Məhkəmə qərarları › İş №2-1(116)-1176/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1176/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1176/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadının “Qasımov”, doğum tarixinin “xx.xx.1937-ci il” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “özünə məxsus doğum haqqında akt qeydində soyadının “Qasımov”, doğum tarixinin “xx.xx.1937-ci il” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxx 1937-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Tikanlı kəndində anadan olmuşdur. O, uşaq ikən atası Əhməd vəfat etmiş və anası Sadət yenidən Rüstəmov Allahverdi adlı şəxslə ailə qurmuşdur. Uşaqkən doğumunun rəsmiləşdirilməsindən məlumatsiz olmuşdur. Sonradan onun doğumu rəsmiləşdirlərkən səhvən doğma atası Qasımov Əhmədin soyadı deyil ögey atası olan Rüstəmov Allahverdinin soyadı olaraq Rüstəmov kimi yazılmışdır. Hazırda valideynləri və ögey atası da vəfat etmişlər. O, xx.xx.2014-cü il tarixində vəfat etmiş mərhum həyat yoldaşı X1 vərəsəlik işinin açılmasına görə Qəbələ regionai “ASAN xidmət" mərkəzindəki Notariat ofisinə müraciət etmiş və onun vaxtilə Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1955-ci ildə tərtib edilmiş 318 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının "Qasımov" əvəzinə "Rüstəmov", doğum tarixinin "xx.xx.1937-ci il" əvəzinə "xx.xx.1937-ci il kimi qeyd olunduğu məlum olmuşdur. Hamı isə onu İddiaçı olaraq tanımışdır. Həmçinin, şəxsiyyət vəsiqəsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində, təsərrüfatbaşına kitablarda və s. digər sənədlərdə İddiaçı yazılmışdır. Hal-hazırda notariat ofisində sənədləşmə işləri aparmaq istəsə də, Qəbələ rayon qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə soyadı və doğum tarixi səhvən qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ rayon qeydiyyat şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş soyadının, doğum tarixi qeydlərin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 13 avqust 2024-cü il tarixli, 3-16-5/8-13-188/2024 saylı imtina məktubu da verilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE 0******* nömrəli Şəxsiyyət vəsiqəsi, A3 077999, A3 567071, A3 12215803, A3 1628024, İ-JQ 493122, İ-İB 989328 nömrəli doğum haqqında şəhadətnamələr, Qəbələ Rayon Dövlət Arxivinin 242 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşı kitablardan çıxarış, Qəbələ Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu, Qəbələ rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı, 318 nömrəli Doğum haqqında bərpa qeydi, 36 nömrəli evlənmə haqqında akt qeydi, 19,75,80,198,5, 96 nömrəli doğum akt qeydləri. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1937-ci ildə doğulmuşdur. Onun barəsində 318 nömrəli doğum qeydlərinin bərpa aktı qeydi tərtib edilmiş, soyadı “Rüstəmov”, doğum tarixi xx.xx.1937-ci il kimi qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində soyadına və doğum tarixinə düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi iddiaçının övladlarına məxsus A3 077999, A3 567071 , A3 12215803, A3 1628024, İ-JQ 493122, İ-İB 989328 nömrəli doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində, Qəbələ rayon qeydiyyat şöbəsinin Arayışında, təsərrüfatbaşı kitablarında, Qəbələ Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında iddiaçının soyadı “Qasımov”, doğum tarixi xx.xx.1937-ci il olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanunun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə İddiaçı məxsus doğum haqqında akt qeydində soyadının “Qasımov”, doğum tarixinin “xx.xx.1937-ci il” kimi yazılaraq düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar