Məhkəmə qərarları › İş №2-1(116)-1168/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1168/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1168/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, noyabr 1993-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə getmiş, N saylı hərbi hissələrin tərkibində Kəlbəcər bölgəsində döyüşmüş, müharibədə iştirakını təsdiq edən mötəbər sənədlərin olmasına baxmayaraq cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. O, heç vaxt fərarilik etməmiş, erməni işğalçı ordusuna qarşı döyüşmüş və onu hərbi hissə tam təminatdan çıxarmışdır.Yəni, tərxis olunmuşdur. Hərbi biletində hərbi hissədən tərxis olunması qeyd olunub. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alıb müharibə veteranı vəsiqəsi və statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N-cü il fevral ayında onun tərkibində olduğu briqada dağılmış, bundan sonra o, Şəmkirin Seyfəli kəndinə getmiş, lakin hərbi hissədən ona “sizin N ay vaxtınız bitib yenidən qəbul edə bilmərik” deyilmişdir. Buna görə də, o, N-cü ilin fevral ayında geri qayıtmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 29.07.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını iddiaçının fevral N-cü il tarixdən sonrakı dövrdə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın aşkar edilməməsi ilə əsaslandırmış və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.06.2019-cu il tarixli məktubu, - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 07.04.2017-ci il tarixli 9/2-6064 nömrəli arxiv arayışı, - Tərtər Hərbi Prokurorluğunun 27.07.2021-ci il tarixli 22HP3876 nömrəli məktubu, - Qarabağ Hərbi Prokurorluğunun 06.08.2021-ci il tarixli 18/3851 nömrəli məktubu, - Şəki Şəhər Rayon Polis Şöbəsinin 09.08.2021-ci il tarixli 189-21455-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, - Füzuli Hərbi Prokurorluğunun 12.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubu, - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 17.08.2021-ci il tarixli HP12/30- 1083 nömrəli məktubu, - H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və SHXÇDX-nin Mingəçevir şəhər Şöbəsinin 02.08.2021-ci il tarixli 1108 nömrəli məktuba əlavə etdiyi, iddiaçının qeydiyyat kartasının surəti. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 17.08.2021-ci il tarixli HP12/30-1083 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 06.08.2021-ci il tarixli 18/3851 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 12.08.2021-ci il tarixli 16/3972 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 27.07.2021-ci il tarixli 22HP3876 nömrəli məktubundan görünür ki, 1961-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi olmuşdur. İş materiallarında olan, H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən və SHXÇDX-nin Mingəçevir şəhər Şöbəsinin 02.08.2021-ci il tarixli 1108 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının surətidən görünür ki, müvafiq sənədlərdə iddiaçının Mingəçevir ŞHK tərəfindən hərbi xidmətə səfərbər edilməsi barədə məlumat olsa da, hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qeyd yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.06.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının 1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından, “Müharibə Veteranı” adının verilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 07.04.2017-ci il tarixli 9/2-6064 nömrəli arxiv arayışında qeyd olunub: - N №-lli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 12.12.1993, səh-76, sıra-5) 17.11.1993-cü il tarixdə Mingəçevir RHK-dan çağırılmış xx.xx.1961-ci il təvəllüdlü sıravi İddiaçı komandirin 17.11.1993-cü ii tarixli N №-İi əmrilə hərbi hissənin siyahısına daxil edilməsi və 6 MAT-da atıcı vəzifəsinə təyin olunması barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 17.11.1993-cü il tarixli 254 №-li əmrində (əsas: §-7, səh-9) Mingəçevir ŞHK-dan cağrılmış bir qrup hərbi mükəlləfiyyətlinin 6-cı taborun tərkibinə təyin olunmaqla bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin noyabr 1993-cü il tarixli adlı siyahı qovluğunda (əsas: noyabr 1993, sıra-8) Mingəçevir RHK-dan hərbi xidmətə çağırılmış, N №-li hərbi hissəyə təhvil verilmiş Mingəçevir batalyonunun şəxsi heyətinin siyahısında 1961-cü təvəllüdlü X1 adı vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral Ncü il, 01.03.N-cü il tarixli 60 №-li nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 09.08.2021-ci il tarixli 189-21455-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.04.2017-ci il tarixli 9/2-6064 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, N saylı hərbi hissənin əmrlərində iddiaçının N-cü ilin fevral ayından sonrakı xidməti barədə məlumat yoxdur. İddiaçı özü də məhkəmə iclasında izahat verərəkən N-cü il fevral ayında onun xidmət etdiyi hərbi hissənin dağıldığını və digər hərbi hissələrə qəbul edilmədiyindən N-cü ilin fevral ayında geri qayıtdığını bildirmişdir. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.04.2017-ci il tarixli 9/2-6064 nömrəli arxiv arayışında göstərilən qeydlərin doğru olduğunu və faktiki olaraq iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını sübut edir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar