Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-116/2022 26.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin dəyəri olan 500 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki şəhəri “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 1 il ərzində tikilib təmirli təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, bu mümkün olmadıqda isə sökülən mülkiyyətin dəyəri olan 5000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hüquqi yardımına müvafiq olaraq iddiaçı, cavabdeh inzibati orqana qarşı olan alternativ tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin dəyəri olan 500 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmiş, xx.xx.2022-ci il tarixli qərardadı ilə Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2012-ci ildə Şəki şəhəri, Caparidze küçəsində qala divarlarının yanında yerləşən keçmiş "Pyotur Balayev" parkında abadlıq işləri ilə əlaqədar iddiaçıya məxsus 245,5 kv.metr olan "QALA" kafesi sökülmüş və bunun qarşılığında kafe sökülərkən ona parkın arxa hissəsində anoloji binanın tikilib verilməsi vəd edilmişdir. Lakin indiyədək bina tikilməmiş və bu məsələ həllini tapmamışdır. Bu məsələ ilə əlaqədar iddiaçı 23 iyul 2014-cü ildə Şəki Rayon İcra Hakimiyyətinin Başçısı Elxan Usubova ərizə ilə müraciət edərək müvafiq qurumlara göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra İcra Hakimiyyətindən Şəki Bələdiyyəsinə məlumat verilmiş və ona ərizə ilə Şəki Bələdiyyəsinə müraciət etmək tövsiyə olunmuşdur. Müraciəti əsasında Şəki bələdiyyəsindən icra hakimiyyətinə və ona ünvanlanan xx.xx.2014-cü il tarixli 151 saylı məktubdan görünür ki, bələdiyyə ona torpağı əvəzsiz vermir əksinə satır. İddiaçı isə həm mülkiyyətindən məhrum olur həmdə ki, əlavə vəsait ödəyərək bələdiyyədən torpaq alır. Vəkil sorğusuna Cavabdehndən verilən cavabda qeyd edilmişdir ki, məktubda göstərilən ərazidə tikinti işləri Şəki ŞİH sifarişi ilə "xxxx" inşaat MMC podratçı təşkilat tərəfindən aparılmış, "QALA" kafesinin sökülməsinə görə kompensasiya ayrılmamışdır. Bütün yuxarıda qeyd edilənlərdəndə görünür ki, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona zərər vurmuşdur. Cavabdehin əməlləri nəticəsində onun əmlakı məhv olmuş mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin iddiaçıya dəyən zərəri və pozulan mülkiyyət hüquqlarını aradan qaldırmaq niyyətinin olmadığını gördükdən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Şəki şəhəri “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 1 il ərzində tikilib təmirli təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, bu mümkün olmadıqda isə sökülən mülkiyyətin dəyəri olan 5000 (beş min) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə 2012-ci ildə Şəki şəhəri, Caparizde küçəsində qala divarlarının yanında yerləşən keçmiş “Pyotur Babayev adına” parkda abadlıq işləi ilə əlaqədar sökülmüş 245.5 kv.metr olan “Qala” kafesinin ona məxsus olması ilə bağlı hər hansısa bir hüquqi sənəd əlavə etməmiş, məhkəməyə sözügedən kafenin Cavabdeh tərəfindən söküldüyü ilə bağlı heç bir maddi sübüt təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 2/1648 nömrəli iddiaçının vəkilinə ünvanlanan məktubundan görünür ki, məktubda göstərilən ərazidə tikinti işləri Cavabdeh sifarişi ilə "xxxx" MMC podratçı təşkilat tərəfindən aparılmış, “Qala” kafesinin görə kompensasiya ayrılmamışdır. - Şəki rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Şəki şəhərində yerləşən Çaparidze küçəsində yerləşən qeyriyaşayış binası İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli 2/1026 nömrəli məktubundan görünür ki, Şəki şəhərində 600 yerlik yarımörtülü amfiteatr qurğusunun tikintisi “Kənan İnşaat və Ticarət” BM tərəfindən əvvəllər P.Babayev adına park kimi adlandırılan ərazidə həyata keçirilmişdir. İddiaçı məxsus həmin ərazidə yerləşən qeyri-yaşayış obyekti İddiaçı razılığı ilə “Kənan İnşaat və Ticarət” BM tərəfindən sökülmüşdür. - Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli 2/1461 nömrəli məktubundan görünür ki, Şəki şəhərində 600 yerlik yarımörtülü amfiteatr qurğusunun tikintisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən Cavabdeh sifarişi ilə “Kənan İnşaat və Ticarət” BM tərəfindən həyata keçirilmişdir. Həmin dövrdə “Yuxarı Baş” Milli X2 Xan Sarayı ilə birlikdə YUNESKO X4 salınmasına hazırlıq işləri getdiyindən YUNESKOnun işçi qrupunun tələbi nəzərə alınaraq İddiaçı məxsus həmin ərazidə yerləşən qeyriyaşayış obyekti Cavabdeh tövsiyəsi ilə İddiaçı razılığı əsasında podratçı “Kənan İnşaat və Ticarət” BM tərəfindən sökülmüşdür. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1014/2021 nömrəli qərardadı ilə, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İş materiallarında olan sənədlərə əsasən (qeyri-yaşayış sahəsinin texniki pasportu) Şəki şəhəri “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə olmuş qeyriyaşayış sahəsinin 2012-ci ildə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkündürmü?
2. Əgər iş materiallarında olan sənədlərə əsasən sökülmüş qeyri yaşayış sahəsinin 2012-ci ildə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkündürsə, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yer nəzərə alınmaqla, texniki sənədlər əsasında 2012-ci il də mövcud olmuş bazar qiyməti hansı məbləğdə olmuşdur?
3. Şəki şəhəri “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə olmuş qeyriyaşayış sahəsinin 2012-ci ildə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkündürsə həmin qiymətin hazırki bazar qiymətinə uyğun indeksasiyası hansı məbləğdədir? - Məhkəmə ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məlumatında qeyd edilmişdir ki, tədqiq olunan tikili faktiki olaraq söküldüyündən həmin tikintinin inşası ilə əlaqədar layihə-smeta və materialların alınmasına dair qaimə sənədləri iş materiallarına əlavə edilmədiyindən, həmçinin anoloji tikililərin 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-116/2022 nömrəli qərardadı ilə, iç üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertinin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İş materiallarında olan texniki pasportda qeyd olunan məlumatlara əsasən tikilinin 1991-ci ildə mövcud olmuş ilkin sərmayə dəyərinin (tikilinin inşasına sərf olunan məbləğ) müəyyən edilməsi mümkündürmü? Mümkündürsə 1991-ci ildə mövcud olmuş ilkin sərmayə dəyəri nə qədər olmuşdur?
2. Texniki pasportda qeyd olunan məlumatlara əsasən tikilinin inşasına sərf olunan məbləğin müəyyən edilməsi mümkündürsə 2012-ci ildə müvafiq tikilinin dəyəri hansı məbləğdə olmuşdur?
3. Şəki şəhəri “Pyotur Babayev” adına parkda sahəsi 245.5 kv.m ölçüdə olmuş qeyriyaşayış sahəsinin 1991-ci il və 2012-ci illərdə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkündürsə, həmin qiymətlərin hazırkı bazar qiymətinə uyğun indeksasiyası hansı məbləğdədir? - Məhkəmə ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məlumatda qeyd edilmişdir ki, tədqiq olunan tikiliyə dair tərtib olunmuş texniki pasportda bir neçə adda tikinti materialları qeyd olunmasına baxmayaraq, həmin materialların alınmasına dair qaimə sənədləri iş materiallarına əlavə edilmədiyindən, tələb olunan dövrlərdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan tikili faktiki söküldüyündən, həmçinin anoloji tikililərin tələb olunan dövrdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində daşınmaz əmlakların qiymətləndirilməsi alqı-satqı qiymətlərinin müqayisə metodu, gəlir və xərc metodları ilə aparılır. Fərdi yaşayış evləri və torpaq sahələrinin bazar dəyəri əsasən müqayisə metodu ilə, qeyri-yaşayış sahələrinin bazar dəyəri isə müqayisə, gəlir və ya xərc metodu ilə təyin olunur. Müraciətdə qeyd olunan qeyri-yaşayış sahəsinin 2012-ci ildə gəlirinə aid sənədlərin olmaması həmin obyektin gəlir metodu ilə, həmçinin bu gün üçün binanın mövcud olmaması onun bazar dəyərinin xərc metodu ilə təyin edilməsinə imkan vermir. Odur ki, 2003-cü ildə tərtib edilmiş texniki pasporta əsasən Şəki şəhəri “Pyotur Babayev” adına parkda sahəsi 245.5 kv.m olan qeyri-yaşayış sahəsinin 2012-ci ildə mövcud olmuş bazar qiymətinin müəyyən edilməsi mümkün deyildir. Əsaslandırma hissəsi:
İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun : Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11- ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi - mülkiyyətində olmuş binanın sökülməsi ilə bağlı ona dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Cavabdeh orqan həmin tikilinin iddiaçının razılığı ilə "xxxx" MMC podratçı təşkilat tərəfindən söküldüyünü və müvafiq söküntü işləri ilə bağlı sifarişin Cavabdeh tərəfindən verildiyini bildirir. Beləliklə, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 2/1648 nömrəli, xx.xx.2021-ci il tarixli 2/1026 nömrəli və xx.xx.2021-ci il tarixli 2/1461 nömrəli məktubları ilə Şəki şəhərində yerləşən Çaparidze küçəsində yerləşən iddiaçının mülkiyyətində olan qeyriyaşayış binasının Cavabdeh sifarişi ilə söküldüyü ("xxxx" MMC podratçı təşkilat tərəfindən) müəyən edilsə də, təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizaları nəticəsində sözügedən qeyri yaşayış binasının sökülməsi nəticəsində iddiaçıya dəymiş real zərərin məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, tədqiq olunan tikiliyə dair tərtib olunmuş texniki pasportda bir neçə adda tikinti materialları qeyd olunmasına baxmayaraq, həmin materialların alınmasına dair qaimə sənədləri, tələb olunan dövrlərdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan tikili faktiki söküldüyündən, həmçinin anoloji tikililərin tələb olunan dövrdə mövcud olmuş bazar qiymətlərinə dair məlumat bazası olmadığından ekspertlər və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tikilinin dəyərinin, yəni iddiaçıya dəymiş ziyanın məbləğinin müyyən edilməsi mümkün olmamış, həmçinin iddiaçı tərəfindən də məhkəməyə dəymiş ziyanın məbləği ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində cavabdeh orqan tərəfindən ona 500 000 manat məbləğində ziyan vurulmasını sübuta yetirə bilməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Pyotur Babayev adına” parkda sahəsi 245.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin dəyəri olan 500 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.