Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1155/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxs X4, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1155/2022 nömrəli qərardadı ilə X9, X6 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı əsasında iddiaçının adına A195501 nömrəli, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 1226 kv.m torpaq sahəsinə isə üçüncü şəxsin adına A195500 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı üçüncü şəxsə ayrılmış torpaq sahəsini faktiki istifadə etdiyini bildirərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin ləğvi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını mübahisələndirilən plan-ölçü sənədinin ləğvi səlahiyyətinin olmaması ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X2 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X19 oğlu, X9, X12 və X7 olmaqla) 17 avqust 2009-cu il tarixil; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Təqdim olunan sənədlərə əsasən aparılmış müayinə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X14iu tərəfindən çoxillik əkmələr kimi istifadə olunan ərazinin daxilində yerləşir. Həmin torpaq sahəsi "X5 Uçotu informasiya Sistemi" proqramında X8 istifadəsində göstərilmişdir. Belə ki, AN-195500 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə bitişik Baqqal kənd sakini X10 məxsus AN-195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə qonşu olan torpaq sahəsi vardır. Üçüncü şəxs və onun vəkili məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunmaqla Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1258.53 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - A195500 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunmaqla Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 1226 kv.m torpaq sahəsi ilə bağlı X2 adına tərtib edilmişdir. - cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, A195500 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsi ilə, A195501 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda qeyd olunan torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş ilkin müraciət ərizəsi və poçt qəbzi ilə iddiaçının hazırkı tələblə ilkin olaraq cavabdeh orqana müraciət etməsi sübut olunur. Həmçinin cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddia tələbinə münasibətində iddiaçının xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəsində plan-ölçü sənədinin ləğv ilə bağlı müraciət etməsini qeyd etmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsinin məzmununda mübahisələndirilən plan-ölçü sənədinin nömrəsi 185500 qeyd edilməsinə baxmayaraq, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı tərəfindən plan-ölçü sənədinin nömrəsinə düzəliş edilərək 195500 qeyd edilmişdir. İşin hallarından görünür ki, iddiaçının hüquqi marağı öz adına tərtib edilmiş 195501 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmiş 195500 nömrəli plan-ölçü sənədinin ləğvinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından və plan-ölçü sənədinin nömrəsində yol verilmiş texniki yanlışlığa iddiaçı tərəfindən düzəliş edildiyindən, məhkəmə tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq 195500 nömrəli plan-ölçü sənədinin qanuniliyinə hüquqi qiymət verilmişdir. Lakin, iddia əsassızdır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı A190500 nömrəli plan-ölçü sənədinin faktiki istifadəsində olan (zəbtində olan) torpaq sahəsinə tərtib edildiyini bildirir və buna görə də həmin sənədin ləğvini tələb edir. Buna baxmayaraq, faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin ona ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilmir. İş materiallarından göründüyü kimi A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. İddiaçının faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədi olmadığından, mübahisələndirilən A195500 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus A195501 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşüb-düşməməsinin öyrənilməsi məqsədilə cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində A195501 və A195500 nömrəli plan-ölçü sənədlərində göstərilən kooordinatlarda qeyd olunan torpaq sahələrinin sənəd üzrə üstüstə düşmədiyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan A195500 nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir (iddiaçı özü də bunu etiraf edir). Yəni, iddiaçı 195501 nömrəli plan-ölçü sənədi ilə istifadəsində olan torpaq sahəsi ilə bərabər, ona ayrılmamış qonşu torpaq sahəsini də, faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, "X5 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X5 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın 2.3.3-cü bəndinin tələbləri baxımından iddiaçının hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq istifadə etdiyi zəbt olunmuş sahənin xüsusiyyətlətinin düzgün müəyyən edilərək uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Cavabdeh orqan özü də ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə X2 adına (ailə tərkibi 4 nəfərdən ibarət-X19 oğlu, X9, X12 və X7 olmaqla) 17 avqust 2009cu il tarixil; AN: ******* saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumatın mövcudluğunu etiraf edir və həmin sənədin mötəbərliyini mübahisələndirmir. Bu isə o deməkdir ki, 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin "X5 Uçotu informasiya Sistemi" proqramında iddiaçının istifadəsində göstərilməsi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı hüquqi əsas yaratmır və iddiaçı, qeyd olunan hala istinad etməklə həmin sənədin ləğvini tələb etməkdə haqlı sayıla bilməz. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən plan-ölçünün ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin plan-ölçünün ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1155/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1155/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver