Məhkəmə qərarları › İş №2-1(116)-1169/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1169/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1169/2025 02.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “tam reabilitasiya olunmasına dair qərarın ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “iddiaçı xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu Qoşabulaq kəndində anadan olmuşdur. Belə ki, Erməni quldurlarının ölkəyə hərbi təcavüzü başladıqdan sonra 1992-ci ilin avqust ayından cəbhəyə yollanmışdır. 1993-cü ildə N saylı hərbi hissədə Tərtər döyüşlərində baş-çiyin nahiyyəsindən yaralanmışdır. 1992-ci il tarixdən 11,04.1994-cü il tarixədək Zəngilan. Ağdam və Tərtər zonalarında gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbİ Həkim Komissiyasının 291 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən və xx.xx.2023- cü ildə Müdafiə Nazirliyinin Tibbi eksperitza və pataloji anatomiya mərkəzində canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanma və tramvanın nəticələri - hərbi travmadır, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir. Döyüş zamanı aldığı xəsarətlər get-gedə ağırlaşdığından və ona ciddi çətinliklər törətdiyindən iddiaçıya müvafiq əlliliyin təyin edilməsi üçün müraciət etdi. İddiaçının müraciəti müsbət qiymətləndirilərək xx.xx.2019-cu ildə ona müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. Əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyüyün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz isə - F06.6 üzvü mənşəli emosional labil (astenik) pozuntu. Baş beyin travması (xx.xx.1993) nəticəsində şəxsiyyətin kəskin ifadəli astenik tipli pozuntusu, nəzərəçarpan davamlı davranış pozuntuları və qıcolma tutmaları ilə (ayda 9-10 dəfə) Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ərtafın parezi T92.4 Yuxarı ətrafın sinirinin travmasının nəticələri, sağ saidin yuxarı 3/1-nin yuşmaq toxumalarının dəlib keçən güllə yaralanmasından (xx.xx.1993-cü il) sonra orta dirsək sinirlərinin neyropatiyası. İddiaçı "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasf'na uyğun olaraq ona avtomobil verilməsi üçün müraciət etdi. Bundan sonra iddiaçı Agentlikdə qəbulda oldu. Həmin gün iddiaçı həkim komissiyası tərəfindən qəbul edildi. Həmin qəbul zamanı hər-hansı bir müayinə olunmadı, sadəcə vizual baxış keçirməklə onu müşahidə etdilər. Bundan sonra ona müraciəti nəticəsi barədə cavab veriləcəyini bildirdilər. Bundan bir müddət sonra iddiaçı dövlət tərəfindən təyin edilmiş əllilik pensiyasını almaq üçün getdikdə pensiyanın hesaba vurulmadığını gördü. Dərhal müraciət etdikdə ona əlliliyinin dayandırıldığı bildirildi. Bundan sonra iddiaçı dəfələrlə həmin orqana müraciət etsə də müraciti əsasında heç bir məlumat verilməmiş və müraciətləri cavabsız və nəticəsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il qeyd edilmişdir. İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə heç kimə müraciət etməmişdir. İddiaçının müraciəti minik avtomobilinin alınması ilə bağlı olmuşdur. Həmin məktubda iddiaçının sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və iddiaçının tam reabilitasiya olunmağı barədə qərar qəbul edildiyi göstərilsə də, həmin qərar iddiaçıya təqdim edilməmişdir. Həmin imtina qərarını orqandan istəməyinə baxmayaraq bu günə kimi həmin qərar iddiaçıya rəsmi şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehin onun barəsində qəbul etdiyi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Hörmətli məhkəmə iddiaçının vətənin- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi və yaralanmağı işin mübahisəsiz halı olmaqla aldığı xəsarətləri yuxarıda da məhkəminin diqqətinə çatdırmışdır. İddiaçı qeyd edir ki, o 2019-cu ildən ömürlük olaraq üçüncü qrup əlilliyə çıxmışdır. Yəni müddətsiz əlilliyin təyin edilməsinin üzərindən heç üç il keçməmiş cavabdeh hansı əsasla yenidən komissiya etmişdir. Bir daha diqqətinizə çatdırıram ki, mənim tam reabilitasiya olunmağım barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş qərar dəfələrlə müraciət etməyimə baxmayaraq mənə təqdim edilməmişdir. Hörmətli məhkəmə bir daha diqqətinizə çatdırıram ki. mən xx.xx.2019-cu ildən ömürlük olaraq üçüncü qrup əlilliyə çıxmışam. Ömürlük əlillik o vəziyətdə təyin edilir ki, aşkar edilmiş xəsarətlərin sağalma ehtimalı yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məni hansı əsasla yenidən komissiya etmişdir. İşİn faktiki hallarından görünür ki. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mənim tam reabilitasiya olunmağım barədə qəbul etdiyi qərar mənim hüquqlarımın pozulmasına yönəldildiyindən məhkəmə qaydasında ləğv edilməlidir.”. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “iddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni : Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İ QM) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və dissosiativ əlamətlərlə...və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, İsmayıllı rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 291 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyeksiyasında köhnə çapıq toxumalar” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başda və qarnında olan ağrıdan şikayət etmişdir. Obyektiv baxış zamanı alnında, sağ baldırın yuxarı 1/3-də, qarnın sağ tərəfində yumşaq toxuma çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, əlin tutma funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında uğultu, ürək sıxılmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında ürəyi sıxıldığını (2-3 saat), spazmlarının tutduğunu, həmin vaxt medikamentoz preparatlardan “Depakin” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı alın və qarnın ön divarında çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Təqdim olunmuş hərbi sənədlərdə kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamış, obyektiv müayinə zamanı təsdiqlənməmiş, ekspertiza üçün əhəmiyyətli olan baş-beynin instrumental müayinə nəticələrini (EEQ, KT) təqdim etməmiş, müayinələrdən keçdiyini bildirsə də, onların adlarını, necə aparıldığını söyləyə bilməmişdir. Psixi statusunda bələdliyi zamana və məkana görə qorunmuş, tənqidi tam izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilməmişdir.” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafından güllə yarası aldığını bildirmiş, başağrısı, yaddaş pozuntusu, özündəngetmə halları olmasından şikayətlənmişdir. Anamnezində 1994-cü ildən etibarən bu formalı qıcolma tutmaları olduğunu bildirmiş, tutma zamanı dilinin qatlanıb, ağzından köpük gəldiyini, tutmalarının ay ərzində 10-12 dəfə baş verdiyini, sonuncu tutmasının keçən həftə olduğunu, lakin dəqiqliklə hansı gün baş verdiyini bilmədiyini, Depakin, Amitriptilin, Halaperidol qəbul etdiyini söyləmiş, lakin qəbul qaydasını izah edə bilməmişdir. Həmçinin qeyd etməliyik ki, Amitriptilin və Halaperidol qıcolma zamanı təyinatı əks göstərişdir. Xəstə Psixiatrik xəstəxanaya getməsinin səbəbini izah edə bilməmişdir. 1994cü ildən özünü xəstə hesab etdiyini bildirsə də, müvafiq sənədlərini təqdim etməmişdir. Baxış zamanı sağ baldırın bayır səthində yanıq izinə bənzər çapıq (özünün güllə yarası olduğunu iddia etdiyi) izlənilmiş, qarının ön divarında zərif dəri çapığı, alın nahiyəsində 1 ədəd çapıq qeyd edilmiş, hər iki aşağı ətrafda dəri örtüyü adi rəngli, tük örtüyü saxlanılmış, əzələlər simmetrik, normal inkişaf etmiş, hərəkətlər sərbəst, ağrısız olmuşdur. Psixi statusunda şəxsiyyətin patoloji inkişafı və dəyişikliyi müşahidə edilməmiş, heç bir kliniki əlaməti əsaslandıra bilməmiş, kifayət qədər incə məqamları xatırlamağına baxmayaraq, yaddaş pozuntusundan şikayətlənmişdir. Hazırda əlilliyə əsas verən psixi pozuntu əlamətləri izlənilməmişdir. Bildirməliyik ki, stasionar müalicələri əlillik üçün müraciət etdiyi tarixlərə uyğun olmuş, təyinat olduqdan sonra müraciətləri dayanmışdır.” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə kəllə beyin travması aldığını, ətrafdakı insanlarla anlaşa bilmədiyini, bir ay ərzində təxminən ~7-9 qıcolma tutmalarının olduğunu, əsasən əsəbləşən zaman baş verdiyini, bu zaman ağzından köpük gəldiyini, ətrafda baş verənləri eşitmədiyini bildirmiş, medikamentoz preparatlardan “Depakine” qəbul etdiyini qeyd etmişdir. Vətəndaş əsəbiləşən zaman ətrafdakı əşyalara zərər yetirdiyini, psixiatrik xəstəxanalara bu səbəbdən müraciət etdiyini söyləmişdir. Müayinə zamanı alın nahiyəsində, sağ körpücükaltında, sağ baldırın yuxarı 1/3-də çapıqlar, qarının sağ tərəfində qeyri-düzgün təxminən 10-12 sm ölçüdə əməliyyat çapığı, sağtərəfli appendektomiya əməliyyatına məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Anamnestik məlumatlarda epitutma üçün xarakterik əlamətləri təsvir edə bilməmiş, 1994-cü ildən özünü xəstə hesab etdiyini bildirsə də, müvafiq sənədlərini təqdim etməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını, baş-beynin digər instrumental müayinə nəticələrini (KT, MRT) təqdim etməmişdir. Psixi statusunda verilən sualları mətləbə uyğun olaraq cavablandırmış, başağrıları, ürək getmələrdən şikayətlənmişdir. Bir qədər həyəcanlı izlənilmiş, bələdliyi bütün formalarda saxlanılmış, aktual psixoproduktiv simptomatika aşkar olunmamış, yaddaş və intellekti yaşına və həyat tərzinə uyğun olmuş, aqrovasiyaya meyllilik müşahidə edilmişdir. Şəki rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6877/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozuntu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 3394 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5197 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 7978/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını, baş-beynin digər instrumental müayinə nəticələrini (KT, MRT) təqdim etməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji defisit və şəxsiyyət pozuntusu əlamətləri aşkar edilməmişdir. Qeyd etməliyik ki, vətəndaşın adı 3-17-4/3- 1-14480/2023 nömrəli qərara Qara siyahıya əlavə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarının surəti. • İddiaçıya məxsus SX ******* hərbi biletin surəti. • İddiaçıya məxsus M/V 057555 vəsiqənin surəti. • İddiaçıya məxsus Ə 008594 seriya nömrəli İİİ qrup əlillik müharibəsi vəsiqəsinin surəti. • TSEK-in qiymətləndirmə nəticələri. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı • Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1169/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. • “Məhkəmə-X2”nin xx.xx.2025-ci il tarixli ekspert rəyi. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 291 nömrəli Qərar verilmişdir. Həmin qərarda “odlu silah güllə yaralanmalarəndan və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldırın yuxarı 1/3-nın baylr səthində, qarının ön səthində və sağ qalça çuxuru proyeksiya köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni : Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İ QM) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və dissosiativ əlamətlərlə...və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, İsmayıllı rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya hərbi travma nəticəsində qazanılmış xəstəliyin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Agentliyin qəbul etdiyi qərarında qanunvericiliyin tələblərinə əməl olunub olunmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri,digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X2 X3 xx.xx.2025-ci il tarixli 4630 nömrəli rəyi ilə təsdiq olunmur. İş üzrə əldə edilmiş ekspert rəyində “Motivləşdirici” hissəsində qeyd edilmişdir ki, “İddiaçı üzvi (qapali kəllə-beyin travmasi nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyalarin enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zamanı mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, Gəncə Rayon Xəstəxanasında, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar Şəki Rayon Psixiatriya Xəstəxanasında, SN “Respublika Psixiatriya Xəstəxanası’’ PHŞ-də dəfələrlə stasionar müalicə alması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında xx.xx.2024-cü il tarixdə professor Fuad İsmayılov tərəfindən müayinə olunarkən “Üzvi (İ-Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təyin edilməsi həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir . qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair sübut edir. “İİ Yekun hissəsi.” İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 6-cı sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 197 nömrəli Qərarı lə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 2-ci bəndində müəyyən olunmuş “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələrinə aiddirmi? Aiddirsə kateqoriya üzrə məhdudlaşma dərəcəsi hansıdır? 7-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı orqanizmin funksiyalarının pozulması faizləri nə qədərdir? 1-ci, 6-cı və 7-ci suallara cavab: Qərarda qoyulmuş sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi" X3 səlahiyyətlərinə aiddir. 2-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapırmı? Cavab:Yoxlanılan şəxs İddiaçı üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. 3-cü sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? 4-cü sual: xx.xx.1070-ci İl tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacının olması müəyyən edilmi? 3-cü və 4-cü suallara cavab: Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. 5-ci sual: xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarından göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi varmı? Cavab: İddiaçı qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi vardır.”. Göründüyü kimi iddiaçıda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur, üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, onun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır, İddiaçı qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi vardır. Qeyd olunmalıdır ki, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, dünya səhiyyə təşkilatı (ÜST) tərəfindən hazırlanmış və psixi sağlamlıq sahəsində diaqnoz qoymaq və tədqiqat aparmaq üçün istifadə olunan bir sistemdir. Bu təsnifat, müxtəlif ölkələrdəki psixi pozğunluqların diaqnoz və müalicəsinin uyğunlaşdırılmasına kömək edir. Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F07)” bölməsində “Üzvi mənşəli şəxsiyyət pozuntu” diaqnozu F07.0 kodu ilə qeyd olunmuşdur. Belə olan halda cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsinin 7.6-ci bəndində “Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular” qeyd edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli 3-17-4/3-3- 6086/2024 nömrəli qərarı ləğv olunmalı, iddiaçıya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli 3-17-4/3-3-6086/2024 nömrəli qərarı ləğv olunur. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar