Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1167/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı Cavabdehnə qarşı "üçüncü şəxslər X4, X6 və X5 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 6-da yerləşən 24 nömrəli mənzil mülkiyyət hüququ əsasında 06.03.2006-cı ildə İddiaçı adına qeydə alınmış və ona bu barədə 7211 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Üçüncü şəxs X7 iddiaçının oğlu X13 ilə ailə qurmuş və iddiaçıya məxsus olan mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Üçüncü şəxsin 04.10.2007-ci ildə doğulmuş övladı X12 və 20.08.2010-cu ildə doğulmuş övladı X10 da həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçının oğlu X13 25.03.2018-ci ildə vəfat etmiş, Mingəçevir "ASAN xidmət" Mərkəzi tərəfindən onun ölməsi barədə 02.07.2021-ci il tarixli AZ-İİ seriyalı 190630 nömrəli "Ölüm haqqında şəhadətnamə" verilmişdir. Hazırda üçüncü şəxslər X7, X12 və X10 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. İddiaçı sözügedən mənzildən X4, X6 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 23.06.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən mənzil hazırda onun mülkiyyətindədir, X4, X6 və X5 həmin mənzildə qeydiyyatda qalması üçün əsas yoxdur. İddia ərizəsində X4, X6 və X5 qeydiyyatdan çıxarılması tələb edilsə də, onlardan yalnız birincinin adı üçüncü şəxs kimi göstərilmişdir. Ona görə də məhkəmənin 17.07.2021-ci il tarixli qərardadı ilə X12 və X10 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh məhkəməyə göndərdiyi 07.08.2021-ci il tarixli məktubda bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı daxil olduqdan sonra üçüncü şəxslər qeydiyyatdan çıxarılacaqlar. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər gəlmədiyinə, cavabdeh isə məhkəməyə göndərdiyi 02.09.2021-ci il tarixli məktubda işə nümayəndəsinin iştirakının olmadan baxılmasına etiraz etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 7211 nömrəli "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 6-da yerləşən 24 nömrəli mənzil mülkiyyət hüququ əsasında 06.03.2006-cı ildə İddiaçı adına qeydə alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 28.06.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X7, X11, X14, X10 və X2 şəhəri İ.Qayıbov küçəsi ev 6-da yerləşən 24 nömrəli mənzildə qeydiyyatdadırlar. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 11.08.2021-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 6-da yerləşən 24 nömrəli mənzil Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən 06.03.2006-cı il tarixli 7211 nömrəli qeydiyyat vəsiqəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. X4, X6 və X5 həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.09.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, üçüncü şəxs X1 mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı halda, onun qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən üçüncü şəxs X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Digər üçüncü şəxslər X12 və X10 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşdən görünür ki, həm X6, həm də X5 yaşı on dörddən azdır. Onların atası vəfat etmiş və hazırda onlar anaları X7 ilə birlikdə yaşayırlar. X7 hazırda iddiaçıya məxsus mənzildə deyil, başqa ünvanda yaşadığına görə məhkəmə bu qənaətə gəldi ki, üçüncü şəxs X7 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmalı olduğuna görə onun övladları X12 və X10 da həmin mənzildən qeydiyyatdan çıxarılmalıdırlar.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 6-da yerləşən 24 nömrəli mənzildən üçüncü şəxslər X4, X6 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.