Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1158/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu Ərizəçi İddiaçı Əhmədiyyə oğlunun ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı Əhmədiyyə oğlu 13.07.2021-ci il tarixli ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 27 iyul 2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq ərizənin İPM-nin 46-cı maddəsinin tələblərinə uyğun olmaması, cavabdehin hansı inzibati orqan olması, o cümlədən cavabdehin ünvanı və ona qarşı olan konkret tələbin göstərilməməsi, anoloji tələblə cavabdeh inzibati orqana edilən müraciətin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlərin əlavə edilməməsi izah edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsinin dəqiqləşdirilərək 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Müvafiq hüquqi yardım məktubu iddiaçı tərəfindən poçt vasitəsilə 03.08.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edilməmişdir. Ərizəçi tərəfindən 10.08.2021-ci il il tarixdə ərizəyə aid olan bir sıra sənədlərin əsli məhkəməyə təqdim edilsə də, yuxarıda qeyd olunduğu kimi nöqsanlar aradan qaldırılmamışdır. İPM 46.1.2 və 46.1.3-cü maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi iddia ərizəsində göstərilməlidir. Odur ki, məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, təqdim edilmiş ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən ərizəçinin hüquqi marağını müəyyən etmək mümkün olmasa da, belə hiss olunur ki, ərizəçi Seriya MA ******* nömrəli DƏDR-dən çıxarışa əsasən mülkiyyətində olan 0.00405 ha torpaq sahəsinin digər ərazidən özünə verilməsini arzu edir. Bunun üçün isə o, həmin ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan hüquq müəyyənedici sənədləri mübahisələndirməli və 0.00405 ha torpaq sahəsinin digər ərazidə verilməsi ilə bağlı tələbini əsaslandırmalı, torpaq sahəsinin hansı ərazidən verilməli olması ilə bağlı tələbini konkretləşdirməli və buna dair sübutlar təqdim etməlidir. Odur ki, ərizəçi ilk öncə konkret tələblə cavabdeh inzibati orqana müraciət etməli (DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi (ünvan: AZ 3600, ünvan 2 konkert və aydın şəkildə ifadə olunmuş, İPM-nin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Hazırki ərizənin məzmunundan iddianın növünün “öhdəliyin icrası haqqında” iddiaya aid olması müəyyən edildiyindən, cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Baxılan ərizədə isə cavabdehin hansı inzibati orqan olması, o cümlədən cavabdehin ünvanı və ona qarşı olan konkret tələb göstərilməmiş, anoloji tələblə cavabdeh inzibati orqana ərizəçinin etdiyi müraciətdən cavabdehin imtinası və ya müraciətinin cavabsız saxlanılması barədə müvafiq sənədlər əlavə edilməmişdir. İşin müəyyən edilən hallarından göründüyü kimi ərizəçi tərəfindən təqdim edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş 04.05.2021-ci il tarixli məktubun cavabdehin müraciətin təmin edilməsindən imtinası kimi qəbul edilməsi yol verilməzdir. Belə ki, məktubun məzmunundan göründüyü kimi ərizəçinin cavabdeh inzibati orqana müraciəti də konkret olmamış və hazırki ərizədə qeyd olunduğu kimi, tələb qeyrimüəyyən formada ifadə olunduğundan onun hansı hüquqlarının pozulmasının müəyyən edilməsi və pozulmuş hüquqlarının müdafiəsi üçün cavabdeh inzibati orqana qarşı hansı tələbini yönəltməsi (cavabdeh inzibati orqandan tələbi), cavabdeh inzibati orqanın hansı hərəkəti (hərəkətsizliyi) ilə ərizəçinin hüquqlarını pozmasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, ərizəçinin konkret və aydın ifadə olunmuş tələblə cavabdeh inzibati orqana müraciəti olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. qərara aldı: Ərizəçi İddiaçı Əhmədiyyə oğlunun ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1158/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1158/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver