Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1147/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X4 cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında “Məna” dan “Ramilə”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində olan 23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi və bununla bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında “Məna” dan “Ramilə”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolu ilə ddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 24 avqust 2003-cü il tarixdə anadan olmuşdur. Bununla bağlı doğum qeydiyyatı ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan sənədlərə əsasən 23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydi verilmişdir. İddiaçı özünə məxsus doğum haqqında şəhadətnamə almaq istədikdə onun 23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydində adının Ramil əvəzinə Məna kimi yazıldığı bildirilmişdir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsi ala bilmir.İddiaçı doğum haqqında akt qeydində adına düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2003- cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydində vətəndaşın adı ‘'Ramil" deyil, “Məna” kimi qeyd edilmişdir. Həmçinin akt qeydinin üzərində adın dəyişdirilməsi ilə bağlı hər-hansı qeyd aşkar edilməmişdir. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar, yəni doğum haqqında ilkin şəhadətnamə də təqdim edilmədiyindən doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməsi mümkün olmamış və qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. Vİİ- ЖГ seriyalı 395460 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, iddiaçının valideynləri X5 ilə X7 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-1/2024 nömrəli məktubuna əlavə edilmiş X6 barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Ramil”, soyadı “Süleymanlı”, ata adı “Bəşarət”, doğulduğu yer Şəki rayonu Kiçik Dəhnə kəndi, doğulduğu il xx.xx.2003-cü il, ünvanı Şəki rayonu Kiçik Dəhnə kəndi qeyd edilmişdir.
4. Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat qeydiyyat şöbəsində saxlanılan xx.xx.2003-cü il tarixdə tərtib edilmiş 111 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Məna”, soyadı “Süleymanlı”, ata adı “Bəşarət”, doğum tarixi “xx.xx.2003-cü” kimi qeyd edilmişdir.
5. Şəki rayon dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının adı “Ramil”, soyadı “Süleymanlı”, ata adı “Bəşarət” kimi qeyd edilmişdir.
6. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bəşərat oğlu xx.xx.2003-cü il tarixdə doğulmuşdur.
7. C0257521 nömrəli ümumvətəndaş pasportunda iddiaçının adı Ramil, soyadı Süleymanlı, atasının adı Bəşarət, doğum tarixi xx.xx.2003-cü il kimi göstərilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi”nin “ad” qrafasına düzəliş edilməklə adının “Ramil” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bəşərat oğluna aid digər sənədlərdə adı “Məna” olaraq deyil, “Ramil” olaraq qeyd edilmişdir.İddiaçı Azərbaycan Respublikası tərəfindən İddiaçı Bəşərat oğlu kimi qəbul edilərək,ona şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu verilmişdir.İddiaçının yaxınlarının müraciəti əsasında ilkin doğum haqqında sənədə düzəliş edilmiş,iddiaçının adı dəyişidirilərək yeni sənəd verilmişdir.Lakin, inzibati orqan tərəfindən natamam icraat aparılması nəticəsində ilkin sənəddə bu dəyişiklik öz əksini tapmamışdır. Odur ki,hazırkı mübahisənin həlli zamanı yuxarıdakı hallar nəzərə alınmaqla ilkin qeydə düzəliş edilməsinə dair iddia uğurlu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə İddiaçı barəsində tərtib olunmuş 23 oktyabr 2003-cü il tarixli, 111 nömrəli doğum haqqında akt qeydinin ad qrafasında “Məna” dan “Ramilə”ə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə