Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-117/2025 18.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinə verilmiş ümumi 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1886,69 ha hissəsinə mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinə verilmiş ümumi 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1886,69 ha hissəsinə mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3081/2023 nömrəli qərardadı ilə X3, X1 və Məmmədova (Vahabova) Əminə Xələf qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Zaqatala rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində ailə üzvlərinə ümumi 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bir neçə konturda yerləşir. Həmin torpaq sahəsinin 1886.69 ha hissəsinə çıxarış alınması məqsədi ilə DƏDRXnə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti mülkiyyət hüquqlarımız qeydə alınmasından imtina edilməsi barəsində 18 sentyabr 2023-cü il tarixdə imtina verilmişdir. İmtina belə əsaslandırılmışdır ki, ərizənin icrası olaraq daşınmaz əmlak ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq, inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdeh orqanın imtina cavabını əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, o hüquqlarının DƏDRX-də qeydə alınması üçün cavabdeh orqana xidmət haqqı ödəyir. Torpaq sahəsinin yerinə ölçmə üçün gələn zaman ona bildirirlər ki, bu yer sənə məxsus deyil. O zaman ona məxsus torpaq sahəsinin yerinin göstərilməsi və ölçülməsini xahiş etmiş, lakin bunun onların səlahiyyətində olmaması, yerin göstərilməsini və yalnız onda ölçmə işlərini apara biləcəkləri bildirilimişdir. Cavabdeh orqan tərəfindən torpaq sahənin yeri müəyyən oluna bilmirsə, yerində göstərilə bilmirsə, o zaman o nə üçün xidmət haqqı ödəyir? Torpaq sahəsinin yerləşdiyi yerin müəyyən olunması, göstərilməsi və inventarlaşdırma işlərinin aparılması cavabdeh orqanın birbaşa vəzifəsidir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə getməsinə baxmayaraq iddiaçı tərəfindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış və ona qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3372/2023 (**********72) nömrəli məktub göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN 1387 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərininin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN 1387 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1387 planşetində qeyd edilmiş 1886,69 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın əldə edilməsinə nail olmaqdır. İddiaçı, torpaq sahəsinin ölçüsünü 1886,69 kv.m olaraq qeyd etməli olduğu halda, səhvən 1886,69 ha kimi göstərmişdir. Bununla belə, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq, 1886,69 kv.m torpaq sahəsinə münasibətdə hüquqi dəyərləndirmə aparmış və ölçü ilə bağlı iddiaçının yol verdiyi bu səhvi formal xəta kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində xüsusi tənzimləmə müəyyən edilmişdir. Məhkəmə tərəfindən qonşu torpaq sahələri, o cümlədən DWJ və TEKUİS məlumatları əsasında JN-1387 nömrəli Dövlət Aktında qeyd edilmiş 1886,69 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi, TEKUİS əsasında xüsusiyyətlərinin (mülkiyyətçisi, təyinatı, uqodiyası, faktiki ölçüsü, döngə nöqtələrinin koordinatları, iddia olunan torpaq sahəsi ilə eyni ərazi olub-olmaması və s.) öyrənilməsi, həmçinin iddia olunan torpaq sahəsinin xüsusiyyətləri barədə yerquruluşu planı tərtib edilməklə mütəxəssis rəyinin təqdim edilməsi üçün cavabdeh orqana sorğu göndərilmişdir. Cavabdeh orqan xx.xx.2024-cüil tarixli məktubunda Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasını, torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının nəzərdə tutulmasını və təqdim edilmiş smeta üzrə hesablanmış xidmət haqqı ödənildikdən və ödənişi təsdiq edən sənəd təqdim edildikdən sonra torpaq kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin hazırlanaraq təqdim olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən müvafiq ödənişin edilməsi üçün zəruri olan sənədlər iddiaçıya göndərilmiş və ödənişin edilməsi üçün 30 gün müddət təyin edilmişdir. Verilmiş müddət ərzində iddiaçı tərəfindən ödəniş edilməmiş, onunla telefon əlaqəsi saxlanılarkən mütəxəssis rəyinin əldə edilməsi üçün zəruri olan xidmət haqqını ödəmək niyyətinin olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün mütəxəssis rəyinin əldə edilməsi zəruridir. Belə ki, müvafiq rəy olmadan iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi, sözügedən torpaq sahəsinin məhz Dövlət Aktında göstərilən torpaq sahəsinin olub-olmamasını, o cümlədən torpaq sahəsinin ölçülərində və konfiqurasiyasında fərqlərin olub-olmamasını müəyyən etmək mümkün deyildir. İPM-nin 12.2-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağının əsasını təşkil edən JN- 1387 nömrəli Dövlət Aktı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatını təsdiq edən zəruri sənəddir. Bununla belə, torpaq sahəsinin faktiki xüsusiyyətlərinin və yerləşməsinin Dövlət Aktında göstərilən məlumatlara uyğun olub-olmaması yalnız mütəxəssis rəyinin verilməsi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərin görülməsi, torpaqların faktiki istifadəsinə uyğun hüquqi mexanizmlərin yaradılması və bu kontekstdə ölçü uyğunsuzluqlarının aradan qaldırılması məqsədi qoyulmuşdur. Fərmanda nəzərdə tutulmuş tədbirlər torpaq islahatı dövründə yaranmış ölçü uyğunsuzluqlarının hüquqi həlli üçün əsas mexanizmdir. Bu baxımdan, torpaq sahəsinin faktiki vəziyyətinin qiymətləndirilməsi və Dövlət Aktında əks olunan məlumatların dəqiqliyinin təsdiqi üçün məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması zəruridir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin alınması üçün zəruri olan xidmət haqqının ödənilməməsi və sübutların toplanmasında iddiaçının passivliyi iddia tələbinin sübuta yetirilməməsinə səbəb olduğundan, iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ailə üzvlərinə verilmiş ümumi 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1886,69 kv.m hissəsinə mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.