Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1175/2024 20.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı cavabdehin ünvanlı dövlət sosial yardımın imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 06 oktyabr 2023-cü il tarixli **********940 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, 01 oktyabr 2023-cü il tarixdən 1 (bir) il müddətinə sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********940 nömrəli ərizə ilə müraciət etmişdir.Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir: Belə ki, daxil olan müraciətin araşdırılması məqsədilə iddiaçı tərəfindən ərizəbəyannaməyə daxil edilən ünvana gəlmiş əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin yoxlanılması mümkün olmamışdır. Belə ki, qeyd olunan ünvanda heç kim olmadığından təmsilçi ilə əlaqə yaradılması üçün ərizə-bəyannamədə qeyd olunan mobil telefon nömrə ilə əlaqə yaradılmış, lakin nömrənin başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Belə olan halda ərizə-bəyannaməyə daxil edilən əsas nömrənin başqa şəxsə məxsus olduğu və maddi-məişət şəraitinin müayinəsinin mümkün olmaması səbəbindən təmsilçiyə imtina cavabı verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli **********94002 nömrəli müraciətinə : > ailə tərkibinin düzgün göstərilməməsi: > təmsilçinin atasının mülkiyyətində nəqliyyat vasitəsinin olması; maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması əsasları ilə bağlı imtina verilmişdir. Daxil olan müraciətə əsasən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün ünvanda olmuş əməkdaşlar tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən təmsilçi İddiaçı və ailə üzvlərinin ünvanda olmasına baxmayaraq videoçəkiliş vasitəsilə maddi-məişət şəraitinin müayinəsinə icazə verməmişdir. Belə ki, ünvanda təmsilçinin ailə üzvlərindən başqa anası və atasının yaşadığı müəyyən edilmiş və atasının mülkiyyətində nəqliyyat vasitəsinin olduğu bildirilmişdir. Bundan başqa təmsilçi xx.xx.2024-cü il tarixli **********26001 nömrəli ərizə- bəyannamə ilə yenidən sosial yardım üçün müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsaslarla: > Maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması; > Ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə imtina cavabı verilmişdir. Belə ki, maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvana gəlmiş əməkdaşlar mayinə zamanı evdə təmsilçinin atası ve anası ilə yanaşı gizlənmiş halda bacısı və bacısının övladlarını aşkar etmişdirlər. Təmsilçinin atası müayinəyə mane olaraq israrla müayinənin təmsilçi İddiaçı ünvanda olmasına baxmayaraq onunla keçirilməsini bildirmişdir. Müayinəni keçirən əməkdaşlar şəxsə dəfələrlə qanunvericiliyə əsasən müayinənin təmsilçinin özü ile keçirilməli olmasını və ərizə- bəyannamədə adı qeyd edilməyən şəxsin müdaxilə etməsinin mümkün olmadığını bildirsə də, şəxs bununla razılaşmamış və mütəmadi olaraq müayinəyə müdaxilə etmişdir. Sonda əməkdaşların ünvanına kobud ifadələr işlətmiş, müayinənin başa çatdırılmasına şərait yaratmamışdır. Qeyd olunan bu hallar ərizəbəyannamədə qeyd edilmiş məlumattarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti və imtina bildirişi.
2. Cavabdehin 24 iyun 2024-cü il tarixli etirazı və ona əlavə oluna sənədlər.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsindən ibarətdir. İşin hallarından görünür ki,cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur: başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi; maddiməişət şəraitinin müayinəsinə şərait yaratmaması. Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. Cavabdehin istinad etdiyi iki mərhələli yoxlama qaydasına münasibətdə isə məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. İmtinanın birinci əsası ilə bağlı yuxarıda qeyd olunan normaları tətbiq edən məhkəmə həmin dəlili əsassız hesab edir. Cavabdeh tərəfindən maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmamasına dair dəlili ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Halbuki,iddia məhkəmənin icraatında olduğu müddətdə iddiaçının müraciəti əsasında 13 fevral 2024-cü il tarixində ailinin maddi-məişət şəraitinin müayinəsi barədə akt tərtib edilmişdir.Görünüdüyü kimi mübahisələndirilən imtinaya münasibətdə isə belə bir sübut,çəkiliş və s mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdehin iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə imtinası ləğv edilərək İddiaçı və təmsil etdiyi ailə üzvlərinə 01 oktyabr 2023-cü il tarixindən bir il müddətinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.