Məhkəmə qərarları › İş №2-1(116)-1172/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1172/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1172/2024 18.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A KOD 40903018 nömrəli Şəhadətnaməyə əsasən faktiki mövcud olan 0,13 ha torpaq sahəsinə dair ümumibirgə mülkiyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçılar İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A KOD 40903018 nömrəli Şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A KOD 40903018 nömrəli Şəhadətnaməyə əsasən faktiki mövcud olan 0,13 ha torpaq sahəsinə dair ümumibirgə mülkiyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Ağsu rayonu Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A, kod: 40903018 nömrəli şəhadətnamədə göstərilən 0,14 ha torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 10 saylı qərarı əsasında İddiaçı, X4, X5 və X3 verilmişdir. Hal-hazırda da həmin ərazidə ev tikilmişdir və həmin ərazidən təyinatı üzrə istifadə edirlər. Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A, Kod: 40903018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilən 0.14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün 23 avqust 2023-cü il tarixli məktubu ilə imtina cavabı vermişdir. İmtinaya səbəb kimi Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əlavə olunmuş Ağsu rayonu Ərəbsarvan kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 144 nömrə ilə başqa şəxsin adının qeyd edilməsi göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Beləki ,yuxarıda qeyd edildiyi kimi, JN-144A, Kod: 40903018 №-il "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0,14 ha torpaq sahəsi 1998-ci ildən əvvəl də istifadələrində olmuşdur. Həmin torpaq sahəsinə Ağsu AİK-nin 25.08,1998ci il tarixli 10 saylı qərarı ilə mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstutu tərəfindən 2002-ci ilin aprel ayında təsdiqlənmişdir. 0,14 ha torpaq sahəsinə görə mülkiyyətçilərə qarşı hər hansı bir irad bu günə qədər bildirilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Ağsu rayon Aqrar islahat Komissiyasnın xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əlavə olunmuş Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 144 nömrə ilə başqa şəxsin adı qeyd olunmuşdur. Qeydiyyat üçün təqdim olunan JN-144A, kod 40903018 nömrəli şəhadətnamənin məlumatları dövlət reyestrində saxlanılan məlumata uyğun olmadığı üçün X1 ərizəsinin icrası mümkün olmamış və ona bu barədə rəsmi imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN-144A KOD 40903018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Arxiv məlumatının təqdim edilməsi baradə məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-144A, kod: 40903018 nömrəli şəhadətnamədə göstərilən 0.14 ha torpaq sahəsi İddiaçı ümumibirgə mülkiyyətinə verilmişdir. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı JN-144A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyət hüququ qeydiyyata alınmış 0.13 ha torpaq sahəsinə dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçınn məqsədi də, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə yönəlmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində də qeyd edilir ki, naturada ölçülmüş həyətyanı torpaq sahəsi elektron məlumat bazasına (DWJ və TEKUİS) əsasən 144A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 144A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” torpaqdan pay almaq hüququ olan subyektlərin siyasində X2 adına qeyd edilmişdir. Ağsu rayonu Ərəbsarvan kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsində (DWJ məlumatları) JN- 150A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcud olmadığından 144A nömrəli Şəhadətnamə ilə qonşu olub olmamağını aydınlaşdırmaq mümkün olmamışdır. Lakin 144A və JNM 50A nömrəli Şəhadətnamələrin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcuddur. Həmin şəhadətnamələrdə olan torpaq sahələrinin yerləşmə sxeminə baxdıqda torpaq sahələrinin qonşu olduğu görünür. İddia olunan həyətyanı torpaq sahəsi elektron məlumat bazasına (TEKUİS-də) əsasən yaşayış məntəqələrinin torpaqları,tikinti altında olan torpaqlar olmaqla həyətyanı sahələrin altında olan torpaqlarda yerləşir, İddiaçı bildirdiyinə görə sözügedən torpaq sahəsini özü istifadə edir. İddia olunan həyətyanı torpaq sahəsində üzərində 0,0067 kv.metr fərdi yaşayış evi mövcuddur. Cavabdeh orqan sözügedən şəhadətnamənin məlumatlarının dövlət reyestrində saxlanılan məlumata uyğun olmamasına istinad etsə də, təqdim edilmiş şəhadətnamənin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. Həmin şəhadətnamə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-144A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Həmçinin iş üzrə materiallardan da, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də, həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə üzərinə Ağsu rayonu, Ərəbsarvan kəndi ərazisində yerləşən JN-144A KOD 40903018 nömrəli Şəhadətnaməyə əsasən faktiki mövcud olan 0,13 ha torpaq sahəsinə dair ümumibirgə mülkiyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar