Məhkəmə qərarları › İş №2-1(116)-116/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-116/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-116/2025 06.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə JN-0578 KOD 40114018 olan Dövlət Aktı əsasında birgə mülkiyyət hüququ əsasında aldığı 0,57 ha torpaq sahəsinə torpağın Dövlət Aktında qeyd edilən plan cizgisində qeyd edilən və faktiki istifadə etdiyi ölçüləri əsasında torpağın plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1ində yerləşən Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 26 sentyabr tarixli 09 nömrəli qərarı ilə JN-0578 olan Dövlət Aktında cizgidə göstərilən sərhəd daxilində 0,57 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi birgə mülkiyyət üzrə X4, X7 və X1 müİkiyyətinə verilmişdir. İddiaçı sözügedən torpaq sahəsini 2019-cu il tarixində alqı-satqı müqaviləsi ilə almışdır. Torpaq sahəsini alarkən cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsi ölçülmüş torpaq sahəsinin faktiki olaraq sərhəd ölçüsü daxilində düzgün olması müəyyən edilmişdir. Torpaq sahəsinə planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 1i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin idarənin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,5049 ha olması bildirilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı JN-0578 nömrəli "Dövlət Aktı” sənədinə əsasən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 2i ünvanında yerləşən 0,57 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,5049 ha qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron uçot xəritələrində qeyd olunmuş ölçüdə (0,5049 ha) qeydiyyata alınmasına isə iddiaçı razı olmamışdır. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3157/2023 (**********57) nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN-0578 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, AN-İ AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi, xx.xx.2025-ci il tarixli məktubu JN-579 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxsləri sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir. Sözügedən Qanun xx.xx.1996-cı ildə qəbul edilmiş, xx.xx.1997-ci ildə dərc olunmuşdur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində ... vərəsəlik hüququ haqqında ... şəhadətnamələr ... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 2i ünvanında yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına nail olmaqdır. Cavabdehlə iddiaçı arasında mübahisənin yaranmasına səbəb iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə torpaq sahəsindən az olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan sözügedən torpaq sahəsinin elektron uçot xəritələrində 0,5049 ha qeyd olunduğunu bildirir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş ilkin mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-578 nömrəli Dövlət Aktının TEKUİS-də sahəsi 0.5049 ha omaqla kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.57 ha torpaq sahəsinin 0.0863 ha hissəsi TEKUİS məlumat bazasında 579 nömrəli mülkiyyətçi X2 və onun ailə üzvlərinin adına işlənilmişdir. JN-0578 nömrəli Dövlət Aktında göstərilən 0.57 ha torpaq sahəsinin cizgisi TEKUİS məlumat bazasına əsasən digər mülkiyyətçinin adına işlənilmiş torpaq sahəsi ilə və ümumi istifadədə olan yollar ərazisi ilə üst-üstə düşür. TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin ölçüsü 0.5049 ha işlənilmişdir. İş materiallarında olan mübahisəli əraziyə dair yerquruluşu planında JN-0578 nömrəli Dövlət Aktının islahat xəritəsində (DWJ) yerləşmə vəziyyəti təsvir edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sözügedən Dövlət Aktının DWJ-də yerləşmə vəziyyəti müqayisələndirildikdə məlum olur ki, faktiki olaraq iddiaçının naturada istifadəsində olan torpaq sahəsi Dövlət Aktının cizgisi ilə uyğun olmasına baxmayaraq, yeni elektron uçot xəritəsində həmin torpaq sahəsi digər şəxsin adına işlənmişdir. Balakən rayonu,Tülü kəndi ərazisində torpaq islahatı zamanı Məhətov (Mahatov) Ziyavəddin Abdusalam oğlunun və ailə üzvlərinin (subyekt sayı – 4 nəfər) mülkiyyətlərinə verilmiş JN-579 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan 0,75 ha torpaq sahəsinin ( 599 kv.m + 6864 kv.m) 0,0563 ha hissəsi xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 0,6864 ha hissəsi Balakən regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-1796 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”ının 2.3.2-ci bəndində torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalıdır. Bu o deməkdir ki, əgər sənəddə göstərilən ölçü ilə faktiki istifadə arasındakı fərq yalnız sənəd üzərində qeyri-dəqiqlikdən irəli gəlirsə və real istifadə olunan torpaq sahəsi dəqiq müəyyən edilə bilirsə, bu halda sənəd dəyişdirilmədən hüquqi qeydiyyat davam edə bilər. Lakin, fərmanda aydın şəkildə göstərilir ki, torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstəriləndən az olduqda, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçüsü göstərilməlidir və bu, yalnız mülkiyyətçinin, istifadəçinin və ya icarəçinin yazılı razılığı əsasında həyata keçirilə bilər. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. 2.3.5-ci bəndə görə isə, torpaqla bağlı layihələr və sənədlər, normativ hüquqi aktların tələblərinə uyğun olduğu və digər şəxslərin hüquqları pozulmadığı hallarda, faktiki istifadə vəziyyəti əsas götürülərək tərtib edilməlidir. Bu müddəa bir daha təsdiq edir ki, torpaq sahələrinin ölçüləri ilə bağlı sənəddə göstərilən məlumatlarla real vəziyyət arasında fərq olduqda, cavabdeh real vəziyyəti nəzərə almalı və bu fərqin hüquqi sənədlərə uyğunlaşdırılmasını təmin etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə (JN-0578 saylı Dövlət Aktına əsasən) nəzərdə tutulan ölçüyə – 5707,40 kv.m – tamamlanması istiqamətində hər hansı araşdırma aparmamışdır. Halbuki sözügedən torpaq sahəsinin W planşetində qeyd olunan sərhədləri və DWJ-dəki cizgisi üzrə mövqeyi aydın şəkildə müəyyən olunmuşdur. Həmin sahənin kimə məxsus olması, yəni mülkiyyətçilərin dairəsi dəqiq məlumdur. Buna baxmayaraq, cavabdeh orqan torpaq sahəsinin başqa şəxsin adına TEKUİS sistemində uçota alınmasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən əsassız şəkildə imtina etmişdir. TEKUİS-də torpaq sahəsi adına uçota alınmış şəxslərin sözügedən torpaq sahəsinə heç bir hüquqi aidiyyəti yoxdur. İstinad olunan Fərmanın 2.3.4-cü bəndinə əsasən, ərazi vahidləri üzrə layihələr hazırlanarkən hüquqlarına toxunulan mülkiyyətçilərlə, istifadəçilərlə və icarəçilərlə razılaşdırma aparılması tələb olunur. Lakin cavabdeh orqan yeni elektron sistemdə mübahisəli ərazinin azalmaya məruz qalan hissəsini başqa şəxslərin istifadəsinə hansı əsasla verildiyini göstərmədən, torpaq sahəsinin məxsus olduğu subyektlərlə razılaşdırmadan dürüstləşmə aparmış, aparılan dürüstləşmə nə hüquq müəyyənedici sənədin (Dövlət Aktının) məzmununa, nə də iddiaçının faktiki torpaq istifadəsinə uyğun olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar