Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1181/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı "xx.xx.2019-cu ildə təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,500071 ha boş torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər edilməklə, sənəd üzrə torpaq sahəsinin ölçülərinin və konfiqurasiyasının torpaq sahəsinin faktiki yerləşmə üzrə uyğunlaşdırılması, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarına əsasən, X8 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. Həmin 0,50 ha torpaq sahəsi ilə bağlı X5 adına xx.xx.2004-cü ildə JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin 0,500071 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra X10 həmin 0,500071 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi ilə İddiaçı satmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri və konfiqurasiyası kəskin fərqlənir. Həmçinin faktiki torpaq sahəsi yerləşmə koordinatlarına görə sənəd üzrə torpaq sahəsindən 270 metr kənarda yerləşir. Bu səbəbdən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, onunla X10 arasında alqı-satqı müqaviləsi bağlanarkən X5 adına mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış olmuş və torpaq sahəsi faktiki yerləşmə yeri üzrə ona göstərilərək təqdim edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli **********04 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi bir-birindən 270 mert fərqli məsafədə yerləşir. Eyni zamanda sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və döngə nöqtələri tamamilə fərqlidir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarından görünür ki, X8 bələdiyyənin ehtiyat fondu torpaqlarından sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə 0,50 ha torpaq sahəsi satılmışdır. - İşdə olan, JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X3 təsərrüfatı və yaşıllıq məqsədilə 0,50 ha torpaq sahəsi verilmişdir. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən həmin 0,500071 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 həmin 0,500071 ha torpaq sahəsini İddiaçı satmışdır. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********04 nömrəli etiraz məktubundan görünür ki, iddiaçıya məxsus torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşmür. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi bir-birindən 270 mert fərqli məsafədə yerləşir. Eyni zamanda sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və döngə nöqtələri tamamilə fərqlidir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, daşınmaz əmlaka şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün şəxsin həmin əmlaka mülkiyyət hüququ mövcud olmalıdır. Mülkiyyət hüququnun yaranmasının və hüquqların qeydiyyatı üçün əsaslardan biri kimi notariat qaydasında təsdiq edilmiş müqavilələr nəzərdə tutulmuşdur. Həmin müqavilə, yalnız onda göstərilmiş əmlakın qeydiyyata alınması üçün əsas verir. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 16.3-cü maddəsində dövlət reyestrindəki qeyddə düzəlişin aparılması nəzərdə tutulsa da, düzəlişin aparılması o halda mümkündür ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmasın. İşdən görünür ki, Qəbələ Rayon Vəndam Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə X8 0,50 ha torpaq sahəsi satılmış, bununla bağlı onun adına xx.xx.2004cü ildə JN-21xx xxx 40600048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmiş, dövlət aktında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmiş, bundan sonra həmin 0,500071 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilmiş və xx.xx.2019-cu ildə o, həmin 0,500071 ha torpaq sahəsini İddiaçı satmışdır. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi yuxarıda sadalanan sənədlərdə göstərilmiş koordinatlarda deyil, ondan 270 metr kənarda yerləşir. Başqa sözlə, o, X4 aldığı torpağın deyil, ondan kənarda yerləşən eyni ölçüdə başqa bir torpaq sahəsinin öz adına qeydiyyata alınmasını tələb edir. Torpaq sahəsi ilə bağlı tərtib edilmiş bütün sənədlərdə koordinatlar eyni olduğuna görə reyestrdəki qeydiyyatda heç bir yanlışlıq yoxdur və həmin qeyddə düzəliş aparıla bilməz. Cavabdeh iddiaçının hüququnu mövcud sənədlərdə göstərilmiş koordinatlar üzrə qeydiyyata almağa razı olsa da, iddiaçı bunu istəmir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının hüququnu onun istədiyi koordinatlar üzrə qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı "xx.xx.2019-cu ildə təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,500071 ha boş torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər edilməklə, sənəd üzrə torpaq sahəsinin ölçülərinin və konfiqurasiyasının torpaq sahəsinin faktiki yerləşmə üzrə uyğunlaşdırılması, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1181/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1181/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver