Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1170/2021 10.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X4) “Balakən rayonu Meşəşambul kəndində yerləşən JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X7, X4, X9 və X3 ümumi paylı mülkiyyətinə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Balakən rayon icra və probasiya şöbəsi tərəfindən DƏDRX-nə verilmiş məktubda qeyd olunan ekspert rəyinə uyğun olaraq torpaq sahəsinin X7 və X2 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Meşəşambul kəndində yerləşən JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X7, X4, X9 və X3 ümumi paylı mülkiyyətinə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Balakən rayon icra və probasiya şöbəsi tərəfindən DƏDRX-nə verilmiş məktubda qeyd olunan ekspert rəyinə uyğun olaraq torpaq sahəsinin X7 və X2 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Balakən rayon Məhkəməsinin 11 aprel 2019cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinin nəticə hissəsində ekspertin təqdim etdiyi hansı bölgü variantının əsas götürülməsi ilə bağlı birbaşa göstəriş qeyd edilmədiyi halda, həmin qətnamə üzrə verilmiş icra vərəqəsini icra edən Balakən rayon icra və probasiya şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı məktubda naturada bölgünün ekspertin təqdim etdiyi 1-ci və 3-cü bölgü variantına uyğun olaraq icra edilməli olduğunu qeyd etmiş və cavabdeh inzibati orqan tərəfindən ekspertin təqdim etdiyi 1-ci və 3-cü bölgü variantına uyğun olaraq müvafiq sənədlər işlənmişdir. Buna görə də cavabdehin üzərinə torpaq sahəsinin X7 və X2 aid hissədə Balakən rayon icra və probasiya şöbəsi tərəfindən DƏDRX-nə verilmiş məktubda qeyd olunan ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasına dair öhdəliyin qoyulması üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 28.07.2021-ci il tarixdə hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 12.08.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Balakən rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinin surəti, - Balakən rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı, - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.05.2021-ci il tarixli 8(107)- 35/2021 nömrəli qərardadı, - cavabdeh ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon icra və probasiya şöbəsinə sorğu məktubu və sonuncunun cavab məktubu. Əsaslandırma hissəsi : İddiaçı İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X7, X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Meşəşambul kəndində yerləşən JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X7, X4, X9 və X3 ümumi paylı mülkiyyətinə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Balakən rayon icra və probasiya şöbəsi tərəfindən DƏDRX-nə verilmiş məktubda qeyd olunan ekspert rəyinə uyğun olaraq torpaq sahəsinin X7 və X2 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Balakən rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsindən görünür ki, X5, X1, X6 və X3 ümumi paylı mülkiyyətinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X5 və X1 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı Abdulla oğlunun və X8 çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Balakən rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadından görünür ki, Balakən rayon icra və probasiya şöbəsinin ərizəsi təmin edilmiş, Balakən rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli icra sənədinin ekspertin təqdim etdiyi birinci bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.05.2021-ci il tarixli 8(107)-35/2021 nömrəli qərardadından görünür ki, Balakən rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 nömrəli qərardadı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon icra və probasiya şöbəsinə sorğu məktubundan və sonuncunun cavab məktubundan görünür ki, Balakən rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq hansı bölgü hissəsində icra olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin sorğusuna Balakən rayon icra və probasiya şöbəsi 1-ci və 3-cü ekspert rəyinə uyğun olaraq icra hərəkətlərinin aparılması barədə cavab vermişdir. Hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Balakən rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinə əsasən X7 və X1 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə 2/4 hissə paylarının ekspertin təqdim etdiyi 1ci və 3-cü bölgü variantına uyğun olaraq naturada bölgüsünün cavabdeh tərəfindən icra edilməməsinə nail olmaqdır. İşin hallarından göründüyü kimi hazırki mübahisə Balakən rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar yaranmışdır. Odur ki, qaldırılan məsələ icra sənədini vermiş və qətnamənin icrasına nəzarət edən ümumi rayon məhkəməsinin (Balakən rayon Məhkəməsinin) səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. “İnzibati İcraat haqqında” qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Sadalanan normaları icra məmurlarının fəaliyyətinə tətbiq etsək aydın olar ki, icra məmurlarının qərarları ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hüquqi nəticələr yaratmır və hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyən etmir. Hüquqi nəticəni və yeni hüquqi statusu yaradan, ilkin icra sənədidir ki, həmin icra sənədi üzrə icra məmuru icraata başlayaraq bötüvlükdə icra prosesini həyata keçirir. Yəni, icra prosesi ilkin icra sənədinin realizəsinə yönəlmiş, prossesual fəaliyətdir. Odur ki, icra qurumunun fəaliyyəti ilkin icraatın davamı olduğundan qeyd olunan fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılmalıdır. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarında da birmənalı olaraq qeyd olunmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə ki, məhz ilkin icraatın davamı olduğuna görə “icraata xitam verilməsi barədə” icra məmurunun qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır (“İcra haqqında” Qanunun 20.7.m.). Odur ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün (1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə X7 və X1 2/4 hissə paylarının ekspertin təqdim etdiyi 1-ci və 3cü bölgü variantına uyğun olaraq naturada bölgüsünün icra edilməməsi ilə bağlı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Balakən rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsini onun məzmununa uyğun olaraq icra edilməsini tələb etmək məqsədilə Balakən rayon icra və probasiya şöbəsinə müraciət etməlidir. Eyni zamanda Balakən rayon icra və probasiya şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Balakən rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsini onun məzmununa uyğun olaraq icra edilməsini tələb etməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi müvafiq qətnamə əsasında verilmiş icra vərəqəsini onun məzmununa uyğun olaraq icra etmədiyi halda Balakən rayon icra və probasiya şöbəsi cavabdeh inzibati orqan barəsində öz səlahiyyəti daxilində məcburi icra tədbirlərini (İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi və s.) tətbiq etməlidir. Beləliklə, icra məmurunun qərarları və hərəkətləri başlanmış ilkin icraatın davamı kimi qəbul edildiyindən, hazırki iş üzrə verilən icra vərəqəsinin icrası prosesində meydana çıxan bütün məsələlərə hüquqi müdafiə vasitələrinin əlçatanlığını və səmərəliliyini təmin etmək baxımından qətnamənin icrasına nəzarət edən Balakən Rayon Məhkəməsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı deyil və mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə (Balakən Rayon Məhkəməsində) baxılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X4) “Balakən rayonu Meşəşambul kəndində yerləşən JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X7, X4, X9 və X3 ümumi paylı mülkiyyətinə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Balakən rayon icra və probasiya şöbəsi tərəfindən DƏDRX-nə verilmiş məktubda qeyd olunan ekspert rəyinə uyğun olaraq torpaq sahəsinin X7 və X2 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1170/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1170/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver