Şambul kənd inzibati ərazi dairəsinin xx.xx.2019-cu il tarixli arayışın surəti. • 03.04.2019-cü il tarixli 505 nömrəli X5 məxsus ölüm haqqında akt qeydinin surəti. • Balakən rayon notariat kontorunun xx.xx.2019-cu il tarixli 328 nömrəli məktubu. • Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışının surəti. • xx.xx.1995-ci il tarixli X5 məxsus vəsiyyətnamənin surəti. • A 093031 seriya nömrəli Torpaq sahəsinini planı və ölçüsü sənədinin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 07 saylı qərarı ilə X6 2500 kv.m torpaq sahəsi verilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan ünvan 2i üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X3 adı aşkar edilməmişdir, lakin pay torpaq sahəsinə dair siyahıda vətəndaşın adı qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, həmin siyahıda pay sahəsi göstərilməmiş, yalnız həyətyanı torpaq sahəsi qeyd edilmişdir. ünvan 2i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X3 adı qeyd edilmişdir. • 11.10.2023-cü il tarixli Balakən rayon Qeydiyyat Şöbəsinin məktubu. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X10 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X10 X15ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X10 X15nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X10 X15nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X10 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Baxılan işdə iddiaçının hüquqi marağı mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsası kimi 0,25 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin ərizəyə əlavə olunmaması və faktiki torpaq sahələrinin yerləşməsi vəziyyəti ilə sənəd üzrə yerləşməsidə ciddi uyğunsuzluqların mövudluğuna istinad etmişdir. İşin müəyyən edilən hallarına görə X5 Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 07 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında onun adına xx.xx.2009-cu ildə A 093031 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” səndi tərtib edilmişdir. ünvan 1 İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitabında X3 adına 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. İşin mübahisəli halı qanuni istifadədədəki torpağın elektron bazada məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlarla bağlıdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-1108/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “iddia olunan torpaq sahəsinin naturada ölçüsü 0,24 ha olmaqla TEKUİS məlumat bazasında Balakən rayonu Şambul Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid tikinti altında olan torpaqlar kimi işlənilmişdir. İddiaçının idda etidiyi və faktiki naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində X4 adına 0,2308 ha həyətyanı məqsədilə DT və XK Komitəsinin tərtib etdiyi **********0124 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgiləri daxilində yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 093031 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” səndinin cizgisi və koordinatları özünün naturad istifadəsində olan torpaq sahəsindən 3000 metr aralı məsafəda başqa bir vətəndaşın naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. A 093031 nömrəli planı-ölçü sənədinin yerləşmə vəziyyəti ilə faktiki istifadə olunan torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş ortofoto xəritəsindən çıxarışda göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan 0,25 ha ərazinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə işlənilməsinin mümükün olan 0,24 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.”. Göründüyü kimi mübahisəli torpaq sahəsi “X10 X15”nin (TEKUİS) habelə, torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsinin (DVJ) məlumatlarında torpağın ölçüsündə, konfiqurasiyasında həmdə yerləşmə yerinə münasibətdə biri birinə zidd məlumatlar mövcuddur. A 093031 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” səndinin cizgisi və koordinatları iddiaçının naturada istifadəsində olan torpaq sahəsindən 3000 metr aralı məsafəda başqa bir vətəndaşın naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. İddiaçının mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, qanuni ayırılmış torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların elektron bazada mövcudluğu (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) şəxsin mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunan normalrdan göründüyü kimi X10 X15nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci, 8.0.8-ci və 22-ci maddələrindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, zəruri inzibati icraatı aparmadan imtina etmişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq (torpaqların elektron informasiya sistemində) mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə İddiaçı elektron arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə mərhum X5 məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq (torpaqların elektron informasiya sistemində) mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə İddiaçı elektron arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev