Məhkəmə qərarları › İş №2-1(116)-1177/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1177/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1177/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13rşı "xx.xx.2017-ci ildə təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0,50 ha boş torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər edilməklə, sənəd üzrə torpaq sahəsinin ölçülərinin və konfiqurasiyasının torpaq sahəsinin faktiki yerləşmə üzrə uyğunlaşdırılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və adına hüquqların qeydə alınması ilə bağlı reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünə dair müvafiq sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarına əsasən, X11 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. Həmin 0,50 ha torpaq sahəsi ilə bağlı X7 adına xx.xx.2004-cü ildə JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Bundan sonra X14 həmin 0,50 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci ildə X8 adına 1099 inventar nömrəli "Daşınmaz əmlakın pasportu" tərtib edilmişdir. Həmin torpaq sahəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra X15 həmin 0,50 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiyası kəskin fərqlənir. Həmçinin faktiki torpaq sahəsi yerləşmə koordinatlarına görə sənəd üzrə torpaq sahəsindən 270 metr kənarda yerləşir. Bu səbəbdən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, onunla X15 arasında alqı-satqı müqaviləsi bağlanarkən X8 adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış olmuş və torpaq sahəsi faktiki yerləşmə yeri üzrə ona göstərilərək təqdim edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubunda bildirmişdir ki, X8 adına olan sənədlərdə göstərilən 0,50 ha və hazırda iddiaçının iddia etdiyi 0,50 ha torpaq sahələri üst-üstə düşmür, həmin torpaq sahələri faktiki olaraq bir-birindən 155 metr məsafədə yerləşir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarından görünür ki, X11 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. - İşdə olan, JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X5 təsərrüfatı və yaşıllıq məqsədilə 0,50 ha torpaq sahəsi verilmişdir. - İşdə olan, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 ona satılmış 0,50 ha torpaq sahəsini X1. - İşdə olan, xx.xx.2007-ci ildə tərtib edilmiş "Daşınmaz əmlakın pasportu"ndan görünür ki, həmin sənəd ünvan 1ində yerləşən 0,50 ha torpaq sahəsi ilə bağlı X8 adına tərtib edilmişdir. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1ində yerləşən həmin torpaq sahəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X15 həmin 0,50 ha torpaq sahəsini İddiaçı satmışdır. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubundan görünür ki, X8 adına olan sənədlərdə göstərilən 0,50 ha torpaq sahəsi və hazırda iddiaçının iddia etdiyi 0,50 ha torpaq sahəsi üst-üstə düşmür, həmin torpaq sahələri faktiki olaraq bir-birindən 155 metr məsafədə yerləşir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, daşınmaz əmlaka şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün şəxsin həmin əmlaka mülkiyyət hüququ mövcud olmalıdır. Mülkiyyət hüququnun yaranmasının və hüquqların qeydiyyatı üçün əsaslardan biri kimi notariat qaydasında təsdiq edilmiş müqavilələr nəzərdə tutulmuşdur. Həmin müqavilə, yalnız onda göstərilmişəmlakın qeydiyyata alınması üçün əsas verir. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 16.3-cü maddəsində dövlət reyestrindəki qeyddə düzəlişin aparılması nəzərdə tutulsa da, düzəlişin aparılması o halda mümkündür ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmasın. İşdən görünür ki, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X11 0,50 ha torpaq sahəsi satılmış, bununla bağlı onun adına xx.xx.2004-cü ildə JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmiş, dövlət aktında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmiş, bundan sonra X14 həmin 0,50 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsi ilə X4, sonuncunun adına xx.xx.2007-ci ildə "Daşınmaz əmlakın pasportu" tərtib edilmiş, bu sənəddə də torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmiş, torpaq sahəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilmiş və xx.xx.2017-ci ildə o, həmin torpaq sahəsini İddiaçı satmışdır. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi yuxarıda sadalanan sənədlərdə göstərilmiş koordinatlarda deyil, ondan 155 metr kənarda yerləşir. Başqa sözlə, o, X6 aldığı torpağın deyil, ondan kənarda yerləşən eyni ölçüdə başqa bir torpaq sahəsinin öz adına qeydiyyata alınmasını tələb edir. Torpaq sahəsi ilə bağlı tərtib edilmiş bütün sənədlərdə koordinatlar eyni olduğuna görə reyestrdəki qeydiyyatda heç bir yanlışlıq yoxdur və həmin qeyddə düzəliş aparıla bilməz. Cavabdeh iddiaçının hüququnu mövcud sənədlərdə göstərilmiş koordinatlar üzrə qeydiyyata almağa razı olsa da, iddiaçı bunu istəmir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının hüququnu onun istədiyi koordinatlar üzrə qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13rşı "xx.xx.2017-ci ildə təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0,50 ha boş torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər edilməklə, sənəd üzrə torpaq sahəsinin ölçülərinin və konfiqurasiyasının torpaq sahəsinin faktiki yerləşmə üzrə uyğunlaşdırılması, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və adına hüquqların qeydə alınması ilə bağlı reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünə dair müvafiq sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar