Məhkəmə qərarları › İş №2-1(116)-1153/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1153/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1153/2020 08.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət X13 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə ona ümumi xəstəlikdən ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. 1980-1985-ci illərdə əyani təhsil almışdır. Hal-hazırda 5 saylı məktəbdə laborant vəzifəsində işləyir. Həmçinin xx.xx.1987-ci il tarixdə Sevda adlı, xx.xx.1990-cı il tarixdə isə Səadət adlı övladları anadan olmuşdur. Təhsil illəri və işləməyərək uşaqlarına qulluq etdiyi müddət stajına daxil edilmədiyindən xx.xx.2019-cu il tarixdən sosial müavinət alır. O, əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «ASAN Xidmət» mərkəzi vasitəsilə ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan pensiya kapitalı olmadığından əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış və vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının əmək kitabçası və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək 14 il 9 ay sosial sığorta stajı - 10567.08 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi uçot məlumatlarına əsasən hesabında 5561.32 manat pensiya kapitalı olmaqla, cəmi 16128.40 manat pensiya kapitalı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57-15 = 42 x 4 = 168 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. İddiaçı tələbində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətin işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməsini qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Pespublikası Qanununun 21-ci maddəsinə əsasən işləməyərək 3 yaşadək uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçının təhsil müddəti stajına daxil edilmişdir. Əgər iddiaçının tələbində qeyd etdiyi 5 il 10 ay müddət sosial sığorta stajına daxil edilsəydi, o zaman onun xx.xx.2006-cı il tarixədək 20 il 7 ay sosial sığorta stajı - 14746.15 manat pensiya kapitalı olmaqla, cəmi 20307.47 manat pensiya kapitalı olardı. Bu kapital da iddiaçıya xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyini üçün kifayət edərdi. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və 12.1-ci maddəsinə istinadən vətəndaşın tələb olunan pensiya kapitalı olmadığından iddiasını əsassız hesab edir və Məhkəmədən təmin edilməməsini xahiş etmişlər. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan KB seriyalı 017308 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1980-1985-ci illərdə əyani təhsil almışdır. İş materiallarında olan İİİ-ЖГ seriyalı 279901 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 ilə X3 arasında xx.xx.1983-cü ildə nikah bağlanmışdır. İş materiallarında olan XV-ЖГ seriyalı 301799 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 323468 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1979-1980, 1993-1994, 1997-2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı Şəki şəhər 5 saylı orta məktəbdə 1998-ci il tarixdən 2011-ci il tarixədək kitabxana işçisi, 2011-ci il tarixdən 2014-cü il tarixədək texniki işçi vəzifəsində işləmiş, 2014-cü il tarixdən laborant vəzifəsində işləyir. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1990-cı il tarixdə X5, xx.xx.1987-ci il tarixdə X6 doğulmuşdur. Ataları X2 anaları İddiaçıdır. İddiaçıya əlillik təyin olunarkən 57 yaşı tamam olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan DSMF-nin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, əlillik təyin olunarkən 57 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il sosial sığorta stajı və 20160.0 (57 -15 = 42 x 4 = 168 /192 * 144 = 126 x 160 = 20160) manat pensiya kapitalı tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək işləməyərək körpə uşağına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 20160.0 manat pensiya kapitalı tamamlanacaqdır. (xx.xx.2006-cı ilə qədər mübahisələndirilməyən 14 il 9 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında olan 10567.08 manat pensiya kapitalı, cəmi 16128,40 manat pensiya kapitalı+körpə uşağına qulluq etdiyi 5 il 10 ay = 20 il 7 ay sığorta stajı, 20307,47 manat pensiya kapitalı) xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin ödənilməsiöhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar