Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-115/2024 08.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakl ilə İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İddiaçı2 Cavabdehnə qarşı “Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanda yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının etibarsız sayılması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanda yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının etibarsız sayılması barədə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağsu rayonu XDS İcraiyyə komitəsinin xx.xx.1967ci il tarixli 09 saylı qərarına əsasən Ağsu Rayon milis şöbəsinə inzibati bina tikmək üçün qəsəbənin K.Marks küçəsində (ünvan 1) 0.75 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 1970-ci ildə xidməti ev inşa edilmişdir. Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamına əsasən Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 ünvanında yerləşən Ağsu RPŞ-yə məxsus mənzillər heç bir əsas olmadan pulsuz olaraq həmin dövrdə Ağsu RPŞ-nin rəisi vəzifəsində çalışan X1 mülkiyyətinə keçirilmişdir. Sərəncamın 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və təqdim edilmiş sənədlərə əsasən Ağsu RPŞ-nin balansında olan mənzillər şəxsi mülkiyyətə keçirilmişdir. Sərəncamda sənədlər təqdim edildiyi qeyd edilsə də, bu sənədlərin hansı hüquqmüəyyənedici sənədlər olduğu göstərilmir. Daha sonra Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında Ağsu rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı 32,3 kv/m yaşayış sahəsini Ağsu Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən Ağsu RPŞ-nin sabiq rəisi X1 adma qeydiyyata alaraq reyestr kitabına daxil etmişdir. Uzun müddət həmin yaşayış sahəsi mərhum polis rəisi Z.Babayev tərəfindən istifadə olunsa da, həmin mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyində hər hansı məlumat olmamışdır. 2021ci ildə X3 vəfat etdikdən sonra Ağsu RPŞ-nə yeni təyin olunan rəhbərlik tərəfindən xidməti mənzil kimi istifadə edilmişdir. Daha sonra mərhum X2 Babayev Daxili İşlər Nazirliyinə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən mənzilin atası dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona keçdiyini bildirmiş və mülkiyyətə dair Çıxarışının olduğunu qeyd etmişdir. Bundan sonra, Daxili İşlər Nazirliyi tərəfindən Ağsu RPŞ-nə məxsus torpaq sahəsindəki xidməti mənzilin ilkin torpaq ayırma sənədlərinin müəyyən olunması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. Aparılan araşdırma nəticəsində, Ağsu RPŞnin mülkiyyətində olan torpaq sahəsinin Ağsu RİH tərəfindən subyektiv hüququ olmadan sərəncam verilərək, üzərindəki tikilinin özgəninkiləşdiriməsi üçün əsas olan xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əldə edilmişdir. Ağsu RİH tərəfindən Ağsu RPŞ-nin mülkiyyətində olan əmlaka sərəncam verilməsi və üzərindəki tikilinin özgəninkiləşdiriməsi xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamın ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin sərəncam nəticəsində Ağsu RPŞ-nin mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh iddiaya münasibət bildməmişdir. Üçüncü şəxs elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsi üzrə olan mülki işin hallarına iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron ərizə göndərərk məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı.
2. Şamaxı rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli 301 nömrəli arxiv çıxarışından görünür ki, Ağsu rayonu XDS İcraiyyə komitəsinin xx.xx.1967-ci il tarixli 09 saylı ilə Ağsu Rayon Milis Rayon ZDS-nin milis şöbəsinə inzibati bina tikməkdən ötəri qəsəbənin K.Marks küçəsində 0,75 hektar torpaq sahəsi ayrılmışdır.
3. 2768 inventar nömrəli Ağsu Rayon Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsindən görünür ki, Ağsu rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı 32,3 kv/m yaşayış sahəsi Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında X1 adına qeydə alınmışdır.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə (vəkili) şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçıların hüquqi marağı Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının ləğv edilməsindən ibarətdir. İddiaçı iddia tələbində həmin sərəncamın etibarsız hesab edilməsini xahiş etsə də, onun hüquqi marağı və məqsədi həmin qərarın ləğv edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə mübahisə predmeti qismində Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı qərarı çıxış etmişdir. Həmin sənəd inzibati aktdır və onun mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Məhkəmə təqdim olunan “müddətin bərpası” barədə ərizədə qeyd edilir ki, həmin sərəncam bundan 30 il əvvəl qəbul olunmuşdur. Uzun müddət həmin yaşayış sahəsi mərhum polis rəisi Z.Babayev tərəfindən istifadə olunsa da, həmin mülkiyyətin özgəninkiləşdirilməsindən DİN-in məlumatı olmamışdır.Göründüyü kimi xidməti yaşayış sahəsi olmuş mənzilin uzun illərdir Z.Babayev tərəfindən istifadə olunması iddiaçılar tərəfindən etiraf edilir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür.Ağsu RPŞ-nin ərazisində inşa olunan xidməti mənzildən 30 il ərzində istifadə edilmədiyi halda mənzilin özəlləşdirilməsi barədə iddiaçıların məlumatlı olmaması ağlabatan deyildir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İddiaçı2 Cavabdehnə qarşı “Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanda yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə