Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1180/2022 15.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mingəçevir şəhər bələdiyyəsi və Mingəçevir Şəhər İcra Hakinmiyyətinə qarşı “İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması və Mingəçevir şəhər bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması və Mingəçevir şəhər bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyekti İddiaçı1 oğlu İddiaçı2 məxsusdur. Belə ki, İddiaçı1 atasından ona miras qalmış sözügedən iaşə obyekti xx.xx.2020-ci il tarixə qədər onun mülkiyyətində olmuş və bundan sonra İddiaçı1 obyekti oğlu İddiaçı2 bağışlamışdır. Sözügedən iaşə obyektini uzun illərdir istifadə edirlər. Həmin obyekt müasir şəhərsalma qaydalarına uyğun olaraq tikilmiş və təmir işləri görülmüşdür. Kafe mövsümü olaraq ticarətlə, yəni əhalinin istirahətini təmin etmək üçün öz xidməti ərazisində stollar qoyulmuş və sözügedən ərazidə alaçıq (navestalvar) qurmuşdur. İaşə obyekti mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olsa da, ona aid xidməti ərazi Mingəçevir şəhər bələdiyyəsinin mülkiyyətindədir. Hər il Mingəçevir şəhər Bələdiyyəsi ilə icarə müqaviləsi əsasında obyektin xidməti ərazisi (ümumi istifadədə olmayan və əhalinin gediş gəlişi olmayan sahə) icarəyə götürülüb və bu barədə müqavilə bağlanıldı. Axır bir neçə ildir ki, Mingəçevir şəhər Bələdiyyəsi müqavilənin ləğvi barədə öz etirazını bildirməsə də, müqavilə də bağlamır. Qanunun tələbindən də bilindiyi kimi müqavilənin ləğvi ilə bağlı tərəflərdən biri əvvəldən öz etirazını bildirmədiyi halda müqavilə etibarlı hesab edilir və müddət uzadılmış sayılır. Məhkəmə tərəfindən iddiaçılara xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki fərqli inzibati orqan - Mingəçevir şəhər bələdiyyəsi və Mingəçevir Şəhə İcra Hakimiyyəti cavabdeh qismində göstərilmiş və iki fərqli iddia tələbi bir iddiada birləşdirilmişdir. İnzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən müxtəlif tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməz, bu növ iddialar mümkün hesab edilməməli olduğundan yardım məktubunda göstərilənlərə münasibət bildirməsi və ya iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı, konkret tələb göstərilməklə dəqiqləşdirməsi iddiaçılara təklif olunmuşdur. Yardım məktubunu aldıqdan sonra iddiaçıların vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim olunmuşdur. Vəkil ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən yazılmış iddianın təsviri - əsaslandırıcı hisssəsində hər iki cavabdehin eyni zamanda eyni maneələri yaratması və maneələrin iki orqanın təqsiri səbəbindən olması müəyyən olunmuşdur. Yardım məktubunda iddiaçılar tərəfindən yazılmış ərizədə maneələrin nədən ibarət olmasının göstərilməməsi irad tutulsa da, iddiaçılara yaradılan maneələr ərizənin əsaslandırıcı hissəsində göstərilmişdir. Maneələr: qanunsuz araşdırmaların aparılması, iddiaçı barəsində həqiqəti əks etdirməyən şikayətlər edilməsi, polisə və digər hüquq mühafizə orqanlarına iddiaçı barəsində həqiqəti əks etdirməyən məlumat və aktlar göndərilməsi, bu aktlar nəticəsində hüquq-mühafizə orqanlarında araşdırmalar aparılması, sözügedən obyektdə təmir və quraşdırma işlərinin aparılması, obyektin xidməti ərazisindən istifadə etməyə və bu barədə müqavilə bağlamağa olan maneələr bunlardan bir neçəsidir. Bundan əlavə obyektin arxa hissəsində talvar və alaçığın gündən qorunması üçün olan dəmir konstruksiyaların və obyektin təmirinə imkan verilmir. Sözügedən talvar (naves) tikinti kimi qələmə verilməklə icazəsi üçün müvafiq orqanlardan icazə alınmalı olması göstərilir. Bu tələb qanunsuzdur və bu səbəbdən də süni maneələr hesab olunur. İddiaçıların vəkili ərizəsində qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Belə ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində tələb edilən iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması və icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Mingəçevir şəhər bələdiyyəsinin üzərinə qoyulması tələbi fərqli tələblər olmaqla ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir. Həmçinin iddia tələbinin birici hissəsində xahiş edilən iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması dedikdə hansı maneələrin nəzərdə tutulduğu və tələbin konkret olaraq hansı cavabdehə qarşı yönəldiyi dəqiq qeyd edilməmişdir. İddiaçılarnın diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mingəçevir şəhər bələdiyyəsi və Mingəçevir Şəhər İcra Hakinmiyyətinə qarşı “İddiaçı2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən “Asudə vaxt” iaşə obyektinin xidməti ərazisində obyektin ön və arxa hissəsində xidmətlərin aparılmasına cavabdehlər tərəfindən qoyulmuş süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinə son qoyulması və Mingəçevir şəhər bələdiyyəsinin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1180/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1180/2022
15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver