Məhkəmə qərarları › İş №2-1(116)-117/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-117/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-117/2021 06.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun Cavabdehnə qarşı “Cavabdeh tərəfindən qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1940-cı ildə anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli, Seriya MA № ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Ona məxsus bu fərdi yaşayış evi Şadlinski və N.Nərimanov küçələrinin kəsişməsində yerləşdiyinə və əsas daşıyıcı qaz borusunun N.Nərimanov küçəsində olduğuna görə məişət qaz istehlakçısı kimi onun ünvanı N.ünvan 3inin kütləvi qazlaşdırılması aparılarkən onun Yevlax şəhərində olmamağından sui-istifadə edən, "Cavabdeh" İB-nin sifarişi əsasında qaz çəkilişini həyata keçirən podratçı "Cavabdeh Layihə-İnşaat" QSC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 3.39. bəndinin və qaydalara 2 nömrəli əlavənin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, binanın divarı boyu çəkilən qaz borusu pəncərə və qapı boşluqları ilə kəsişmiş, qaz kəmərinin darvazadan keçən hissəsində yerin səthindən qaz borusuna qədər olan 4 metrlik hündürlük standartına əməl olunmamış, qaz borusu darvazanın yuxarı hissəsindən 50 sm aşağıdan keçməklə onun şəxsi həyətinə yük avtomobillərinin girişini məhdudlaşdıraraq öz şəxsi mülkiyyətindən sərbəst istifadə hüququ kobud surətdə pozulmuşdur. Ona görə də o, xx.xx.2019-cu ildə qaz çəkilişində buraxılmış bu nöqsanların aradan qaldırılması məqsədi ilə Cavabdeh X4-İstismar İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. X4-İstismar İdarəsi ona ünvanladığı xx.xx.2019-cu il tarixli, AM-07-2938/Q saylı məktubda bildirmişdir ki, qaz xətlərinin yenidən dəyişdirilməsi işləri Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən, lisenziyası olan “Cavabdeh Layihə-İnşaat” QSC tərəfindən yerinə yetirilməlidir. Görüləcək işlərin dəyəri onun tərəfindən ödənilməlidir”. X4-İstismar İdarəsi problemi mahiyyəti üzrə həll etmək əvəzinə məsuliyyəti və xərcləri qanunsuz olaraq onun üzərinə atmışdır. Ona görə də qaydaları pozmaqla çəkilmiş qaz xətlərinin yerinin dəyişdirilməsi məsələsinin qanuna uyğun həll edilməsi üçün tabelik qaydasında xx.xx.2019-cu il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Cənab R.Abdullayevə və "Cavabdeh" İB-nin baş direktoru Cənab Ə.Hacıyevə müraciət etmişdir. Hər iki ünvana şikayət ərizələrinin çatması barədə rəsmi xəbəmamə almışdır. Lakin hər 2 orqan Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında" Qanununun 10.1. maddəsinin tələblərini kobud surətdə pozaraq (30 iş günündə vətəndaşa cavab verilməsi barədə) bu günə qədər onun şikayət ərizəsi üzrə görülmüş və ya görüləcək tədbirlər barədə onu heç bir rəsmi məlumat verməmişlər. Cavabdeh "Cavabdeh" İВ Azərbaycan Respublikası Dövlət Arxitektura və Tikinti Komitəsinin xx.xx.1999-cu il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş və xx.xx.2000-ci ildən qüvvədə olan “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalarının’’ tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı X1 iddiası əsassızdır. Belə ki, Yevalx şəhəri N.Nərimanov küçəsindəki mövcud D57 mm-lik qaz xətti 1974-cü ildə istismara verilmişdir. Cavabdeh SOCAR**********31671373X00028 saylı xx.xx.2017-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixindən etibarən mövcud qaz xəttlərinin yerinin dəyişdirlməsi işləri vətəndaşların öz vəsaitləri hesabına Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən “xxxx” MMC tərəfindən görülür. Belə ki, vətəndaş ərizəsilə birlikdə mülkiyyət sənədinin (və yaxud evinin özünə məxsus olması haqqında arayışı) və şəxsiyyət vəsiqəsinin surətini Cavabdeh İB-nin aidiyyatı olaraq RQll-nə təqdim edir və İdarə tərəfindən vətəndaşın ərizəsi xüsusi lisenziya almış podratçı təşkilata göndərilir. Podratçı təşkilat görüləcək işin lahiyə smetasının dəyərini hesablayaraq vətəndaşa məlumat verilir. Podratçi təşkilatla vətəndaş arasında müqavilə bağlanaraq işin görülməsi həyata keçirilir. İş başa çatdıqdan sonra “Cavabdeh" İB-nin aidiyyatı RQll-nin nümayəndələri aparılmış tikinti işlərinə baxış keçirir və çəkilmiş qaz xətti Tikinti-norma qaydalarına uyğun olduğu müəyyən olunarsa, qaz xətti istismara götürülür. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** saylı ş/v-nin surəti, X4-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, AM-07- 2938/Q saylı məktubu, xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın surəti, iddiaçının hasarının, evinin şəkilləri, cavabdehin xx.xx.2021-ci il tarixli etirazı, qaz kəmərinin pasportunun təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heçbir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikasının Konstitusiyası maddə - 13, 29). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 152.1, 152.5, 152.6, 157.2, 157.4). Göründüyü kimi mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.39-cu bəndinə əsasən binanın divarı boyu çəkilən qaz kəmərləri pəncərə və qapı boşluqları ilə kəsişməməlidir. İstehsalat sexlərində və qızdırıcı qazanxanalarda alçaq və orta təzyiqli qaz kəmərlərinin açılmayan pəncərə çərçivələri ilə kəsişməsinə onların impostu uzunu yol verilə bilər. Yüksək təzyiqli qaz kəmərlərini ancaq qapı, pəncərə və s. boşluğu olmayan bütöv divarlarla, yaxud istehsalat binalarının yuxarı mərtəbələrinin pəncərələrinin üstü ilə çəkmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.4-cu bəndinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Hazırki məsələyə bu baxımdan yanaşaraq məhkəmə hesab edir ki, sözügedən qaz xəttinin (qaz borusunun) darvazanın yuxarı hissəsindən 50 sm aşağıdan keçməklə iddiaçının şəxsi həyətinə yük avtomobillərinin girişini məhdudlaşdırması onun Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdeh tərəfindən edilmiş bu cür müdaxilənin qarşısının alınması üçün iddiaçı tərəfindən hər hansı vəsaitin ödənilməsinin tələb edilməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən müdaxilənin hər hansı qanuni əsası mövcud deyildir, qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıdan müəyyən vəsaitin tələb edilməsi hər hansı hüquqi əsasa söykənmir və buna görə də belə bir vəsaitin tələb edilməsi qanunsuz olmuşdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehin üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasından keçən hissəsində çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, qaz xətti istismara verildikdən sonra vətəndaşın istəyi ilə hər hansı bir mövcud qaz xəttinin yeri dəyişdirilərsə, bu işin vətəndaşın öz vəsaiti hesabına keçirilməli olmasını göstərmişdir. Məhkəmənin qənaətinə görə sözügedən qaz kəməri çəkilərkən mülkiyyətçi kimi onun razılığı alınmadığından, bu cür razılıq olmadığı halda qaz kəməri ona məxsus torpaq sahəsinə girişi məhdudlaşdırdığından cavabehin həmin dəlili əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı prosessual xərcləri tələb etmədiyindən dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasından keçən hissəsində çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar