Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-115/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin qərarı ilə 10 il müddətinə iddiaçının icarəsinə verilmiş 10 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə 10 il müddətinə iddiaçının icarəsinə verilmiş 10 ha torpaq sahəsinə istifadə hüquqları barədə qeydin aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin qərarı ilə 10 il müddətinə iddiaçının icarəsinə verilmiş 10 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3068/2024 nömrəli qərardadı ilə Zərdab rayonu Alıcanlı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Alıcanlı Bələdiyyəsinin 07 iyun 2023-ci il tarixli qərarı ilə İkinci Əlicanlı kəndi ərazisindən 10 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyesterirıdən çıxarış verilməsininə dair xahiş cavabdehin 3-21-3-36/2- 3623/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli məktubu ilə rədd edilmiş, əsas olaraq Zərdab rayonu Alıcanlı kənd sakinlərinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmələri göstərilmişdir. Həmin əsasla icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqlarını barədə qeydin aparılmasından, çıxarışın verilməsindən imtina edilməsi qanunsuz və əsassız olmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Zərdab rayonu, Birinci Alıcanlı kənd sakinlərinin bələdiyyəyə olan çoxsaylı müraciətləri nəzərə alaraq Zərdab rayonu. Birinci Alıcanlı kəndində yerləşən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş icarə müqaviləsi əsasında icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması dayandırılmışdır. Qeyd olunan səbəblərə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 01 mart 2023-cü il qeydiyyat tarixli Çıxarış və A seriyalı 929803 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki,icarəyə verilmiş 10 ha torpaq sahəsi Zərdab rayonu Alıcanlı bələdiyyəsinin mülkiyyətindədir.
3. 07.06.2023-cü il tarixli notarial qaydada bağlanmış İcarə müqaviləsindən görünür ki, Zərdab rayonu Alıcanlı bələdiyyəsinin mülkiyyətində 10 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-687/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 07 iyun 2023- cü il tarixli qərarı ilə ayrılmış 10 ha torpaq sahəsi ilə bağlı idarənin elektron baza və arxiv məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi 10 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında Zərdab rayonu 2-ci Alıcanlı kənd ərazi vahidinin sərhəddi daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, kollu örüş uqodiyalı, 1-ci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçının iddia etdiyi və naturada göstərildiyi 10 ha torpaq sahəsi **********75 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Zərdab rayonu 1-ci Alıcanlı bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 10 ha torpaq sahəsinə tərtib edilmiş A 929803 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 10 ha torpaq sahəsi ilə üst-üstə düşməklə eyni torpaq sahəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə icarəsinə verilmiş 10.0 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin iddiaya qarşı dəlili – Zərdab rayonu, Birinci Alıcanlı kənd sakinlərinin bələdiyyəyə olan çoxsaylı müraciətlərim nəzərə alaraq Zərdab rayonu Birinci Alıcanlı kəndində yerləşən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş icarə müqaviləsi əsasında icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması dayandırılmışdır. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan torpaq sahəsi üzərində tərəflər arasında yaranmış hüquq münasibətinin qeydiyyatını həyatə keçirməli orqandır.Qeydiyyatdan imtinanın əsasları qanunvericiliklə müəyyən edilmişdir.Hazırkı imtina əsası hər hansı müddəaya əsaslanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayonu Alıcanlı bələdiyyəsinin qərarı ilə 10 il müddətinə iddiaçının icarəsinə verilmiş, Zərdab rayonu İkinci Əlicanlı kəndində yerləşən 10 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə