Məhkəmə qərarları › İş №2-1(116)-1149/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1149/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1149/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası tərəfindən “Hüquqi Mühafizə fəaliyyəti” ixtisası üzrə verilmiş Ali təhsil haqqında sənədin, bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası tərəfindən “Hüquqi Mühafizə fəaliyyəti” ixtisası üzrə verilmiş Ali təhsil haqqında sənədin, bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin göndərişi əsasında 2017-2022-ci illərdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və X2 hesabına Hüquqi Mühafizə fəaliyyəti ixtisası üzrə əyani təhsil almışdır. Təhsil aldığı müddətdə Rusiya Federasiyasında olmuş və 30 iyun 2022-ci il tarixində Bakalavr təhsilini təsdiq edən Ali təhsil haqqında sənəd (diplom) verilmişdir. 2022-ci ildə Təhsilini bitirdikdən sonra Ali təhsil haqqında Diplomun tanınması (Nostrfikasiya) üçün Azərbaycan Respublikası Təhsildə Keyfiyyət və Təminat X1yn qaydada elektron kabinet vasitəsi ilə müraciət etmişdir. Aparılmış onlayn imtahan zamanı verilmiş suallara müvafiq cavablar vermişdir. Lakin, ona Təhsildə Keyfiyyət və X4 Hüquqi Şəxsi tərəfindən “qeyri-qənaətbəxş tədris dili” səbəbi ilə imtina verilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, №106235 000382 nömrəli diplom üzrə Hüquqşünaslıq ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin xarici ali təhsil aldığı proqram üzrə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya tanınma haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində İxtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Həmiçin qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra-Qaydalar) 6.2-ci bəndinə əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifıkasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir və bu məqsədlə X6 tərəfindən sınaq imtahanları təşkil olunması nəzərdə tutulmuşdur. Bu Qaydalar özündə tanınma üzrə müraciətlərə baxılan zaman tədris dili biliyinin yoxlanılması mərhələsini ehtiva etmir və qeyd olunmuş Qərarla ləğv edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı əsasında aparılmış icraat nəticəsində göstərilmiş səbəbdən tanınma haqqında Şəhadətnamələrin verilməsindən imtina qərarı almış ərizəçilər onların müraciətlərinə yeni Qaydalar əsasında baxılması üçün yenidən müraciət etmək hüququ əldə edirlər. Həmçinin qeyd etmək istərdik ki, Hüquqşünaslıq ixtisası həm bakalavr həm magistr təhsil səviyyəsi üzrə qəbul olunmuş Qərarda bu istiqamət üzrə peşə faəliyyətilə məşğul olmaq hüquqlarının verilməsinin dövlət və cəmiyyət üçün əhəmiyyəti nəzərə alınaraq tənzimlənən peşə ixtisasları siyahısına daxil edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı, Məhkəmədən iddiaçının xarici dövlətdə əldə etdiyi Hüquqşünaslıq ixtisası üzrə ali təhsilə aid kvalifikasiyasımn tanınması zamanı təşkil olunmuş tədris biliyi üzrə müsahibədə yazılı və nitq bacarıqlarının qeyri-qənaətbəxş olmasını nəzərə alaraq sözügedən iddianın rədd edilməsini xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli NA00005969 nömrəli qərarından görünür ki, ərizəçinin tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilməmiş, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tatnınması mümkün hesab olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli 17/3-2 nömrəli arayışından görünür ki, İddiaçı Ədliyyə nazirliyi Penitensiar xidmətin göndərişi əsasında 2017-2022-ci illərdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və X2 hesabına əyani təhsil almışdır. - “Cəzaçəkmə Federal Xidmətinin hüquq və idarəetmə Akademiyasının” 106235 ******* nömrəli mütəxəssis diplomundan görünür ki, İddiaçı 40.05.02 “Hüquq-mühafizə fəaliyyəti” hazırlıq istiqaməti üzrə mütəxəssis proqramını mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş, Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, Hüquqşünas ixtisası ilə təltif olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları (imtina cavabı verilərkən qüvvədə olmuşdur): -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddia ərizəsindən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası tərəfindən “Hüquqi Mühafizə fəaliyyəti” ixtisası üzrə verilmiş Ali təhsil haqqında sənədin, bakalavr diplomunun cavabdeh orqan tərəfindən tanınmasına nail olmaqdır. İş materiallarından görünür ki, iddiaçıya Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası tərəfindən tərəfindən ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir. İddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması, bunun isə onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alması ilə bağlı olmuşdur. Cavabdeh orqanın təqdim etdiyi keçirilmiş müsahibənin video çəkilişindən görünür ki, müsahibənin 01:24-cü dəqiqəsində iddiaçı ona verilən sualı başa düşmür və düzgün cavab vermir. 01:35-ci dəqiqədə eyni sual Azərbaycan dilində səsləndirdikdən sonra iddiaçı ona cavab verə bilir. 01:50-ci dəqiqədə iddiaçı oxuduğu təhsil illərini düzgün deyə bilmir. 03:50-ci dəqiqədə isə ümumiyyətlə fikirlərini ifadə edə bilmir, rabitəsiz, söz yığınından ibarət, düzgün ifadə edilməyən, rus dilində olduqca bəsit söz ehtiyatını sadalayır və keçirilən müsahibədə verilən suallara uyğunlaşdırmağa çalışır. 06:30-cu dəqiqədə iddiaçı ümumiyyətlə suala aidiyyəti olmayan rabitəsiz cümlələr qurur və sualın mənasını anlamadan cavab verir. 06:50-ci dəqiqədə isə iddiaçının Azərbaycan dilində verdiyi cavabdan aydın olur ki, sualı başa düşməyib. 08:45-11:08-ci dəqiqlərdə iddiaçı 1-ci cümləni tərcüməyə cəhd edir (azərbaycan dilindən- rus dilinə) və yenə də rabitəsiz, rus dilində bildiyi bəzi sözləri sadalayaraq tərcüməni başa çatdıra bilmir. 11:30-12:45-ci dəqiqələrdə isə iddiaçının nədən danışdığı bəlli dəyil (natamam, qeyri-dəqiq, primitiv formada özünü ifadə etməyə çalışır). 12:57-13:22-ci dəqiqələrdə iddiaçı yenə tərcüməni edə bilmir. 14:00-cü dəqiqədə isə Rus dilindən Azərbaycan dilinə tərcüməsi rabitəsiz və anlaşılmazdır. Həmçinin 15:18-ci dəqiqədə də növbəti tərcüməni edə bilmir. Müsahibənin videoyazısından görünür ki, iddiaçının elementar, səthi rus dilində məişət səviyyəsində söz ehtiyatı var. Ona verilmiş sualları başa düşmür və aidiyyəti üzrə cavablandırmaq iqtidarında deyil. İddiaçı tədris aldığı dili bilməməsi müsahibənin videoyazısından aşkar göründüyündən əlavə mütəxəssisin cəlb edilməsi zərurəti olmamışdır. Nəzərə alınmalıdır ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilini bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Dilbilmə səviyyəsi təhsilin məzmunu və tədris olunan fənlərin mənimsənilməsi ilə birbaşa bağlıdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi iddiaçıya imtina cavabı verilərkən həmin Qaydalar qüvvədə olmamışdır. Digər tərəfdən sözügedən Qaydalar tədris dili biliyinin yoxlanılması mərhələsini aradan qaldırsa da, Hüquqşünaslıq ixtisası həm bakalavr həm magistr təhsil səviyyəsi üzrə bu istiqamət üzrə peşə faəliyyətilə məşğul olmaq hüquqlarının verilməsinin dövlət və cəmiyyət üçün əhəmiyyəti nəzərə alınaraq tənzimlənən peşə ixtisasları siyahısına daxil edilmiş və bu məqsədlə X6 tərəfindən sınaq imtahanlarının təşkil olunması nəzərdə tutulmuşdur. Yəni, qəbul edilmiş yeni Qaydalar tədris dili biliyinin yoxlanılması mərhələsini aradan qaldırsa da, X6 tərəfindən sınaq imtahanlarında iştirak etməklə bağlı tələb müəyyən etdiyindən, iddiaçının isə həmin Qaydaların tələbinə uyğun cavabdeh orqana müraciəti olmadığından məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın hazırkı mübahisəyə tətbiq edilməsi istisna edilmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası tərəfindən “Hüquqi Mühafizə fəaliyyəti” ixtisası üzrə verilmiş Ali təhsil haqqında sənədin, bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar