Məhkəmə qərarları › İş №2-1(116)-1159/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1159/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1159/2024 15.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X19, üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-2097 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə elektron baza məlumatlarının ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0386 ha hissədə silinməklə ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinin yarımçıq tikilisinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində adına qeydə alınması və həmin əmlaklara dair adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X9 adına hazırlanmış JN-2097 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin iddiaçının qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0386 ha hissədə qismən ləğv edilməsi, 28 fevral 2005-ci il tarixdə Oğuz Rayon Dövlət Notariat Konturunda rəsmi yarımçıq tikintinin alqı-satqı müqaviləsi bağlamaqla X2 aldığı, ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinin yarımçıq tikilisinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində adına qeydə alınması və həmin əmlaklara dair adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1159/2024 nömrəli qərardadı ilə X20 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "JN-2097 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə elektron baza məlumatlarının ünvan 1ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0386 ha hissədə silinməklə ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evinin yarımçıq tikilisinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində adına qeydə alınması və həmin əmlaklara dair adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx xxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. 15 noyabr 1991-ci il tarixdə Oğuz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə X16 ərə getmişdir. O, xx.xx.2005-ci il tarixdə Oğuz Rayon Dövlət Notariat Kontorunda rəsmi yarımçıq tikintinin alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən ölçüləri 15,5 x 11,5 metr olan yaşayış evinin yarımçıq tikilisini X3 almışdır. Qeyd edilən yarımçıq tikilini satın alandan sonra həmin tikilini tamamlayaraq üzərini örtmüş, tikinti işləri başa çatsa da, içərisində təmir işləri aparılmamış, qapı, pəncərə qoyulmamış, döşəmə və tavan vurulmamışdır. Hazırda ailə vəziyyətilə əlaqədar müvəqqəti olaraq qeydiyyatda olduğu ünvan 4 ünvanında deyil, Bakı şəhərində yaşayır. Qeyd edilən yarımçıq tikilini maddi imkansızlıq səbəbilə təmir etdirib, döşəmə və tavan vurdurub istismara yararlı vəziyyətə gətirə bilmir. Bu hal uzun müddətdir ki, davam edir. O, satın aldığı evin yarımçıq tikilisini yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə öz adına sənədləşdirmək istəyir. Qeyd edilmişdir ki, satın aldığı yarımçıq tikilinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi Oğuz Rayon "28 May" kolxozunun ümumi yığıncağının 21 dekabr 1991-ci il tarixli 5 saylı iclasının qərarı ilə Zəkəryə (Zəkəriyyəyev) Qorxmaz Bədrəddin oğluna verilmişdir. Oğuz Şəhər XDS İK-nin 27 dekabr 1991-ci il tarixli 13 saylı iclasının qərarı ilə X4 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi barədə Oğuz Rayon "28 May" kolxozunun ümumi yığıncağının 28 dekabr 1991-ci il tarixli 5 saylı iclasının qərarı təsdiq edilmiş, həmin torpaq sahsində fərdi vaşayış evinin tikintisinə icazə verilmişdir. 28 dekabr 1991-ci il tarixli aktla torpaq sahəsi yerində ölçülərək sərhədlərinə nişan qoyularaq X17 təhvil verilmişdir. Qeyd edilən 0,06 hektar həyətyanı torpaq sahəsi 21 dekabr 1991-ci il tarixdən 28 fevral 2005-ci il tarixədək X14 qanuni və faktiki istifadəsində olmuş, həmin tarixdən hal hazıradək isə onun qanuni və faktiki istifadəsindədir. Oğuz şəhərində torpaq islahatı aparılarkən qeyd edilən həyətyanı torpaq sahəsinə torpağın əvvəlki sahibi Zəkəryə (Zəkəriyyəyev) Qorxmaz Bədrəddin oğlunun, nə də onun mülkiyyətinə verilməmişdir. Hazırda o satın aldığı fərdi yaşayış evinin yarımçıq tikilisini yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə az adına qeydiyyata aldırmaq, həmin əmlaklar barədə adına DƏDR-dən çıxarış sənədi və müvafiq texniki pasport almaq istəyir. 28 fevral 2005-cı il tarixli yarımçıq tikintinin alqı-satqı müqaviləsini və müvafiq digər sənədləri cavabdeh orqana təqdim edərək fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq Dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı X10 adına 600 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-2097 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin iddiaçının qanuni istifadəsində olan ünvan 6 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,386 ha hissədə qismən ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. Ərazi İdarəsində mövcud olan subyetlər siyahısında X10 adına JN-2097 saylı Torağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə qeyd edilmişdir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında həmin şəhadətnamə öz əksini tapmışdır. Lakin, ləğv edilmiş DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən qeyd edilən şəhadətnamənin kağız versiyası hazırlanmamışdır və Ərazi İdarəsinin arxivində həmin şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. Bu səbəbdən də şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Belə ki, Oğuz Rayonu Notoriat Kontorunda yarımçıq tikilinin alqı-satqı müqaviləsi bağlarkən torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. . Bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan yarımçıq tikiliyə və torpaq sahəsinə dair hər hansı bir sənəd aşkarlanmadı. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddiaçının vəkili ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0646 hektar torpaq sahəsi Oğuz şəhər inzibatı ərazi dairəsinin sərhədləri daxilində təyinatı yaşayış məntəqəsi torpaqları uqodiyası həyətyanı sahələr üçün ayrılmış ərazilərdir. Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və digər mülkiyyətçilərin istifadəsində olan 0,0646 hektar torpaq sahəsinin 0,0260 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, 0,0386 hektar hissəsi 2097A nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi iddiaçının istifədəsindədir. İddia olunan torpaq sahəsi üzərində inşası yekunlaşdırıİmamış fərdi yaşayış evi mövcuddur. Tikilinin hündürlüyü 8,5 metrdir. - xx.xx.2005-ci il tarixli yarımçıq tikintinin alqı-satqı müqaviləsindən görünür ki, X8 şəhəri H.Z.Tağıyev küçəsi döngə 1-də ona verilmiş 600 kv.metr torpaq sahəsində yerləşən ölçüləri (15,5x11,5) m olan yaşayış evinin yarımçıq tikintisini vətəndaş X1. - Oğuz rayon “28 May” kolxozunun ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 5 №-li protokolundan çıxarışdan görünür ki, kolxozun torpaq fondundan Oğuz şəhər sakini X7 ev tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Oğuz şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 №-li iclas protokolundan çıxarışdan görünür ki, Oğuz şəhər sakini X4 0,06 ha torpaq sahəsi verilməsi barədəki “28 May” kolxozunun ümumi yığıncağının xx.xx.1991-ci il tarixli qərarı təsdiq edilmiş, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin JN-2097 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,0386 ha hissədə üst-üstə düşdüyünü bildirsə də, sözügedən Şəhadətnamənin arxiv nüsxəsini təqdim edə bilmir. Odur ki, iddiaçı, sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə bərabər, JN-2097 nömrəli Şəhadətnamənin 0.0386 ha hissəsinin elektron baza məlumatlarından silinməsini tələb edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X20 xx.xx.2005-ci il tarixli yarımçıq tikintinin alqı-satqı müqaviləsi ilə ünvan 2-də ona verilmiş 600 kv.metr torpaq sahəsində yerləşən ölçüləri (15,5x11,5) m olan yaşayış evinin yarımçıq tikilisini iddiaçıya satmışdır. Sözügedən 600 kv.m torpaq sahəsinin X7 ayrılması Oğuz rayon “28 May” kolxozunun ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 5 №-li protokolu və Oğuz şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 №-li iclas protokolundan çıxarışla sübuta yetirilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının tələbləri baxımından Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı (2.5) mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 0.06 ha torpaq sahəsi X17 məxsus olmuş (mülkiyyət hüququna legitim gözləntisi mövcud olmuşdur), sonrakı alqı-satqı müqaviləsi ilə tikili iddiaçıya satılarkən (xx.xx.2005-ci il tarixli müqavilədə ayrı qayda nəzərdə tutulmamışdır) tikilinin yerləşdiyi torpaq sahəsi üzərində Qorxmaz Zəkəryəyə məxsus hüquqlar iddiaçıya keçmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. İddia olunan torpaq sahəsinin 0,0386 hektar hissəsinin JN2097A nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında həmin şəhadətnamənin öz əksini tapmasını, lakin kağız versiyasının hazırlanmamasını və arxiv nüsxəsinin mövcud olmamasını bildirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Belə olan halda JN-2097A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı elektron baza məlumatlarında qeydin hansı hüquqi sənəd əsasında icra edilməsi aydın deyil. Tədqiq olunmuş sənədlərdən görünür ki, ümumiyyətlə X5 iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, elektron bazada hər hansı hüquqi əsas olmadan sözügedən şəxslə bağlı qeydlərin icra edilməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan o, müvafiq qeydlərin silinməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə JN-2097 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə elektron baza məlumatlarının ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0386 ha hissədə silinməsi və ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar