Məhkəmə qərarları › İş №2-1(116)-1179/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1179/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1179/2024 21.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə satılmış 21.3 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə satılmış 25 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3612/2023 nömrəli qərardadı ilə Balakən rayon Qabaqçöl Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1179/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə satılmış 21.3 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 07 nömrəli protokolu və xx.xx.2006-cı il tarixli 09 saylı sərəncamı ilə Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin mülkiyyətində olan sahədən ticarət obyekti tikmək üçün 25 kvm torpaq sahəsinin iddiaçıya ayrılmışdır. Eyni zamanda İddiaçı ticarət obyekti tikilməsi üçün ayrılmış torpaq sahəsinin sxematik planı tərtib edilərək Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin sədrinin, DTXK-nin Balakən rayon şöbəsinin müdirinin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı 20 noyabr 2006-cı il tarixdə Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin hesabına 25 kv.m torpaq sahəsi üçün 20 manat ödəniş etmişdir. Eyni zamanda iddiaçıya ticarət obyekti tikilməsi üçün ayrılmış torpaq sahəsinin situasiya planı tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Bundan əlavə Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 179 saylı sərəncamı ilə iddiaçıya Qabaqçöl qəsəbəsində verilmiş torpaq sahəsində mağaza binasının tikintisinə başlanması haqqında qərar verilmişdir. Həmin ildə iddiaçıya ayrılmış torpaq sahəsində 25 kvm-dən ibarət mağaza binası inşa edilmiş. xx.xx.2007-ci ildə isə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə akt tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsinə dair "Torpaqların alqı-satqısına dair Akt” sənədi və qeyri-yaşayış binasının layihəsi əlavə olunmamışdır. Bundan əlavə qeyri-yaşayış binasına dair tərəfinizdən təqdim edilmiş qeyriyaşayış binasının istismara qəbul aktı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyri- yaşayış binasının istismara qəbul aktı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu, Balakən rayon Qaz istismarı idarəsi və Balakən rayon Telekomnikasiya qovşağı tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də ərizəninin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Balakən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 179 nömrəli iddiaçının verilmiş torpaq sahəsində mağaza binasının tikintisinə başlaması haqqında sərəncamı.

3. İddiaçının təqdim etdiyi xx.xx.2006-cı il tarixli ödəniz qəbzindən görünür ki, 20 manat məbləğində torpağın dəyəri Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin hesabına ödənilmişdir.

4. Balakən rayonu Qabaqçöl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli sərəncam;

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-240/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Balakən rayon Qabaqçöi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə iddiaçıya ayrılmış 25 kv.m torpaq sahəsinin naturada ölçüləri 25 kv.m olmaqla TEKUİS məlumat bazasına əsasən Balakən rayonu Qabaqçöl bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası isə tikinti altında olan torpaqlara aiddir. Torpaq sahəsinin faktiki istifadəçəsi İddiaçıdur. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 25 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi və iddiaçının faktiki istifadə olan 25 kv.m torpaq sahəsinin 3.7 kv.m hissəsi X1 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********93-06301 olan çıxarış sənədində göstərilən 0.004 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşür. Üst-üstə düşən hissədə həmin torpaq sahəsinin mülkiyyətçisinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunur. Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə İddiaçı şəxsi mülkiyyətinə verilən 21.3 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2006-cı il tarixli ödəniş qəbzinə əsasən Balakən rayon Qabaqçöl Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının tərtib olunmaması,tikiliyə dair istismara qəbul aktının tam təsdiq edilməməsi ilə bağlı olmuşdur.İddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olduğundan imtinanın tikiliyə dair hissəsinə münasibət bildirmək zərurəti mövcud deyildir. Məhkəmə etirazın alğı-satqı aktının tərtib olunmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçıya ayrılmış 25 kv.m torpaq sahəsinin naturada ölçüləri 25 kv.m olmaqla TEKUİS məlumat bazasına əsasən Balakən rayonu Qabaqçöl bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası isə tikinti altında olan torpaqlara aiddir. Torpaq sahəsinin faktiki istifadəçəsi İddiaçıdur. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 25 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi və iddiaçının faktiki istifadə olan 25 kv.m torpaq sahəsinin 3.7 kv.m hissəsi X1 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********93-06301 olan çıxarış sənədində göstərilən 0.004 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşür. İddia tələbi 21.3 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması kimi dəqiqləşdirildiyindən üst-üstə düşmə ilə bağlı hissədə zərurət aradan qalxmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Qabaqçöl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı iclas protokolunun qərarı ilə iddiaçıya ayrılmı 21.3 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar