Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1151/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Vətəndaşlıq X2 kitabında olan X5 məxsus doğum haqqında akt qeydində adını“Ürkər” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Ülkər” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh Vətəndaşlıq X2 kitabında olan X5 məxsus doğum haqqında akt qeydində adını“Ürkər” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Ülkər” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tikanlı kənd sovetliyi tərəfindən xx.xx.1986-cı ildə tərtib edilmiş 35 nömrəli doğum akt qeydində adının “Ülkər” əvəzinə səhvən “Ürkər” kimi qeyd olunmasını, hamının onu Ülkər kimi tanımasını, həmçinin şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə “Ülkər” yazılmasını qeyd edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etmiş, cavabdeh orqan, Qəbələ rayon Tikanlı İƏD-də tərtib edilmiş xx.xx.1986-cı il tarixli 35 saylı doğum haqqında akt qeydində uşaq qrafasında adın “Ürkər” yazılmasını, doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığından adın “Ülkərə” düzəliş edilməsindənin mümkün olmadığını bildirmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə etirazını ilkin imtina cavabının dəlillərinə uyğun əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - iddiaçı barəsində Qəbələ rayon Tikanlı İƏD-də tərtib edilmiş xx.xx.1986-cı il tarixli 35 saylı doğum haqqında akt qeydindən görünür ki, ad qrafasında “Ürkər” qeyd edilmişdir. - Qəbələ RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş iddiaçı barəsində tərtib edilmiş FUK-nın surətindən görünür ki, iddiaçının adı “Ürkər” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak təmin etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddiaçı tələb hüququnun əsası olaraq məhkəməyə Xİ-ЖГ seriyalı 387401 nömrəli “doğum haqqında” şəhadətnamənin əslini təqdim etmişdir. Məhkəmə araşdırmasına təqdim olunan “doğum haqqında” şəhadətnamənin 2-ci sətrində qeyd edilmiş “Ülkər” adının 2-ci hərfinin dəyişikliyə məruz qalması şübhəsi yarandığından həmin qeydin yoxlanılması zərurəti yaranmışdır. Odur ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1151/2022 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 5/810 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş, X4 adına verilmiş Xİ-ЖГ seriyalı 387401 nömrəli “doğum haqqında” şəhadətnamənin 2-ci sətrində qeyd edilən “Ülkər” adında olan “l” hərfinin yerində “r” hərfi olmuşdur. Həmin hərf iti predmetdən istifadə etməklə (ülgüclə, bıçaq, cızçəkən və s.) mexaniki üsülla pozularaq indiki “l” hərfinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası olaraq məhkəməyə təqdim etdiyi Xİ-ЖГ seriyalı 387401 nömrəli “doğum haqqında” şəhadətnamədə adı “Ürkər” olaraq qeyd edilməsinə baxmayaraq, sonradan mexaniki üsulla “Ülkər” adına dəyişdirilmişdir. Odur ki, iddiaçı sözügedən şəhadətnaməyə istinad edərək ilkin akt qeydinin düzgün olmamasını iddia edə bilməz. Həmçinin iddiaçı barəsində tərtib edilmiş fərdi uçot kartoçkasında da adı “Ürkər” olaraq qeyd edilmiş və təqdim edilmiş sənəd olaraq ЖГ seriyalı 387401 nömrəli “doğum haqqında” şəhadətnaməə istinad olunmuşdur. Odur ki, iddiaçının ilkin sənədlərində adı düzgün olaraq “Ürkər” qeyd edildiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının doğum haqqında akt qeydində, adına düzəliş edilməsi üçün kifayət qədər əsasların olmaması qənaətinə gəlmiş və müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə yaranmış ekspertiza xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/810 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 62 manat müəyyən edilmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Vətəndaşlıq X2 kitabında olan X5 məxsus doğum haqqında akt qeydində adının “Ürkər” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Ülkər” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 62 manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı – X3, kodu – 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK – CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN – **********, hesab – AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.