Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1164/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Şərifova (Ağasiyeva) Nuranə Mahir qızına və Şərifova (Abdullayeva) Rəvanə Mahir qızına Qəbələ rayonu ərazisindən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə onlara JN-0041, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Şərifova (Ağasiyeva) Nuranə Mahir qızına və Şərifova (Abdullayeva) Rəvanə Mahir qızına Qəbələ rayonu ərazisindən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə onlara JN-0041, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçıların anoloji tələblə cavabdeh inzibati orqana müraciət etməsi, müraciətlərinin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. İddia ərizənizə əlavə edilən, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubundan və ilkin müraciət ərizəsindən (cavabdeh orqanın təqdim etdiyi) görünür ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, cavabdeh orqana etdiyi müraciət – özlərinin və ailə üzvlərinin adına olan torpaq sahəsinin həmkəndliləri Seyidov Seyidin torpaq şəhadətnaməsinə səhvən düşməsi və bu anlaşılmazlığın aradan qaldırılması ilə bağlı olmuşdur. Yəni, iddiaçılar cavabdeh orqana “0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə JN-0041, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması” tələbi ilə müraciət etməmişlər. Hazırkı iddia ərizəsində qeyd olunmuş tələblə bağlı cavabdeh orqanda hər hansı inzibati araşdırma aparılmamış və müraciətini təmin edilməsindən imtina edilməmişdir. Odur ki, iddiaçılara təklif olunmuşdur ki, iddia tələbini cavabdeh orqana etdikləri ilkin müraciətə uyğun dəqiqləşdirsinlər. Qeyd olunan nöqsanın aradan qaldırılması üçün məhkəmə iddiaçıya 5 (beş) gün müddətində vaxt təyin etmişdir. Lakin, ötən müddət ərzində qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqana iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti olmadığından, hazırkı mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin” 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Xidməti” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Şərifova (Ağasiyeva) Nuranə Mahir qızına və Şərifova (Abdullayeva) Rəvanə Mahir qızına Qəbələ rayonu ərazisindən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə onlara JN-0041, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardadın “iddia tələbinin mümkün sayılmaması ilə bağlı hissəsindən” onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1164/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1164/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver