Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1161/2021 11.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 13.09.2021ci il tarixli qərardadla məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə işinə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 2012-ci ildən daxili işlər orqanlarında işləyir. İşlədiyi müddətdə daim işinə vicdanla yanaşaraq nümunəvi xidmət aparmışdır. Rəhbərlik tərəfindən verilən tapşırıqları daim qüsursuz yerinə yetirmiş və buna görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Lakin iddiaçı cavabdehin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Ona bildirilmişdir ki, DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin iddiaçı bildirir ki, o, xidməti fəaliyyətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X2 onun barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayətlər əsassızdır, şər və böhtan xarakterli şikayətlərdir. Rəvanə Cəfərzadə iddiaçının qardaşı Qanuni nümayəndə arvadıdır. Belə ki, iddiaçının qardaşı Qanuni nümayəndə 10 oktyabr 2020-ci il tarixdə Şəki regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə X4 ilə ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan X2 müəyyən psixoloji problemləri olduğundan münasibətləri pozulmuş və birgə yaşamaqları qeyri-mümkün hala gəlmişdir. Belə ki, iddiaçının qardaşı X4 ilə ailə qurandan sonra onda müəyyən psixoloji problemlərin olduğunu görərək ona müalicəsi üçün həkim psixiatra müraciət etməyi təklif etmişsə də, onu müalicə olunmağa razı sala bilməmiş, ona görə də ondan ayrılmaq qərarına gəlmiş və məcbur qalaraq nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan narazı qalan X4 məhkəmə iclasında iddiaçının qardaşına dərs verəcəyini, ondan boşanmağının ona baha başa gələcəyini bildirərək, müxtəlif hədələr etmişdir. Ona görə də X4 iddiaçının qardaşı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, həm iddiaçının qardaşı Tural, həm də iddiaçı barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir. X1 anlamır ki, heç kim zorla kimləsə nikahda saxlanıla bilməz və nikah könüllülük əsasında bağlanılır və tərəflər könüllülük əsasında nikahda qalırlar. Qanunvericiliyin tələbinə görə ər-arvad nikahın pozulmasına razı olmasa belə tərəflərdən biri onun pozulmasına təkid etdikdə nikah pozulur. X4 iddiaçının qardaşından və iddiaçıdan belə əsassız şikayətlər edərək iddiaçının qardaşını nikahın pozulmasından yayındırmağa çalışır və belə əsassız şikayətləri iddiaçının qardaşına qarşı təsir vasitəsi kimi istifadə edir. İddiaçı X2 şikayət ərizəsində yazılanlarla bağlı bildirir ki, həmin xüsusatlar şər və böhtan xarakterli məlumatlardır, iddiaçının qardaşının ondan ayrıldığı üçün intiqam almaq məqsədi ilə edilmişdir. Buna görə də iddiaçını guya X3 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin göründüyü kimi həmin şikayət iddiaçının xidməti fəaliyyətilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. İddiaçı bildirir ki, X2 iddiaçı ilə olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməyinin səbəbi kimi Rəvanə Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyi göstərilmişdir. Halbuki, Rəvanə Cəfərzadə heç də özünü zəhərləmək məqsədi ilə dərman qəbul etməmişdir. Belə ki, Şəki ŞRPŞ TB-nin təhqiqatçısı, polis kapitanı X5 HK- 1/322 nömrəli material üzrə qəbul etdiyi 21 mart 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı izahatı alınan X4 izahatında göstərmişdir ki, 20.03.2021-ci il tarixdə yaşadığı evdə saat 21:30 radələrində arıqlamaq üçün dərman qəbul edərək bir qədər ev işləri ilə məşğul olmuşdur. Sonra onun başı ağrımağa başlamış və ürəyi bulandığı üçün qaytarmağa başlamışdır. Bundan sonra o, zəhərləndiyini düşünüb təcili tibbi yardım çağıraraq Şəki MRX-ya müraciət etmişdir. Orda ona sistem qoşulduğu üçün vəziyyəti yaxşılaşmış, daha sonra ona dərman qəbul etdiyi üçün zəhərləndiyini bildirmişlər. Həmçinin həmin tarixdə onu evə buraxmışlar. O ehtiyatsızlıqdan arıqlamaq məqsədi ilə dərmanı icib zəhərləndiyi üçün hər hansı şikayət və tələbinin olmadığını, eləcə də hadisə zamanı yanında heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi R.Cəfərzadənin “dərman zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı Şəki ŞRPŞ-da araşdırma aparılmış və HK-1/322 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda iddiaçının həmin hadisə barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi formada məlumat verməməsindən söhbət gedə bilməz. Həmin qərar hal-hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir. R.Cəfərzadənin iddiaçının qardaşının ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkməyə müracət etməsindən sonra yenidən iddiaçının qardaşından guya onun intihar etməyə cəhd etməsi ilə bağlı şikayət etməsi də bir daha onu göstərir ki, R.Cəfərzadə iddiaçının qardaşından ondan boşandığı üçün intiqam almaq məqsədi ilə etdiyi şər və böhtan xarakterli şikayətdir. İddiaçı qeyd edir ki, xidmətdə olduğu müddətdə intizam məsuliyyətinə cəlb edilməmiş, özünü nizam intizamlı polis əməkdaşı kimi göstərmiş və onun barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinə heç bir şikayət daxil olmamışdır. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli, Ə96-189-21 nömrəli Əmrinin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli məktub və R.Cəfərzadənin Şəki ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, Şəki şəhər sakini R.Cəfərzadə polis nəfəri İddiaçı ona qarşı qanunsuz hərəkətlərindən şikayət etməsi ilə əlaqədar Şəki Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında, eləcə də qeyq edilən mobil tətbiqetmədə paylaşdığı şəkillərin alt hissəsində R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələrdən istifadə etmişdir. İddiaçı qardaşı Turalla aralarında boşanmaları ilə əlaqədar yaranan mübahisəyə, daha sonra onu sillə ilə vurmasına və nalayiq ifadələrlə təhqir etməsinə görə R.Cəfərzadə 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən polis nəfəri İddiaçı onun Şəki MRX-yə çatdırılması və zəruri tibbi preparatlarla təmin edilməsinə lazımi köməklik göstərsə də, məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat verməmişdir. Bundan əlavə, o da məlum olmuşdur ki, polis nəfəri İddiaçı internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etmişdir. Vətəndaş R.Cəfərzadənin müraciəti ilə əlaqədar polis nəfəri İddiaçı ŞRPŞ-nin rəisi tərəfindən qəbul edilərək onunla fərdi-profilaktiki söhbətlər aparılmış, polis əməkdaşına yaraşmayan hərəkətlərindən çəkinməsi, əks təqdirdə ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq tənqidi nəticə çıxarmamış, müsbət dönüş yaratmamışdır. Onun polis əməkdaşına yaraşmayan davranış və hərəkətləri vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olmuşdur. Polis nəfəri, polis serjantı İddiaçı cari ilin ötən müddəti ərzindəki xidmət göstəriciləri də qənaətbəxş deyildir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi" nin 1, 2, 3, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.02.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, R.Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135ci maddəsinin 9 bəndinə uyğün olaraq DİO-da xidmətdən xaric olunması əmr edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 24.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin və digər normativ hüquqi aktların tələblərini pozmasının müəyyən olunması ilə əlaqədar Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli təqdimat və vətəndaş X7 ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsi ətrafında araşdırma aparılmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi" nin 1, 2, 3, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.02.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya iddiaçının atdığı səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlər və xoşagəlməz məna başlıqlı ifadələrlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, Rəvanə Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyinə, ŞRPŞ-nin rəhbərliyi tərəfindən şəxsən qəbul edilərək iddiaçı ilə fərdi-profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətdə müsbət xarakterizə edilmədiyinə görə DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin 18.06.2021-cl il tarixli Ə96-189-21 nömrəli əmri İlə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Cavabdeh 09.08.2021-ci il tarixli məktuba iddiaçının işdən xaric edilməsinə dair materialları əlavə edərək məhkəməyə göndərmişdir. Məktuba əlavə edilmiş Şəki Rayon Prokurorluğunun Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı 25.05.2021-ci il tarixli məktubdan aydın olur ki, Şəki Rayon Prokurorluğu araşdırılan 98c-21 nömrəli materialı nəzərdən keçirib müəyyən edilmiş xüsusat üzrə İddiaçı barəsində xidməti araşdırma aparılaraq nəticəsi barədə Şəki Rayon Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Məktuba əlavə edilmiş Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli (d/0 189-15039-1121) məktubun və X7 ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsinin icrası üzrə aparılmış xidməti təhqiqata dair Rəyin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki ŞRPŞ-nin TİQ-nin baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı tərəfindən təhqir olunması barədə vətəndaş X2 müraciəti ilə əlaqədar Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli (d/0 189-15039-1121) məktubun və X7 ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu 16.06.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsinin araşdırılması üzrə toplanmış materialları nəzərdən keçirib təklif etmişdir: “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının etik davranış kodeksi" nin 1, 2 ,3 ,20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in 10.02.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq "Whatsapp” mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, Rəvanə Cəfərzadənin 20.03.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞnin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmağadək ağır ntizam məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiq hesab edilsin”. İddiaçının etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə 10.11.2021-ci il tarixdə iş üzrə məhkəmə çıxışını yazılı şəkildə məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə çıxışında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 17.06.2021-ci il tarixli “İddiaçı xidmət göstəricilərinə dair” Şəki ŞRPŞ-nin PPXB-nin komandiri, polis komandiri İlkin Bədəlov tərəfindən tərtib edilən arayışın təsdiq edilmiş surətində qeyd edilir ki, polis serjantı İddiaçı 2012-ci il tarixdən daxili işlər orqanlarında, 2016-cı il tarixdən hazıradək Şəki Şəhər-Rayon Polis Şöbəsinin PPX Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Müddət ərzində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsinə görə 2 nəfər, 521-ci maddəsinə (məişət səs-küyü) görə 3 nəfər və 211-ci maddəsinə (epidemiya əleyhinə rejimlərin pozulması) görə 4 nəfər şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etmişdir. İş göstəriciləri günün tələbləri səviyyəsində deyildir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Həmçinin iddiaçı mübahisəli əmrin ləğvi ilə bağlı iddia ərizəsini 14.07.2021-ci il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Polis haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 727-İQ nömrəli Qanunun: 1-ci maddəsinə əsasən polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; 5-ci maddəsinin İİ hissəsinə görə, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Polis əməkdaşının ümumi vəzifələri Qanunun 13-cü, Polis əməkdaşının xidmətdən xaric edilməsi halları isə 34-cü maddəsində öz əksini tapmışdır. DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin: Ümumi müddəalarına əsasən dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquqmühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi (bundan sonra Davranış kodeksi) - əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas sayıla bilər. 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 2-ci maddəsinə görə anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. 3-cü maddəsinə əsasən, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. 11-ci maddəsinə görə, sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. 14-cü maddəsinə əsasən, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. 20-ci maddəsinə görə, xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. 29 iyun 2001-ci il 168-İİQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin: 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyi halda xidmətdən xaric edilə bilər: Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin 18.06.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1161/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1161/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver