Məhkəmə qərarları › İş №2-1(116)-116/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-116/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-116/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, İddiaçı1 oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən, A №178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 19687,56 kv.m əkin təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən, A №178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 19687,56 kv.m əkin təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Diyallı kəndində aparılan məlum torpaq islahatları zamanı onun və ailə üzvülərinin birgə mülkiyyətinə İsmayıllı rayon Aqrar islahat Komissiyasının 28 iyun 1999-cu il tarixli 81 saylı qərarına uyğun olaraq 19687,56 kv.metr kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi daimi mülkiyyətlərinə verilmişdir. Bu barədə Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 Kitabında 18 iyun 2009-cu ildə 1978 nömrə ilə uçota alınaraq A № 178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanaraq verilmişdir. Həmin vaxtdan torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən cizgidə və ölçüdə iddiaçının və ailəsinin birgə istifadəsindədir. Ailə üzvülərindən X9 xx.xx.2003-cü ildə, X5 xx.xx.2017-ci ildə və X4 xx.xx.2017-ci ildə vəfat etmişlər. Birgə mülkiyyətçilərdən iki nəfər iddiaçı qalmışdır. İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən, A № 178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 19687,56 kv.metr əkin təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçıların müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Torpaq sahələrinin sənəd üzrə göstərilən torpaq sahələrindən 0.5228 ha azdır və faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətlə ilə üst-üstə düşür. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Az-İİ 895337 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir;

3. Az-İİ 676931 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X9 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir;

4. Az-İİ 862541 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir;

5. A seriyalı 178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə 19687.56 kv.m torpaq sahəsi X3 adına verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Diyallı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X3 və ailə üzvlərinin adları qeyd olunmuşdur .

7. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı iclas protokolunundan çıxarışın surəti.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4144/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İşin araşdırılması üçün mütəxəssislər 25 aprel 2023-cü il tarixdə İsmayıllı rayonu Diyallı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, X3 adına verilmiş A seriyalı № 178978 “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,9687 hektar torpaq sahəsi İsmayıllı rayonu Diyallı kənd İnzibati Ərazi Sərhəddi daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olan xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. X2 Uçotu İnformasiya sisteminə (TEKUİS-ə) əsasən X3 adına verilmiş A seriyalı № 178978 “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,9687 hektar torpaq sahəsinin 0,0247 hektar hissəsi JN-351 A nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,2028 ha hissəsi JN-350 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,1326 hektar hissəsi JN-349 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0756 hektar hissəsi JN-348 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və 0,2040 hektar hissəsi JN-347 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı1 tərəfindən göstərilən faktiki naturada ölçülmüş 2,38 hektar torpaq sahəsi A seriyalı № 178978 “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1,9687 hektar torpaq sahəsi ilə 0,2417 hektar hissədə üst-üstə düşür. X2 Uçotu İnformasiya sisteminə (TEKUİS-ə) əsasən X3 adına verilmiş A seriyalı № 178978 “torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 1,9687 hektar torpaq sahəsinin 0,0247 hektar hissəsi JN-351 A nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,2028 hektar hissəsi JN-350 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,1326 hektar hissəsi JN-349 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0756 hektar hissəsi JN-348 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və 0,2040 hektar hissəsi JN-347 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X2 Uçotu İnformasiya sisteminə (TEKUİS-ə) əsasən İddiaçı1 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 2,38 hektar torpaq sahəsinin 0,2384 hektar hissəsi JN-352 A nömrəli Dövlət aktı ilə başqa şəxslərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 1,44 hektar hissəsi JN-351 A nömrəli Dövlət aktı əsasında X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və 0,6554 hektar hissəsi isə JN-350 A nömrəli Dövlət aktı əsasında başqa şəxslərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşür.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı A №178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 19687,56 kv.m əkin təyinatlı torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarətdir.İddiaçının faktiki olaraq istifadəsində olan torpaq sahəsinin 1.44 ha hissəsi TEKUİS-ə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsidir. Cavabdehin imtinasının əsasını iddia olunan 19687,56 kv.m torpaq sahəsinin naturada az olması ilə bağlı olmuşdur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı 19687,56 kv.m torpaq sahəsi X4 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. İşin hallarından görünür ki, iddiaçılara verilmiş torpaq sahəsinin plan-ölçü sənədi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Təqdim olunan mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planından da görünür ki, X3 adına tərtib edilmiş plan ölçü sənədinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. X3 adına olan plan ölçü sənədi əsasında 19687,56 kv.m torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi mümkün deyildir. Belə ki, həmin sənədin koordinatları faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmış digər subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşür. TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki, 1,9687 hektar torpaq sahəsinin 0,0247 hektar hissəsi JN-351 A nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,2028 hektar hissəsi JN-350 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,1326 hektar hissəsi JN- 349 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0756 hektar hissəsi JN-348 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və 0,2040 hektar hissəsi JN-347 A nömrəli Dövlət Aktı ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X2 Uçotu İnformasiya sisteminə (TEKUİS-ə) əsasən İddiaçı1 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 2,38 hektar torpaq sahəsinin 0,2384 hektar hissəsi JN-352 A nömrəli Dövlət aktı ilə başqa şəxslərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 1,44 hektar hissəsi JN-351 A nömrəli Dövlət aktı əsasında X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və 0,6554 hektar hissəsi isə JN-350 A nömrəli Dövlət aktı əsasında başqa şəxslərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçıların hazırda istifadəsində olan torpaq sahəsinin 1.44 ha hissəsi onların mülkiyyətinə verilmiş torpaq sahəsidir.İddiaçılara TEKUİS-ə və faktiki istifadə vəziyyətinə uyğun çıxarış təqdim olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən, A seriyalı 178978 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyətə verilmiş 1.44 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (TEKUİS-ə əsasən hazırkı istifadə vəziyyətinə uyğun olaraq) üzərində X4, X9, X5, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar