Məhkəmə qərarları › İş №2-1(116)-1182/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1182/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1182/2021 15.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1787/2018 nömrəli 04.12.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-115/2019 nömrəli 30.01.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1475/2019 nömrəli 24.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 2- 1(107)-115/2019 nömrəli 30.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 17.06.2020-ci il tarixli məktubundan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı artıq icra edilmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə 11.08.2020-ci il tarixli 1184 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmiş, məhkəmənin 10.12.2020-ci il tarixli 2-1(84)-1787/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti məhkəmənin həmin qərardadından apelyasiya şikayəti vermiş, lakin, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-121/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-121/2021 nömrəli qərardadından kasasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 2-1(102)-872/2021 nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 04.12.2018-ci il tarixli 2-1(84)-1787/2018 nömrəli inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2-1(116)-1182/2021 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin “yeni açılmış hallara dair” ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə iddiaçı mərhum İddiaçı hüquq varisi X6 ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona 0,04 ha torpaq sahəsi verilməsini və bununla bağlı JN- 2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmasını, həmin şəhadətnamənin "həyətyanı sahənin qaiməsi /sertifikatı/" qrafasında torpaq sahəsinin ümumi sahəsi 400 kv.m qeyd edildiyini bildirərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 05.11.2018-ci il tarixli **********57 nömrəli məktubla bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamış, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələri arasında JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ikinci nüsxəsi mövcud deyil. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini JN- 2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsinin heç kimin etirazı olmadan bu günədək onun istifadəsində olması ilə əsaslandırmış, cavabdeh orqan şəhadətnamənin elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamasını, arxivdə saxlanılan mülkiyyət şəhadətnamələri arasında JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ikinci nüsxəsinin mövcud olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olmasını bildirərək iddia tələbinə etiraz etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surətindən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - 21.10.2020-ci il tarixli 05/Q-860/69 №-li Mingəçevir şəhər Qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı 15.04.2020-ci il tarixdə vəfat etmişdir və bununla bağlı 21.04.2020-ci il tarixdə 88 №-li akt tərtib edilmişdir. - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.11.2020-ci il tarixli məktubundan görünür ki, JN-2786B (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron bazada mövcud olmadığı üçün həmin şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsinin elektron bazada hansı subyektin mülkiyyətində olması, o cümlədən torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı barədə məlumatların verilməsi mümkün olmamışdır. - Mingəçevir şəhər Prokurorluğunun 03.02.2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokolundan görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X4 icraatında olan ********* №-li cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli qərarına əsasən X3 istifadəsində olan onun atası, hazırda ölmüş İddiaçı məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparmış, axtarış zamanı digər sənədlərlə bərabər, selofan torbanın içərisində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişesi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində “Horse” sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür klişesi olan mürəkkəb yastığı aşkar edilərək götürülmüşdür. - Mingəçevir şəhər Prokurorluğunun 04.05.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X4 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatlarının mövcud olmaması, həmçinin onun adının “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” olmaması, lakin buna baxmayaraq onun adına ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə “çıxarış və plan-ölçü” sənədinin verilməsi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, X10 adına olan JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X10 adı bazanın adlı siyahısında mövcuddur. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2021-ci il tarixli, 5/88 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş X11 adına tərtib olunmuş, JN-2819 №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir. Təqdim edilmiş X11 adına tərtib olunmuş, JN-2819 №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli, 5/111 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X11 adına tərtib olunmuş, JN-2819 №-li və X1 adına tərtib olunmuş JN-2786B №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdəki möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş, X11 adına tərtib olunmuş JN-2819 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü səhifələrindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş X11 adına tərtib olunmuş, JN-2819 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci səhifəsindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş, X1 adına olan JN-2786B №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmuşdur. Təqdim edilmiş, X1 adına olan JN-2786B №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştiraklarını mümkünsüz edən üzürlü səbəblər barədə sübutlar təqdim etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.04 ha torpaq sahəsinə dair JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilir. Belə ki, iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2021-ci il tarixli, 5/88 №-li və 15.02.2021-ci il tarixli, 5/111 №-li ekspert rəyləri ilə sübut olunur. Həmin rəylər işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, müvafiq rəylər iş üzrə mötəbər sübut qismində qəbul edilməlidir. Belə ki, müvafiq rəylərlə müəyyən edilir ki, X1 adına olan JN-2786B №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksləri Mingəçevir şəhər Prokurorluğunun 03.02.2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokoluna əsasən X3 istifadəsində olan, onun atası, hazırda ölmüş İddiaçı məxsus Mingəçevir şəhəri Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparılarkən götürülmüş, üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür əksləri ilə vurulmuşdur. Müqayisəli tədqiqata təqdim edilmiş X10 adına tərtib edilmiş JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun üzərində icra edilmiş möhür əkslərinin isə axtarış zamanı götürülmüş möhürlər vasitəsilə vurulması müəyyən edilmir. Eyni zamanda qeyd olunmalıdır ki, müqayisəli tədqiqata təqdim edilmiş X10 adına tərtib edilmiş JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və onun üzərində icra edilmiş möhür əkslərinin mötəbərliyi sual doğurmur. Belə ki, qeyd olunan şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X10 adı bazanın adlı siyahısında mövcuddur. X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin isə baza məlumatları mövcud deyildir, həmçinin onun adı “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” yoxdur. Qeyd olunan möhürlərin aşkar edilmə şəraiti və onun iş üzrə müqayisəli tədqiqata təqdim edilmiş X10 adına olan JN-2819A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üzərinə vurulmuş möhürlərdən fərqlənməsi həmin möhürlərin saxta olması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından, iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında olmadığından cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Bu qərar Şəki İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 04.12.2018-ci il tarixli, 2-1(84)- 1787/2018 nömrəli qərarını əvəz edir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar