Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1165/2022 28.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət sənədlərində səhv olaraq qeyd edilmiş X2 mülkiyyətçilər sırasından çıxarılması və həmin mülkiyyət sənədlərində mülkiyyətçi olaraq X10 qeyd edilməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyət sənədlərində səhv olaraq qeyd edilmiş X2 mülkiyyətçilər sırasından çıxarılması və həmin mülkiyyət sənədlərində mülkiyyətçi olaraq X4 qeyd edilməsini düzəliş edilməklə hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışın və ölçü planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1165/2022 nömrəli qərardadı ilə X12, X5, X6, X7 və X8 oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıya 5 nəfər ailə üzvü ilə birlikdə JN-054A, JN-054B və JN- 122, kod 40605038 nömrəli sənədlərlə müvafiq olaraq 0.11, 0.25 və 1.09 ha torpaq sahələri ayrılmışdır. Həmin sənədlərdə iddiaçının ailə üzvləri sırasında X2 adı qeyd edilmişdir. İddiaçı “Aysel” adında ailə üzvünün olmamasını və əslində onun ailə üzvünün adının (oğlu) Rüfət olmasını və sonuncunun 2005-ci ildə vəfat etməsini bildirərək həmin sənədlərə düzəliş edilməklə yeni çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buan görə də hazırkı inzibati münahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını sözügedən sənədlərə dəyişikliyin edilməsinə səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Хİ-ЖГ 268408 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1985-ci ildə doğulmuşdur. Atası – İddiaçı, anası – X9r. - AZ-İ 088393 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2005-ci ildə vəfat etmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-054A, kod 40605038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0.11 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuş, ailə üzvləri siyahısında X5 qeyd edilmişdir. - JN-054B, kod 40605038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 0.25 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuş, ailə üzvləri siyahısında X5 qeyd edilmişdir. - JN-122, kod 40605038 nömrəli “Torpağ mülkiyyət hüququna dair” Dövlət Aktndan görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə 1.09 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuş, ailə üzvləri siyahısında X5 qeyd edilmişdir. - Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş, xx.xx.1985-ci il tarixli 63 nömrəli doğum akt qeydindən görünür ki, xx.xx.1985-ci ildə doğulmuş uşaq haqqında məlumatlarda soyadı – “Mahmudov”, adı –“Aysel”, ata adı – “Süleyman”, cinsi – kişi, ana haqqında məlumat – X12 qeyd edilmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 79 nömrəli məktubuna əlavə edilmiş, Xıxatala kəndi üzrə təsərrüfatbaşına kitabdan 1991-2000-ci illər üzrə iddiaçının təsərrüfatına aid 586 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, iddiaçının təsərrüfatının üzvləri siyahısında X11 (xx.xx.1985) qeyd edilmiş, daha sonra “Aysel” adının üstündən xətt çəkilərək “Rüfət” yazılmışdır. - Qəbələ rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası tapılmamışdır. - cavabdeh orqan tərəfindən təqdim edilmiş subyektlər siyahısından (DBF) görünür ki, iddiaçının ailə üzvləri sırasında X5 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh orqan X2 adını səhvən həmin şəhadətnaməyə daxil etmişdir. Əslində qeyd olunmalı olan subyektin adı X10 olmuşdur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. İşdə olan torpaq payı almaq hüququ olan subyektlər siyahısından göründüyü kimi, X2 adı torpaq sahəsinin ayrılması ilə bağlı subyektlər siyahısında baxmayaraq, əslində iddiaçının belə bir ailə üzvü olmamışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1985-ci ildə oğlu dünyaya gəlmişdir. İlkin doğum akt qeydində də uşağın cinsi kişi qeyd edilməsinə baxmayaraq, ad qrafasında “Aysel” adı yazılmışdır. Eyni zamanda işdə olan təsərrüfatbaşına kitabda da iddiaçının ailə üzvləri sırasında “Aysel” adına münasibətdə soyad “Mahmudov” olaraq, həmçinin “Süleyman oğlu” qeydləri icra edilmişdir. Sonradan isə “Aysel” adının üstündən xətt çəkilərək “Rüfət” qeyd edilmişdir. Torpaq islahatı aparılan zaman subyektlər siyahısının tərkibi təsərrüfatbaşına kitablarda qeyd edilən təsərrüfat subyektləri əsasında formalaşdığından həmin sənəddə iddiaçının ailə üzvünün adının səhv yazılması sonrakı sənədlərdə də həmin səhvin təkrarlanmasına və iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin məzmununa yanlış məlumatların daxil edilməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı “Aysel” adlı iddiaçının ailə üzvünün olması öz təsdiqini tapmamış, əksinə iddiaçının “Rüfət” adlı övladının olması və onun xx.xx.2005ci ildə vəfat etməsi iş materialları ilə sübuta yetirilmişdir. Odur ki, X2 adının JN-054A, JN-054B və JN-122, kod ******* nömrəli sənədlərə daxil edilməsi qanunvericiliyin tələbinə uyğun olmamış və sənədlərin məzmununun təhrif edilməsinə səbəb olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyət sənədlərində (JN-054A, JN-054B nömrəli Şəhadətnamələr və JN-122, kod ******* nömrəli Dövlət Aktı) səhv olaraq qeyd edilmiş X2 mülkiyyətçilər sırasından çıxarılması və həmin mülkiyyət sənədlərində mülkiyyətçi olaraq X10 qeyd edilməklə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.