Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-116/2020 20.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "2000- 2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1400 manat pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 2000-ci ildən 2018-ci ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, xx.xx.2018-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona 2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlaklarının normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə tənzimlənir. Qeyd edilən 2000-2005-ci illər üzrə iddiaçıya hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanması mümkün deyil. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq xx.xx.2018-ci ildə 373,80 manat məbləğ ödənilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xidmət etdiyi müddət ərzində 2000-ci ildən 2005-ci ilədək dövlət hesabına bir çox əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. Həmin illərdə ona verilməyən əşya əmlakı əvəzinə heç bir pul kompensasiyası ödənilməmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 16/3798 nömrəli etirazında bildirmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə 373,80 manat pul kompensasiyası hesablanmış və xx.xx.2018-ci ildə Beynəlxalq Bankda adına olan bank hesabına köçürülmüşdür. Qeyd olunan ödəniş edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və normaları" əsas götürülmüşdür. İddiaçıya xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 2000ci ildən 2018-ci ilədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, xx.xx.2018-ci ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidmətə uyğunsuzluğa görə) maddəsinə əsasən, Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli 16/3798 nömrəli etiraz məktubundan görünür ki, iddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən xidmət müddətində təmin edilmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə 373,80 manat pul kompensasiyası hesablanmış və xx.xx.2018-ci ildə Beynəlxalq Bankda adına olan ******************** nömrəli bank hesabına köçürülmüşdür. Qeyd olunan ödəniş edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və normaları" əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2005-ci tarixli 83 nömrəli əmri ilə təsdiq edlmiş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası"nın icrası təmin edilmişdir. İddiaçıya xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi 2000-2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraqpul kompensasiyasının ödənilməsindən ibarətdir. Cavabdeh kompensasiyanın ödənilməsindən imtinasını beləəsaslandırır ki, qeyd edilən 2000-2005-ci illər üzrə iddiaçıya hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanması nəzərdə tutulmamışdır. Həmin kompensasiya 2006-cı ilin əvvəlindən etibarən ödənilməyə başlanmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 nömrəli qərarının 1-ci bəndində Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminat normaları təsdiq edilmişdir. Həmin qərarın 2-ci bəndinin ilkin redaksiyasında deyilirdi ki, təsdiq olunmuş sülh dövrü üçün əşya təchizatı normaları Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Mülki Müdafiə Qərargahının və Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin hərbi birləşmələrinin hissələrinə şamil edilsin. ""Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarındaaşağıdakılar qərara alınmışdır: 1."Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilsin. 2.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. 3."Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli 641 nömrəli qərarının 2-ci bəndində "normaları" sözündən sonra "Dövlət Sərhəd Xidməti istisna olmaqla" sözləri əlavə edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Göründüyü kimi, "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 nömrəli qərarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları nəzərədə tutulmamışdır. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş və bu qərar imzalandığı gündən qüvvəyə minmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı hərbi geyim və əşya əmlakı əvəzi kompensasiyasının yalnız həmin gündən etibarən hesablanmasını tələb edə bilər. Bundan əvvəlki müddətə isə onun tələbinin maddi hüquqi əsası yoxdur. Cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 80 nömrəli qərarında həmin qərarın qüvvəyə minmə tarixi kimi onun imzalandığı gün nəzərdə tutulduğuna görə hesablanmanın 2006-cı ilin əvvəlindən aparılmalı olması barədə cavabdehin mövqeyi əsassızdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia 2000-ci ildən xx.xx.2004-cü ilədək olan müddətə aid hissədə təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia 2000-ci ildən xx.xx.2004-cü ilədək olan müddətə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.