Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-118/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri X7 və X8, üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* (qeydiyyat nömrəsi ********* olan) saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,012 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* (qeydiyyat nömrəsi ********* olan) saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,012 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1205/2022 nömrəli qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə 1980-ci illərin əvvəllərində Qəbələ rayonunun Vəndam qəsəbəsində təsərrüfat forması kim mövcud olan Miçurin adına kolxozun sifarişi ilə kolxozun 10 saylı briqadasının ərazisində sakinləri içməli su ilə təmin etmək məqsədilə kənarları çəpərlənmiş kolxoza məxsus torpaq sahəsində artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Sonradan həmin artezian quyusunun yaxınlığında artezianla birgə vahid çəpər altında olan sahədə qəsəbə sakini X10 həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirdikdən sonra sakinlərin içməli suya olan tələbatında ciddi problemlər yaranmışdır; o artezian qurğusunun yerləşdiyi (qurğu artezian quyusu, təxminən 16 tonluq metal dayaqlar üzərində yerləşən su çəni və ancaq artezianı elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş 3 fazalı elektrik transformatordan ibarətdir) torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas gətirməklə və sakinlərin artezian quyusunun yerləşdiyi torpaq sahəsinə girişinə və artezian suyundan istifadə etməsinə mane olması nəticəsində yaranmış mübahisənin nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli seriya MH ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini 21 sentyabr 2021-ci il tarixdə Vəndam bələdiyyəsinə təqdim etmişdir. X1 arasında sudan istifadə ilə bağlı yaranmış mübahisənin qanunauyğun şəkildə həll edilməsi məqsədilə sakinlərin Vəndam bələdiyyəsinə yazılı şikayətləri əsasında sözügedən torpaq sahəsinin həqiqətən X5 mülkiyyətində olub-olmamasını aydınlaşdırmaq məqsədilə Vəndam bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə edilmiş müraciətə xx.xx.2021-ci il tarixli **********04 saylı cavab məktubunda sözügedən torpaq sahəsində çöl öçmə işləri aparıldığı, çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatların kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılması nəticəsində Vəndam qəsəbəsində yerləşən sözügedən artezian qurğusu, su çəni və transformatorun Vəndam qəsəbə sakini X5 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, xx.xx.2007-ci il tarixində mövcud qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı göstərilmişdir; həmin tarixdə Vəndam bələdiyyəsinin mülkiyyətində olmalı olan ümumi istifadədə olan torpaq sahəsinin qanunsuz olaraq vətəndaş X5 xüsusi mülkiyyətinə verildiyi məlum olmuşdur. 31 yanvar 2000-ci il tarixli təhvil-təslim aktına əsasən əvvəllər Vəndam qəsəbəsində təsərrüfat forması kimi mövcud olmuş “İ.Qayıbov” adına kolxozun YAİK tərəfindən qəsəbədəki 4 ədəd artezian quyusunun (sözügedən artezian quyusu da daxil olmaqla) Vəndam bələdiyyəsinə təhvil-təslim edildiyi qeyd olunmuşdur. Sözügedən artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsi qanunsuz olaraq A.Həşimovun mülkiyyətinə verildiyindən cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli dövlət reyestrindən çıxarış qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi torpaq sahəsinin 0,012 ha torpaq sahəsi geri alınaraq Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mütəxəssis məhkəmə iclasında izahat verərək göstərdi ki, MH ******* nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş X5 mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olması dedikdə faktiki istifadədə olan torpaq sahəsinin sahəsinin sənəddə qeyd ediləndən sahədən artıq olması nəzərdə tutulmuşdur. Lakin, faktiki istifadədə olan torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsindən artıq olduğundan və sənəd üzrə istifadə ilə faktiki istifadə arasında uyğunsuzluq olduğundan üst-üstə düşməni müəyyən etmək mümkün olmamışdır. Bununla belə sözügedən çıxarışın 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi JN-1260A kod 40600048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə uyğundur. Üçüncü nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - MH seriyalı ******* №-li (190704629 qeydiyyat №-li) DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 35.7 kv.m yaşayış, 17,64 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi A.Həşimovun adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-1260A kod 40600048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə X6 5 nəfər ailə üzvü ilə birlikdə 0.42 ha torpaq sahəsi verilmişdir. - Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarından və Vəndam kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsi təsdiq edilmiş və torpaq şöbəsinə torpaq payı alacaq subyektlərə müvafiq sənədlərin paylanmasını və qeydə almasını təmin etmək tapşırılmışdır. Müvafiq subyektlər siyahısında X3 adının 5 nəfər ailə üzvü ilə birlikdə qeyd edilmiş, qanuni istifadəsində olan torpaq sahəsi 0.10 ha göstərilmişdir. - cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, seriya MH ******* nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş X5 mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğundan mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunmasını tələb etmişdir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış, JN-1260A kod 40600048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında tərtib edilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsinə əsas isə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı olmuşdur. Həmin qərarla Respublikada torpaq islahatı gedən zaman subyektlərin, torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısı dəqiqləşdirilmişdir. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı halhazırda da qüvvədədir və mübahisələndirilməmişdir. Odur ki, müvafiq qərar mübahisələndirilmədən onun əsasında tərtib edilmiş şəhadətnamənin və həmin şəhadətnamə əsasından tərtib edilmiş çıxarışın mübahisələndirilməsi yolverilməzdir. Bundan başqa iddia tələbinin ikinci hissəsində artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0.012 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi tələb edilmişdir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Belə ki, iddiaçı artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0.012 ha torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirir. Belə olan həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına qeydə alınmış hüquq ləğv edilmədən sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X18 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X18 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X18 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X18 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X15 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun: 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X18 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X18 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X18 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* (qeydiyyat nömrəsi ********* olan) saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,012 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-118/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-118/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver