Məhkəmə qərarları › İş №2-1(116)-1162/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1162/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1162/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət qulluğu stajının ümumi əmək stajına hesablanması barədə” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət qulluğu stajının ümumi əmək stajına hesablanması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 1987-ci il tarixdə Şəki rayonu Cumay kənd X2 İcraiyyə Komitəsinin katibi seçilmişdir. Həmin vəzifəni 26 iyun 1987-ci il tarixdən 05 noyabr 2012-ci il tarixədək icra etmişdir. 19 noyabr 2021-ci il tarixdə 65 yaşının tamam olduğu zaman cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan həmin vəzifədə çalışmağının yalnız xx.xx.1991-ci ildən sonrasını dövlət qulluğu stajı kimi hesablamışdır. 25 iyul 2024-cü il tarixdə pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, sonuncusu isə imtina cavabı vermişdir və hazırki mübahisə yaranmışdır. Cavabdeh orqan, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı’nda Cumay kənd X2 icraiyyə komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından və iddiaçının işlədiyi katib vəzifəsi qeyd olunan Siyahıda əks olunmadığından 18 oktyabr 1991-ci il tarixədək olan dövrlərin onun dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda (bundan sonra - Siyahı) İddiaçı xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Şəki rayonu, Cumay kənd X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Belə ki, siyahının 1.1-ci bəndinə əsasən rayon (səhər) X2 İcraiyyə Komitəsinin Aparatında icraiyyə komitəsinin sədri vəzifəsi mövcud olub, lakin bu vəzifə yalnız rayon (şəhər) X2 İcraiyyə Komitəsinə aiddir. Göründüyü kimi, İddiaçı Şəki rayonu, Cumay kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluqçusu stajı kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 21 il 17 gün olmaqla xx.xx.1991-xx.xx.2012ci il tarixləri əhatə etdiyindən dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının dövlət qulluqçusu kimi əmək pensiya yenidən hesablanmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iclasında iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

1. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. 019678 nömrəli diplomun surəti;

3. H3 ******* nömrəli hərbi biletin surəti;

4. İT-İ ******* nömrəli əmək kitabçası;

5. AZE ******* nömrəli kolxozçunun əmək kitabçası,

6. AA ******* nömrəli şəxsiyyət vəsiqəsi,

7. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.1987-xx.xx.1991-ci il aralığında Şəki rayonu Cumay kənd X2 İcraiyyə Komitəsinin katibi vəzifəsində dövlət qulluqçusu kimi işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, hazırki iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının hüquqi marağə 26 iyun 1987-ci il tarixdən 18 oktyabr 1991-ci il tarixinədək Şəki rayonu Cumay kənd X2 İcraiyyə Komitəsinin katibi vəzifəsində dövlət qulluqçusu kimi işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı əsasında mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısı”nda (bundan sonra - Siyahı) İddiaçı xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Şəki rayonu Cumay kənd X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Belə ki, siyahının 1.1-ci bəndinə əsasən rayon (səhər) X2 İcraiyyə Komitəsinin Aparatında icraiyyə komitəsinin sədri vəzifəsi mövcud olub, lakin bu vəzifə yalnız rayon (şəhər) X2 İcraiyyə Komitəsinə aiddir. Göründüyü kimi, İddiaçı Şəki rayonu, Cumay kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluqçusu stajı kimi nəzərə alınmalı deyildir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək və aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibarilə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət qulluğu stajının ümumi əmək stajına hesablanması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar