Məhkəmə qərarları › İş №2-1(116)-1159/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1159/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1159/2022 21.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1979 və 1985-1994-cü illərdə Ağdaş rayonunda mövcud olmuş “Azərbaycan” kolxozunda kolxozçu işlədiyi və 1997-ci ildən 12 avqust 2020-ci il tarixədək atası X5 qulluq etdiyi dövrlərin ümumi stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1979 və 1985-1994-cü illərdə Ağdaş rayonunda mövcud olmuş “Azərbaycan” kolxozunda kolxozçu işlədiyi və 1997-ci ildən 12 avqust 2020-ci il tarixədək atası X5 qulluq etdiyi dövrlərin ümumi stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağdaş rayonunun Birinci Aral kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamış və həmin tarixdə Ağdaş rayonununda mövcud olmuş “Azərbaycan” kolxozunda kolxozçu kimi işə qəbul edilmiş və 1979 və 1985-1994-cü illərdə həmin kolxozda kolxozçu işləmişdir. Ağdaş rayon Dövlət Arxivinin verdiyi 03 iyun 2020-ci il tarixli 55 nömrəli Arxiv arayışı və kolxozun əmək günü uçotu və hesablaşma kitabından çıxarışla təsdiq olunur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayonunun “Azərbaycan” kolxozunun 1979, 1985-1994-cü illər üzrə kolxozun əmək günü uçotu və hesablaşma kitabında İddiaçı 1979, 1985-1994-cü illərdə həmin kolxozda kolxozçu işlədiyi qeyd edilmişdir. İddiaçının anası vəfat etdiyinə görə və 1927-ci ildə anadan olmuş atası ağır yataq xəstəsi olduğuna görə 1997-ci ildən ölən günədək, yəni 12 avqust 2020-ci il tarixədək iddiaçı ona qulluq etmişdir. Həmin illərdə iddiaçının mərhum atasına qulluq etməsi Ağdaş RİHBA-nın Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 412 nömrəli 20 dekabr 2021-ci il tarixli arayışı və arayışa əlavə olunmuş, kənd icra nümayəndəsinin iştirakı ilə tərtib olunmuş və təsdiq edilmiş Aktla təsdiq olunur. İddiaçı cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iş materiallarında olan ona məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində atasının adı “Salik” olaraq qeyd olunduğu halda, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-1265/2020 nömrəli işə əlavə edilmiş atasına məxsus AZE seriyalı 04198919 nömrəli şəxsiyyət vəsiqəsində onun adının “Saleh” olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa atasına məxsus AZE seriyalı 04198919 nömrəli şəxsiyyət vəsiqəsində atasının ata adının “Hümbət” olaraq qeyd edildiyi halda atasına məxsus İ-ЖГ seriyalı 417339 nömrəli “Nikah haqqında şəhadətnamə”nin və iddiaçıya məxsus AZ-İV seriyalı 453465 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətlərində atasının ata adının “Hümmət” olaraq qeyd olunduğu aşkarlanmışdır. Lakin hazırkı iddia ərizəsinin “xahiş etdi” hissəsində iddiaçı atasının adını “X9” kimi qeyd edir. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırmışdır ki, hazırkı iş üzrə məhkəməyə ünvanladığı iddia ərizəsinə əlavə edilmiş Ağdaş rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 55 nömrəli arxiv arayışına qoşma edilən “Azərbaycan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarındakı qeyddə atasının adı “Saleh” olaraq qeyd edilmişdir. Yəni həmin səhifənin “X6”na aid olduğu göstərilmişdir. Eyni zamanda iddiaçının diqqətinə çatdırılmışdır ki, hazırkı iddia ərizəsi ilə daha əvvəl Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddia tələbi eyni əsaslarla Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1265/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, qərardaddan iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-480/2020 nömrəli qərardadı ilə təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1265/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yardım məktubuna münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-2151/2021 nömrəli qətnaməsi təqdim olunmuşdur. Qətnamə ilə X3 adına Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 1944-cü il tarixli 190 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən olunmuşdur. “Salih” olaraq qeyd olunmuş ərizəçinin atasının adının “Salik” olaraq düzəldilməsi qət edilmişdir. Lakin iddiaçının atasının ata adına münasibətdə heç bir qeyd və ya sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətində iddiaçının soyadı, adı və atasının adı İddiaçı kimi qeyd olunmuşdur. 453465 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki,İddiaçı xx.xx.1958-ci ildə Ağdaş rayonunda doğulmuşdur. 098067 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə vəfat etmişdir. Birinci Aral kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 412 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı mərhum atası X7 vəfat etdiyi xx.xx.2020-ci il tarixinə kimi qulluq etmişdir. Ağdaş rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 55 nömrəli arxiv arayışına qoşma edilən “Azərbaycan” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarındakı qeyddə iddiaçının atasının adı “Saleh” olaraq qeyd edilmişdir. 417339 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X4 arasında xx.xx.1978-ci ildə nikah bağlanmışdır. AZ04198919 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X11 1927-ci ildə Ağdaş rayonunda doğulmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1979 və 1985-1994-cü illərdə Ağdaş rayonunda mövcud olmuş “Azərbaycan” kolxozunda kolxozçu işlədiyi və 1997-ci ildən 12 avqust 2020-ci il tarixədək atası X5 qulluq etdiyi dövrlərin ümumi stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar